Əsrlər boyu kitab əhlinə qarşı şiddətlə düşmənlik bəsləyən müsəlman cəmiyyətləri yenə saxta hədislərdən təsirləniblər. Peyğəmbərimizin adından rəvayət edilən bu saxta hədislərə görə müsəlmanlar Quranda təriflənən kitab əhlini görməzdən gəliblər. Onların müsəlmanların himayəsi altında yaşamalı olduqları həqiqətindən demək olar ki, bixəbər olublar. Bu yanlış düşüncəyə görə səmimi xristian və musəvilərdən bəhs edilən Quran ayələrini belə inkar ediblər. Quran ayələrini inkar etmək isə İslama görə dindən çıxmaq mənasına gəlir ki, buna belə əhəmiyyət verməyiblər.
Xristianlıq və musəvilik İslamdan əvvəl göndərilən haqq dinlərdir və müsəlmanlar Qurana görə, bütün haqq dinləri və haqq peyğəmbərləri qəbul etməklə məsuliyyət daşıyırlar. Ayədə belə vurğulanır:
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)
Şübhə yoxdur ki, bu haqq dinlər belə xurafatçılar tərəfindən zamanla yanlış şərh olunmuş, yazdıqları kitablarda əks olunmağa qədər gedib çıxmışdır. Lakin biz Qiyamətə qədər pozulmayacaq Qurana baxanda anlayırıq ki, xristianlıq və musəvilik (Kitab əhli) dinlərinin ilkin və orijinal variantlarına iman etməliyik və buna görə davranmalıyıq.
Quranda kitab əhli bir çox ayədə təriflənsə də, onlara qarşı həddən artıq düşmənlik siyasəti yürüdən bəzi müsəlman cəmiyyətləri (xurafatçılar) Quran müsəlmanlığının deyil, uydurulan xurafat dininin təmsilçiləridir. Bəziləri bu xətaya bilərək düşür, bəziləri də bilmədən.
Ümumiyyətlə, xurafatçılar və İslam düşmənlərinin musəvi və xristianların əleyhinə dəlil kimi göstərdikləri Quran ayələrindən biri Maidə surəsinin 51-ci ayəsinin səhv tərcüməsidir. Onların səhv tərcüməsi bu cürdür:
“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dostlar (vəli) tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.”
Doğru tərcümə isə belədir:
Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim təyin) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz. (Maidə surəsi, 51)
Ayədə “dost” sözü iki dəfə işlənir. “Yəhudi və xaçpərəstləri dostlar (vəli) tutmayın!” ifadəsində işlənən və “dostlar” şəklində tərcümə olunan kəlmənin ərəbcəsi “evliyau” sözüdür. Bu kəlmənin həqiqi mənası “qoruyucular, qanuni yöndən vəzifəsi olanlar, övliyalar, sahiblər, maliklər” şəklindədir. “Sizlərdən kim onları dost tutarsa” ifadəsində işlənən və yenə “dost” şəklində tərcümə olunan kəlmənin ərəbcəsi isə “yətəvəlləhum” sözüdür. Bu sözün mənası isə “idarəni ələ keçirən, hakim vəziyyətə gələn, nəzarəti öz üzərinə götürən” şəklindədir. Ərəbcə mənasına baxanda bu ayədə işlənən “dost” kəlmələrinin həqiqətdə İDARƏÇİ, RƏHBƏR mənasına gəldiyi asan şəkildə başa düşülür. Burada müsəlman dövlətində, ölkə rəhbərliyinə musəvi və xristian (qeyri-müsəlman) olan birisini gətirmək qadağan olunur.
Allahın hökmü çox açıq şəkildə ayədə yazıldığı halda, xurafatçılar bir çox ayəni səhv tərcümə elədikləri kimi, bu önəmli ayəni də səhv tərcümə ediblər və milyonlarla müsəlmanı aldadırlar. Süni şəkildə müsəlmanlar və Əhli Kitab arasında düşmənçilik salırlar. Tarixdə baxdıqda bir çox müharibə və iğtişaş bu cür saxta hədis və səhv tərcümələrlə, Allah adına yalan danışaraq olduğunu görmək mümkündür.

