Qürur və eqoizm

Quran əxlaqını yaşayanların ən nəzərə çarpan xüsusiyyətlərindən biri təvazökarlıqları və həlim

Quran əxlaqını yaşayanların ən nəzərə çarpan xüsusiyyətlərindən biri təvazökarlıqları və həlim xasiyyətli olmalarıdır. Onlara bir çox nemətin qapısını açan, Allahın dünya həyatında insanlar üçün yaratdığı gözəlliklərdən lazımınca zövq almalarını təmin edən də məhz bu təvazökar əxlaqlarıdır. Təvazökar xarakterlərindən ötrü cənnətdəki ən gözəl nemətlərdən biri olan sevgini dünyada da ən dərin şəkildə yaşaya bilən insanlardır. Bir insanın seviləcək xüsusiyyətlərini bütün təfsilatları ilə görə bilərlər; qəlbindəki sevgilərini qarşı tərəfə bütün səmimiyyətləri ilə göstərə bilən, eyni zamanda gözəl əxlaqına görə özləri də çox sevilən insanlardır.

Şeytanın təsirinə düşənlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri isə qürurlu və eqoist olmaları, öz mənliklərini böyük və dəyərli hesab etmələridir. Şeytan, cənnətdən qovulmasına səbəb olan bu xüsusiyyətini insanlara da aşılayıb onların da Allahın rəhmət və nemətlərindən məhrum olmalarını istəyər. Getdikcə böyüyən qürur və böyüklənmə duyğuları onların ətrafındakı insanlara, nemətlərə və gözəlliklərə sevgi bəsləməsinə mane olar. Zamanla insanı bürüyüb əhatə edər və insanın təxmin edə bilməyəcəyi ölçülərə çatar. Allah bu insanların qəlbindəki böyüklənmə arzusunun heç vaxt nail ola bilməyəcəkləri bir istək olduğunu belə bildirir:

…Onların qəlblərində özünə nail ola bilməyəcəkləri böyüklük (istəyin)dən başqası yoxdur… (Mümin surəsi, 56)

Lakin qürur və böyüklənmə Quranda; “Ona: “Allahdan qorx!” deyildiyi zaman, təkəbbürü onu günaha sürükləyər, əhatə edər. Belə insana cəhənnəm kifayət edər. O nə pis məskəndir!” (Bəqərə surəsi, 206) ayəsi ilə bildirildiyi kimi, Allahın bəyənmədiyi davranışdır.

İnsanın heç vaxt nail ola bilməyəcəyi böyüklük duyğusu ilə yaşaması, həmişə özünü, hər şeydən və hər kəsdən daha çox sevməsi və həmişə mənlik duyğusu ilə hərəkət etməsidir. Öz mənliyinə və nəfsinə olan sevgisi o qədər böyükdür ki, onun istəklərini yerinə yetirmək bu insan üçün hər şeydən daha əhəmiyyətli olar. Bu mövzuda şüursuz cəsarət göstərər.

Bu yolda sevdiyi insanları da asanlıqla gözdən çıxara bilər, nəfsinin eqoist həvəsləri üçün asanlıqla bu insanlara qarşı mənfi davrana bilər.

Belə insanların özlərinə qarşı duyduğu sevgi elə şiddətlidir ki, eqoist olduqlarına görə seviləcək yüzlərlə üstün xüsusiyyətə sahib olan möminlərə qarşı sevgisiz və etinasız davranarlar. Möminlərin dünyada ən çox sevə biləcəkləri, ən yaxın dost ola biləcəkləri və ən çox güvənə biləcəkləri insanlar olduqlarını bilmələrinə baxmayaraq, yenə də onlara lazımi qədər sevgi göstərə bilməzlər.

Vicdanları onlara gözəl əxlaqın tələbini ilham etdiyi halda, sırf nəfslərinin eqoist istəklərini yerinə yetirə bilmək üçün şüurlu şəkildə sevgi göstərməkdən qaçırlar. Bunu bəzən yenə bir etiraz üsulu, bəzən həmin insana qarşı qəzəbin, küskünlüyün, qısqanclığın ifadəsi, bəzən də təkcə böyüklük hisslərinin tələbi olaraq edərlər. Bundan gizli etiraz və səssiz mesaj kimi istifadə edər və bu yolla istədikləri nəticəni əldə edəcəklərini zənn edərlər.

Əlbəttə, iman edənlər arasında belə davranışın qəbul edilməsi qeyri-mümkündür. İman edənlər arasında qəbul ediləcək davranış, təkcə Quran əxlaqına uyğun olandır. Allahın Quranla insanlara bildirdiyi əxlaqı yaşayıb istəklərinə nail olmağa çalışan insanlar Allahın icazəsi ilə müvəffəqiyyət qazanarlar. Əks halda isə etdikləri şeytani davranışlarının zərəri özlərinə əziyyət verməkdən başqa heç nə edə bilməzlər. Allahın bəyəndiyi əxlaqı yaşamaq əvəzinə, şeytana tabe olmalarının qarşılığı olaraq belə çətin həyat yaşayarlar.