Təəccüblüsü odur ki, bəzi şəxslər baş örtüyünü qətiyyətlə müdafiə etməklə bunu sanki dinin əsas simvolu kimi qələmə verirlər, eyni zamanda isə Qurandakı cilbab hökmündən heç bəhs etmirlər. Həqiqətən də, Rəbbimizin təqvanı üstün tutduğu halda, dindarlığın ölçüsünü baş örtüyündə görüb üstünlüyü bunda axtaranlar nədənsə Qurandakı cilbab mövzusundan heç bəhs etmirlər. Quranda baş örtüyünə dair heç bir hökm olmadığına və cilbab barədə açıq hökm olduğuna baxmayaraq, Quranda olmayan hökmü müdafiə etməyə çalışırlar. Baş örtüyünün gündəmdə saxlanılması və dünya miqyasında, ümumiyyətlə, cilbabdan heç bəhs edilməməsi doğurdan da təəccüb doğurur.
Bir qadın baş örtüyü də taxa bilər, çarşab da geyinə bilər. Yaxud da başı açıq da ola bilər. Müsəlman olduğunu dedikdən sonra heç kimin onu mühakimə etmək hüququ yoxdur. Hansının daha təqvalı olduğu ancaq Allah qatında bəllidir. Dində ölçü geyim deyil, səmimiyyətdir. Çarşablı bir adam səmimiyyətsiz olub cəhənnəmə gedə bilər, eyni zamanda başı açıq qadın da cənnətə layiq ola bilər. Bunun hökmünü ancaq Allah verir.
Allah Qurana görə üstünlüyün xarici görünüş və ya geyimdə deyil, təqvada (Allah qorxusu ilə davranışda) olduğunu ayədə belə bildirir:
“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə, düşünüb ibrət alasınız.” (Əraf surəsi, 26)
İman qəlbən yaşanır. İman bir insanın gözəl əxlaqı, mədəniyyəti, keyfiyyəti, elm və incəsənət anlayışı, bir sözlə, hər şeyi ilə özünü göstərir. Buna görə də insanları xarici görünüşü ilə deyil, əxlaqı ilə dəyərləndirmək əsasdır.
Xarici görünüşün heç bir fərqi yoxdur, müsəlman olduğunu deyənlərin hamısı nur kimi dəyərli müsəlmandır. Heç birinin arasında ayrı-seçkilik etmək doğru deyil. Heç kimin ayrı-seçkilik etməyə haqqı yoxdur.

