Bəzi insanlar yaşadıqları dövr və cəmiyyətin şərtlərini özlərinə meyar qəbul edər və əksəriyyətini qəbul edib tətbiq etdiyi qaydaları mütləq həqiqətlər zənn edərək Quranı qiymətləndirməyə çalışarlar. Bu cür insanlar Qurana etiraz etməyə cəhd göstərənlərin məlumat, anlayış və mədəni səviyyə cəhətdən ən alt, ancaq ən çoxluq təşkil edən seqmentini əmələ gətirər.
Bu cür insanlara, hər cür peşə qrupunda və ictimai mühitdə rast gəlmək mümkündür. Çox düşünməyən, hər hansı bir dünya görüşü olmayan, gününü gün etməyə ya da həyatını qazanmağa çalışan geniş bir seqmenti əmələ gətirərlər. Kiçik hesablar, bəsit zövqlər və mənfəətlər ardınca getdiklərindən, öz zəif ağıllarına görə, Quranı mənfəət və zövqlərinə mane törədəcək, guya kefini pozacaq, azadlığını məhdudlaşdıracaq, sadə həyat və ümidlərini dəyişdirəcək, qurduqları sistemi pozacağını zənn edərlər və primitiv məntiqlə Allahın ayələrinə qarşı çıxmağa çalışarlar.
Bu seqmentin mənsubları Quran ya da din haqqında, ümumiyyətlə, özləri düşünüb tapmadıqları lakin ordan-burdan eşidib mənimsədikləri klassik ağıldan kənar qəlibləri irəli sürərlər. Əksərən, “21-ci əsrdə…”, “bu dövrdə…”, “kosmik dövrdə…”, “qərbdə…” və s. kimi qəliblərlə başlayan cümlələr quraraq Quran haqqında ağılsız və cahil şərhlər edərlər.
Müasir dövrümüzün həyat şərtləri ilə Quranda bildirilən həyat modelinin uyğunlaşmadığını irəli sürərək Quranın hökmləri haqqında həqiqətdən kənar səhv şərhlər edərlər. Məsələn, gündəlik həyat tempi ilə oruc tutmağın, dövrümüzün iqtisadiyyat anlayışı ilə faizin haram olmasının, müasir qadın-kişi əlaqələri ilə zinanın qadağan edilməsinin uyğun gəlmədiyi kimi ağıl və məntiqdən kənar iddialar irəli sürərək Quranın hökmlərini öz aləmlərində tənqid etməyə çalışarlar.
I Quranda bildirilən ibadətlər, hökmlər, qadağalar haqqında cahil və səthi məntiqlərdən istifadə edərlər. Hikmətlərini başa düşmədikləri hökmlər, mənalarını qavraya bilmədikləri ayələr haqqında ağılsız müzakirələr edər və heç bir əsaslı məntiq ehtiva etməyən iddialarını israrlı şəkildə müdafiə edirlər.
“Həyatın həqiqətləri” adını verdikləri cəmiyyətin əksəriyyətinin həyat tərzi və dünya görüşünü mütləq doğru qəbul edir və bunları meyar qəbul edərək öz aləmlərində Quranda səhv və ya çatışmazlıq axtarmağa cəhd edərlər. Halbuki, meyar qəbul etdikləri bu anlayışların nə elmi, nə də məntiqi heç bir dəyəri yoxdur. Mütləq həqiqətlər, həyatın həqiqətləri, əsrin tələbləri zənn etdikləri anlayışlar, topluluq psixologiyası ilə bir-birlərini ovutduqları, özlərini aldatdıqları mənasız düşüncələrdir.
Bütün gücünü çoxluqdan alan, çoxluğa tabe olmaqla doğru yolda olduğunu zənn edən bu şüursuz seqmentin həqiqətdə nə qədər azğın bir yolda olduğu Quranda bizə xəbər verilir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

