Quran, ancaq dərk edən, düşünən, səmimi insanların mənasını qavraya biləcəyi bir kitabdır. Bu xüsusiyyətlərə sahib olmayan, yəni ağlını işlətməyən, düşünməyi bacarmayan, pis niyyətli insanlar Quranı bir növ idrak edə bilməz, sirlərinə, incəliklərinə nail ola bilməzlər. Allahın Quranda öyüd-nəsihət və ibrət götürməsi üçün verdiyi nümunələrdə də eyni vəziyyət hakimdir. Allah bir ayədə inkar edənlərin Quranda verilən nümunələri dərk edə bilmədiklərini, hətta bu cür nümunələrin onlar üçün doğru yoldan çıxma vəsiləsi olduğunu bildirər:
Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
İman gətirən bir insan ayədə bəhs edilən ağcaqanad nümunəsinin, Uca Allahın yaratmasındakı üstünlüyün dəlili olaraq verildiyini dərhal başa düşər. Bu bir santimetrlik kiçik həşərat, Allahın qüsursuz və bənzərsiz yaratmasının bir nümunəsidir. Ən inkişaf etmiş texnoloji cihazlardan, kompyuterlərdən belə çox kompleks sistemlərə, mexanizmlərə və strukturlara malikdir. Yaradıldığından bəri heç dəyişmədən dövrümüzə qədər gəlib çatmışdır. Allah, bu möcüzəvi canlını Quranda yaratma üstünlüyünə nümunə olaraq verir. Möminlər də bu nümunədən tək bir ağcaqanadın belə Allahın sonsuz elmini və gücünü hiss etməyə, düşünməyə açılan bir qapı olduğunu başa düşərlər. Ətrafındakı hər varlığa eyni hikmət gözüylə baxmağı öyrənirlər. İnkar edən ağılsızlar isə ayənin ifadəsiylə, “bu məsəllə Allah nə demək istədi?” deyərək çaşıb qalarlar.

