Quranı dərin düşünək

Quran Allahın bütün insanlara göndərdiyi axırıncı kitabdır

Quran Allahın bütün insanlara göndərdiyi axırıncı kitabdır. Dünyada yaşayan hər insan Quranı öyrənmək və bildirilən əmrlərə əməl etməklə məsuldur. Ancaq insanların böyük bir hissəsinin, Quranı mübarək kitab kimi qəbul etməsinə baxmayaraq, onu öyrənməz və Allahın Qurandakı əmrlərinə əməl etməzlər. Bu, Quran barəsində heç düşünməmiş olmalarının, Quranı qulaqdan dolma məlumatlarla tanımalarının nəticəsidir. Düşünən insan üçün Quranın əhəmiyyəti və insan həyatındakı yeri isə çox böyükdür.

Hər şeydən əvvəl “düşünən” insan, özünü və kainatı yoxdan yaradan, hələ heç bir şey deyilkən həyat verən, saysız nemət və gözəllik bəxş edən yaradıcımızı tanımaq və Onun nələrdən razı olacağını öyrənmək istəyər. Allahın elçisi vasitəsi ilə göndərdiyi Quran, insanın bu suallarına cavab verən bir rəhbərdir. Bu səbəblə də insan Allahın insanlara rəhbər olaraq endirdiyi, doğru ilə yanlışı bir-birindən ayıran kitabını çox yaxşı bilməli, hər bir ayəsinin üzərində düşünərək, Allahın əmrlərini ən doğru və ən gözəl şəkildə tətbiq etməlidir. Allah Quranın insanlara nə məqsədlə göndərildiyini belə xəbər verir:

Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.. (Sad surəsi, 29)

Həqiqət (budur ki), o (Quran,) əlbəttə, bir öyüddür. Artıq kim istəsə, öyüd alıb düşünər. (Muddəssir surəsi, 54-55)

Bir çox insan Quranı oxuyar, ancaq əhəmiyyətli olan Allahın ayələrində də bildirdiyi kimi oxunan hər Quran ayəsinin üzərində düşünmək, o ayədən öyüd-nəsihət qəbul etmək və davranışlarını bu nəsihətlər əsasında düzəltməkdir. Məsələn, Quranda xəbər verilən, “sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir…” (İnşirah surəsi, 5-6) ayələrini oxuyan bir insan, bu ayə üzərində düşünər. Allahın hər çətinliyin ardından bir asanlıq yaradacağını, elə isə hər hansı bir çətinliklə qarşılaşdığında tək edəcəyi şeyin Allaha təvəkkül edərək, ardından gələcək asanlığı gözləmək olduğunu anlayar.

I Allah bizə Quranda keçmişdə yaşamış elçilərin həyatından bəzi məlumatları da çatdırır ki, bu insanlar Allahın razı olacağı bir insanın davranışlarının, danışıqlarının və həyatının necə olduğunu görsünlər və nümunə götürsünlər. Allah, elçilərin həyatı ilə əlaqəli qissələrin üzərində düşünülməsinin və insanların bu qissələrdən öyüd almasını bəzi ayələrdə belə bildirir:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Yusif surəsi, 111)

Musanın əhvalatında da ibrət (düşündürücü dəlillər) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik. (Zəriyət surəsi, 38)

Biz onu və gəmidə olanları xilas edib, bunu bir möcüzə (ibrət götürüləcək hadisə) etdik. (Ənkəbut surəsi, 15)

Quranda keçmiş qövmlərin bəzi xüsusiyyətlərindən, sahib olduqları əxlaqdan və başlarına gələn fəlakətlərdən də bəhs edilir. Bu mövzularla əlaqəli ayələri, yalnız keçmiş cəmiyyətlərin başlarına gələnlərin çatdırıldığı tarixi hadisələr kimi oxumaq böyük səhv olar. Çünki, Allah bizə digər bütün ayələr kimi keçmiş qövmlərdən bəhs edilən ayələri də üzərində düşünməyimiz və bu qövmlərin başlarına gələnlərdən ibrət götürərək davranışlarımızı düzəltməyimiz üçün bildirmişdir.

And olsun, Biz sizin kimiləri məhv etdik. Lakin ibrət alan vardırmı? (Qəmər surəsi, 51)

Allah Quranı bütün insanlara rəhbər olaraq endirmişdir. Buna görə də, Quranın hər ayəsi üzərində düşünmək və hər bir ayədən bir ibrət və öyüd alaraq, Qurana görə yaşamaq, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağın yeganə yoludur.