“Şəriət” sözünün mənası yol deməkdir. Bir müsəlman Qurana baxmaqla hansı yolu gedəcəyini müəyyən edə bilər. Quranda haramlar olduqca azdır və qəti hökmlərlə bildirilmişdir. Mübahisə və şərhə açıq deyildir. Məsələn, adam öldürmək, zina etmək, faiz almaq, donuz əti yemək Quranda qəti ifadələrlə bildirilmiş haramlardır. Bu, Quranın əhəmiyyətli xüsusiyyətidir. Ayələri öz istəklərinə görə şərh edərək haram çıxarmağa çalışanlar daima öz bildiklərini ediblər. Halbuki Allah haramları qəti hökmlərlə qadağan etmişdir.
Allah həm də Quranda İslam adından halal-haram anlayışları çıxaran şəxslərin olacağını xəbər verir:
Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)
Peyğəmbərimizin (s) dövründən sonra ayənin təsviri ilə Allaha qarşı yalan uyduran topluluqlar ortaya çıxmışdır. Bu topluluqlar Qurana tabe olmadıqlarına görə istədikləri şeylərə halal və ya haram deyiblər. Lakin elə topluluq da vardır ki, Allah onların bu xüsusiyyətlərini ayrıca vurğulayır. Onlar halal olan gözəllikləri haram edirlər:
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)
I Quran şəriəti sevgi və hörmət deməkdir; başqa düşüncəyə malik olanlara qarşı şəfqətli olmaqdır. Quran şəriəti demokratiyanı əsas götürür və fikir azadlığını dəstəkləyir. Quran şəriətində insanlar bilgili və təhsillidirlər, qarşı fikirlərə hörmətlə yanaşırlar. Eyni zamanda müasir, keyfiyyətli, ümid dolu həyat yaşayırlar, birlik, dostluq və sevgi kimi dəyərlərə əhəmiyyət verirlər. Quran şəriətində nifrət, dözümsüzlük, münaqişə, kobudluq, təhdid və təzyiq kimi mənfi xüsusiyyətlər yoxdur.
Hal-hazırda bu təsvirlər əsasındakı Quran şəriətinə uyğun İslam ölkəsi varmı? Əlbəttə, yoxdur. Bu şəriət Peyğəmbərimizin (s) dövründən bəri tətbiq olunmamışdır. İndiki dövrdə şəriətlə idarə olunduğunu deyən ölkələr və ya şəriət gətirmək istəyən bir çox vəhşi qruplaşmalar İslamın əvəzinə, xurafat dininin əsaslarını tətbiq edirlər. Bunlar uydurma hədisləri rəhbər tutub Quranı tərk edirlər.

