Uca Rəbbimizin hökmünə əsasən, müsəlman yalnız Qurandan hesaba çəkiləcək. Bununla belə, Peyğəmbərimizin (səv) Qurana əsaslanan əməllərini və ya möcüzələrini bilmək böyük nemətdir. Hədislərə tabe olmaq müsəlmana fərz deyil, lakin Peyğəmbərimizin (səv) söz və əməlləri, gələcəyə dair verdiyi müjdələr əhəmiyyətli yol göstəricidir. Elə buna görə də doğru sözü səhv olandan ayırmaq və dövrümüzə qədər gəlib çatan hədisləri aydınlaşdırmaq çox əhəmiyyətlidir. İslam cəmiyyətlərinin bir çoxunun problemi isə budur ki, Quranı tamamilə tərk edib yerinə uydurma hədisləri yol göstərici kimi qəbul edirlər.
Saxta hədislər dini qaynaqlarda “məvzu” hədislər kimi də adlandırılır və bu terminin mənası budur: hz. Muhəmmədin demədiyi sözü yalan və iftira yolu ilə ona aid etmək. Yəni saxta hədis hz. Muhəmmədə aid olmadığı halda, qəsdən onun hədisi kimi qələmə verilir.
Müsəlmanların bir qismi illər boyu saxta hədislərə və bir çox din adamlarının dinə əlavə etdikləri xurafatlara əsaslanaraq Qurandan sistemli şəkildə uzaqlaşıblar. Həmin saxta hədis və icmalara (bəzi din adamlarının ortaq şəriət hökmləri) əsasən, Quranda olmayan bir çox əməl din adından yayılmışdır. Həmin əməllər o qədər çətindir ki, bir çoxları Quranı toxunulmaz hala gətirmişdir.

