Bu gün özünü müsəlman adlandıran bir çox insan Allahın onlardan nə istədiyini və həqiqi müsəlman olmaq üçün nə etməli olduğunu bilmir. Çünki həyatında bir dəfə belə Allahın ona göndərdiyi müqəddəs kitabı oxumamışdır. Halbuki Allah Quranı insanları nə üçün yaratdığını və onlardan nə istədiyini bildirmək üçün nazil etmişdir. Allahı tanımaq, Onun razılığını qazanaraq cənnətinə qovuşmaq istəyən insanlar Quranı çox yaxşı bilməlidirlər.
Lakin cahil cəmiyyətlərdə Qurana münasibət çox vaxt yanlış olur. Bəzi insanlar Quranı yalnız oxuyar, lakin Allahın verdiyi öyüdlər üzərində düşünməz, onları özlərinə aid etməz və həyatı boyu tətbiq etməzlər. Quran oxumaq ibadətdir, lakin Quran Allahı tanımaq, Onun buyurduqlarını öyrənmək və həyata keçirmək üçün oxunar.
Bəzi insanlar isə Quranın yalnız dua kitabı olduğunu zənn edərlər. Dua edərkən Qurandan əzbərlədikləri ayələri mənasını anlamadan oxuyarlar. Şübhəsiz ki, Quranda Allah peyğəmbərlərin dualarından nümunələr vermiş və möminlərin bu duaları örnək götürmələrini bildirmişdir. Lakin Quranı yalnız dua kitabı kimi qəbul etmək yanlış və natamam bir yanaşmadır.
Allah Quranı möminlər üçün bir hidayət rəhbəri olaraq nazil etmişdir. Quran açıq-aşkar ayələri ilə insanları qaranlıqlardan nura çıxarar. Allah Quranın bu xüsusiyyətini belə bildirir:
… Həqiqətən, Allahdan sizə bir nur və açıq-aydın bir Kitab gəlmişdir. Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər. (Maidə surəsi, 15-16)
… (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır. (İbrahim surəsi, 1)
Bəzi insanların Quran haqqında başqa bir yanlış düşüncəsi də onun yalnız keçmiş ümmətlər üçün nazil edildiyini zənn etmələridir. Halbuki zamanın keçməsi, texnologiyanın inkişaf etməsi, kosmos və ya kompüter dövründə yaşamağımız həqiqəti dəyişdirməz. Təxminən 1400 il əvvəl yaşamış insanlarla bu gün yaşayan və gələcəkdə yaşayacaq insanların ehtirasları, arzuları, dünyaya baxışları və səhvləri mahiyyət etibarilə eynidir. Bunların yerinə qoyulmalı olan doğru məlumat mənbəyi isə hər zaman Qurandır.
Allah Qurana tabe olmamaq üçün onu “keçmiş insanların nağılı” adlandıran insanları cəhənnəm ilə xəbərdar edib qorxutmuşdur:
Ayələrimiz ona oxunduğu zaman: “Bu, əvvəlkilərin əfsanələridir!” – deyər. Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlbini bürümüşdür (kirlətmişdir). Xeyr! Həqiqətən, o gün onlar Rəbbindən (Onu görməkdən) məhrum ediləcəklər. Sonra şübhəsiz ki, onlar cəhənnəmə girəcəklər. (Mutaffifin surəsi, 13-16)

