Quranda bir çox elmi həqiqətə aydın və ya dolayı olaraq işarə edilir. Kainatın meydana gəlişindən insanın yaradılış mərhələlərinə, yağışın meydana gəlməsindən qitələrin hərəkətinə qədər bir çox mövzudan Quranda, Allahın yaratmasındakı üstünlüyün və bənzərsizliyin nümunəsi olaraq bəhs edilir. Ancaq Quran əlbəttə ki, elm kitabı deyildir. Quranda çox vaxt açıq və dəqiq bir üslubla bəhs edilən elmi mövzular bəzən də bənzətmələr, işarələr, üstüörtülü şəkildə göstərilir. Elmi mövzular haqqında çox məlumatı və təməli olmayan, incə bir qavrayışdan uzaq bəzi ön mühakiməli insanlar isə bu cür ayələrin hikmətini qavramadıqlarına görə öz aləmlərində Qurana etiraz edirlər.
Mövcud elm və texnologiya səviyyəsi ilə hələ izah edilməmiş ayələri inkar etmək isə pis niyyətli insanların xüsusiyyətidir. Quranda bu insanlardan belə bəhs edilir:
Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?” (Nəml surəsi, 84)
I Qurana qərəzli şəkildə yaxınlaşan belələrinin məqsədi onsuz da öz aləmində Quranda ziddiyyət axtarmaq olduğundan, ağlının kəsmədiyi, məlumatının çatmadığı hər hansı bir ayəni, öz zəif ağlına görə Quranın ziddiyyəti zənn edər. Halbuki, Quranda, endirildiyindən bəri yüzlərlə ildir ki, mənası gizlənmiş və ancaq indiki vaxtda aydın olmuş elmi ayələr olduğu kimi, daha sonrakı tarixlərdə aydın olacaq, bu gün hələ mənası aydın olmamış elmi ayələr də ola bilər. Məsələn, Quranda maddə nəqli və qoxu nəqli ola biləcəyinə işarə edilir. Müasir dövrün texnologiyası ilə hələ mümkün olmasa da bu iki mövzu, elm-fantastikanın gündəmində, gələcəyin texnologiyası olaraq çoxdan özünə yer tutmuşdur. Bunlarla əlaqədar Qurandakı ayələr belədir:
– Hz. Süleymanın yanındakı elm sahibi bir şəxsin Səba məlikəsi Bəlqisin taxtını yüzlərlə kilometr məsafədəki sarayından bir anda gətirməsi:
Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”
Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”. (Nəml surəsi, 38-40)
– Hz. Yaqubun, oğlu hz. Yusifin qoxusunu kilometrlərlə uzaqdan duyması:
Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 94)
Qiyamətə qədər qüvvədə qalacaq, bütün dövrləri əhatə edən üstün bir elmin gizli olduğu Quranın bəzi ayələrinin verdiyi mənaları bugünkü elmin səviyyəsi ilə başa düşə bilməmək çox təbiidir. Müasir dövrümüzün elm və texnologiyası hələ yetərli səviyyəyə çatmamışdır, elm inkişaf etdikcə Quran ayələrindəki elmi həqiqətlərə işarə edən “qatlanmış mənalar” daha da yaxşı aydın olur.

