Bir mübarək Ramazan ayının daha sonuna gəldik. Bu mübarək ayda oruc tutaraq, Rəbbimizin Quranda vacib buyurduğu bir ibadəti yerinə yetirdik. Hər günü bir bayram olan, ruhlara şəfa və rahatlıq gətirən Ramazan ayı Allahın razılığını qazanmaq üçün mühüm bir fürsətdir…
Ramazanın bu mənəvi tərəfi hər axşam dost və ailə məclislərində sevdiklərimizlə birlikdə açdığımız iftar süfrələri ilə daha da güclənir. Sevinclə hazırlanan süfrələr müxtəlif nemətlərlə bəzədilir və sağlamlıq, xoşbəxtlik, hüzur duaları ilə oruc açılır…
Biz sevdiklərimizlə birlikdə Ramazan ayını rahatlıq içində, Allahın bəxş etdiyi nemətlərlə keçirdiyimiz zaman unutmamalı olduğumuz bir həqiqət var: Dünyanın bir çox müsəlman ölkəsində orucunu açmaq üçün yemək tapa bilməyən, zülm və işgəncə altında əziyyət çəkən bacı-qardaşlarımızın var olması.
Buna görə də, sahib olduğumuz bütün gözəlliklərə görə Allaha şükür edərkən və daha çoxunu istəyərkən, mömin bacı-qardaşlarımızı da unutmamalıyıq. Quran əxlaqı bizə bütün nemətləri və gözəllikləri yalnız özümüz üçün deyil, eyni zamanda bacı-qardaşlarımız üçün də istəməyi və onlar üçün də dua etməyi öyrədir.
Allah, səmimi qəlbdən edilən dualara mütləq cavab verir. İnsanı yalnız bir su damlasından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir insanın duasını qəbul etmək çox asandır. Yeganə edilməli olan şey imanla, səbir və səmimiyyətlə, Allaha güvənərək Ondan diləməkdir.
Dinimizin əsası olan birlik, qardaşlıq, sevgi, incə düşüncə və hörmət ruhunu əks etdirən ən gözəl dövrlərdən biri Ramazan ayıdır. Ramazan ayında, bəlkə də çoxları fərqinə varmadan, “mən” olmaqdan çıxıb “biz” olmaq üçün çalışır. Qurulan iftar süfrələri, məscidlərdə keçirilən görüşlər, yardımlaşmalar – hamısı bu “biz” olmağın gözəlliyidir. Allah üçün birlikdə tutulan orucun həm mənəvi, həm də maddi cəhətdən gözlənilməz bir bərəkəti var. Bu mübarək ayda birgə dua etmək də məhz buna görə önəmlidir.
Zülmün dayanmasını istəyən bütün müsəlmanlar İslam dünyasının xilas olması üçün belə dua etməlidirlər: “Ya Rəbb, müsəlmanlar arasındakı ayrılıqları aradan qaldır, yer üzündəki fitnəni bitir, iman edənlərin birliyini sürətləndir, bütün bacı-qardaşlarımızı bizə verdiyin nemətlərlə, hətta daha artığı ilə nemətləndir!” Eyni zamanda, möminlər arasındakı yardımlaşmanı artıracaq hər cür fəaliyyətə və işə dəstək olmaq, feili dua üçün mühüm bir addımdır.
Bütün müsəlmanların qardaş olduqlarını dərk etmələri və bunu anlamaları üçün Ramazan ayı gözəl bir fürsətdir. Ramazan müsəlmanlar üçün rəhmət, təmizlənmə və bərəkət ayıdır. İman edənlərin həmrəyliyini gücləndirir, birlik olmağın bərəkətini, paylaşmağın gözəlliyini xatırladır. Birlik və həmrəylik, möminlər arasındakı sevgi bağını gücləndirərək, onların bir-birinə daha möhkəm bağlanmalarına və bütün problemlərə birlikdə həll yolu tapmalarına imkan yaradır.

