“Cihad” sözünün kökü “cəhd” kəlməsidir. Ərəbcə çalışmaq, cəhd göstərmək, əzm, fədakarlıq göstərmək kimi mənalar ifadə edir. Bununla belə, insanın öz nəfsinə hakim olması kimi mənası da var. Bu təriflərdən belə başa düşürük ki, İslamda cəhd qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pislikdən uzaqlaşdırmaq deməkdir. Bunları etməklə yanaşı, insan həm də öz nəfsini tərbiyə etməli, kin və qəzəbdən uzaq durmağa çalışmalıdır. Yəni cəhd edən müsəlman özünü tərbiyə etməklə yanaşı, yaxşı və gözəl olan əməlləri başqa insanlara da öyrətməlidir. Sevgini, sülhü, şəfqəti yayıb insanları pislikdən çəkindirmək üçün onlara fədakarlıqla təbliğ etməli və öz əxlaqı ilə də nümunə olmalıdır.
Quranın heç bir yerində “cəhd” kəlməsi bunlardan başqa mənalarda istifadə olunmamışdır. Odur ki, Qurana isnad etdiklərini deyib cihad adından qətliam törədənlər ya yalan danışırlar, ya da səhv yöndə təlim-tərbiyə alıblar.
Hazırda cihad adı altında insanları qətlə yetirənlər, intihar hücumu ilə öz canına qıyanlar, müharibəyə təşviq edənlər Qurana görə, haram iş görürlər. Lakin həmin insanların böyük qismi Qurana zidd davrandıqlarını bilmirlər. Çünki onlar din adından aldadılıblar. Onlara inandırılan dində sevginin yerinə nifrət, şəfqətin yerinə qəzəb, qardaşlığın yerinə düşmənlik, gözəlliyin yerinə kabus, incəsənət və elmin yerinə isə cəhalət hakimdir. Belə bir dinə inanan adama silah verib: “Bu topluluq sənin düşmənindir, onlara hücum etməlisən”, –deyərək onu qızışdırmaq çox asandır. Qəzəb və kin cəmiyyətləri meydana gətirmək o qədər çətin iş deyil.
Radikalların böyük hissəsi öz əməllərini cahillik üzündən edirlər. Həqiqi dindən xəbərləri yoxdur. Hətta bir çoxları Quranı, ümumiyyətlə oxumayıblar. Buna görə də adam öldürməklə cihad etdiyini düşünənləri qınamaq, lənətləmək, təhdid etmək, hətta həbs etmək belə heç bir işə yaramır. Belə bir problem qarşısında yanlış təlim-tərbiyə davam etdiyi müddətcə əməllərindən bixəbər olan radikalların mövcud olacağını qəbul etmək məcburiyyətindəyik. Problemin belə olduğu qəbul edilərsə, cihad adı altında vəhşilik edənlərin yeganə ehtiyacının doğru təlim-tərbiyə olduğu da başa düşülər.

