Quranda valideynlərə münasibət

İnsan, Quran əxlaqını yaşamağa başlamazdan əvvəl bütün həyatını Allahın kitabındakı

İnsan, Quran əxlaqını yaşamağa başlamazdan əvvəl bütün həyatını Allahın kitabındakı meyarlardan başqa müəyyən qaydalara görə yaşayar. Cahil cəmiyyətlərdə bir çox batil adətlər vardır ki, bu cəmiyyətin üzvləri digər insanlarla münasibətlərini bu batil meyarlar əsasında qururlar.

Halbuki insana Allahdan, Onun kitabından başqa doğru yol göstərən yoxdur. Bunu dərk edən insan, yəni mömin, cahiliyyə dövrünü tamamilə geridə qoymalı, orada qazandığı davranış nümunələrini tamamilə tərk etməli, yalnız Quranda bildirilən yolla getməlidir. Və şübhəsiz ki, ailəsi və ətrafı ilə münasibətlərində Quranda bildirilən üsulu tətbiq etməklə məsuldur.

Bəzi cəmiyyətlərdə ailə quruluşu iman üzərində qurulsa da, bəzi ailələrin Quran əxlaqını yaşamaq istəyən ailə üzvlərinə qarşı mənfi reaksiya olduğu müşahidə edilir. Bəzi ailələr övladlarının dini məsələlərə ən kiçik meylinə belə şiddətlə reaksiya verirlər. Ən maraqlısı odur ki, övladlarını din əxlaqından uzaq tutmaq üçün dinin bəzi hökmlərini təhrif etməyə çalışırlar.

Din əxlaqı ilə yaşamağa qərar verən övladlarını cəhalətə qaytarmaq üçün “valideynlərə tabe olmamaq, onları incitmək dinimizdə ən böyük günahdır”, “valideyn haqqı hər şeydən üstündür”, “haqqımı sənə halal etmərəm” kimi səhv yanaşmalar sərgiləyirlər. Bu cür səbəblərlə edilən psixoloji təzyiqlər islam dini haqqında hələ kifayət qədər məlumatı olmayan insanda səhv hərəkət etdiyi hissi verə bilər.

Halbuki, hər mövzuda olduğu kimi, bu məsələdə də mömin üçün ən yaxşı hərəkət Qurana müraciət etməkdir. Quran əxlaqında valideynə qarşı göstəriləcək münasibət çox açıqdır. Quranda ilk növbədə ata-ana ilə yaxşı və gözəl davranmaq tövsiyə olunur:

Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik… (Ənkəbut surəsi, 8)

Ancaq bu ifadə, valideynlərinizin hər istəyini yerinə yetirmək və ya hər məsələdə onlara baş əymək demək deyil. Ayədə buyurulan, valideynlərə qarşı hörmət etmək, həddi qorumaq, anlayışlı və şirin dilli rəftar etmək; incidici, qəlb qırıcı söz və hərəkətlərdən çəkinməkdir.

Ancaq bu, dini məsələlərdə, o cümlədən Allahın əmr və qadağalarında güzəştə getmək kimi bir münasibət deyil. Eyni ayənin davamında bu hörmət və anlayışın sərhədləri belə ifadə edilir:

…Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm. (Ənkəbut surəsi, 8)

Göründüyü kimi valideynlərin “Allahın əmr və qadağalarını deyil, mənim istəklərimi yerinə yetirməlisən” kimi bir istəyi qəbul etmək, onları Allaha şərik qoşmaq mənasını verər. Şübhəsiz ki, mömin üçün belə bir itaət heç vaxt mümkün deyil.

Ancaq Allah valideynləri imansız olsa belə, möminlərin dini məsələlərdə onlara itaət etməməklə yanaşı dünyəvi işlərdə gözəl, xoş və mehriban davranmağı tövsiyə edir:

Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm. (Loğman surəsi, 14-15)

Diqqət etsəniz, ata-ana ilə bağlı ayələrdə Allaha şərik qoşmamaq, Allahdan başqasına qulluq etməmək xüsusilə vurğulanır. Və yuxarıdakı ayədən də açıq şəkildə başa düşülür ki, itaət edilməli olan şəxs cəhalətə çağıran valideynlər deyil, “səmimi qəlbdən Allaha yönələn” şəxsdir.

Quranda göstərilən hekayələrdə keçmişdə yaşamış möminlərdən bəzilərinin ailələri və ya yaxın qohumları ilə imtahan edildiyini görürük. Onların arasında peyğəmbərlər də var. Məsələn, hz. İbrahim onu cəhalətə çağıran, hətta onu hədələyən atasına qarşı Quranda təsvir edilən “itaət etməmək, amma yaxşı yola getmək” üsulunu tətbiq etmişdir:

Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və elçi idi. Bir zaman o, atasına demişdi: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən? Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım. Atacan, şeytana ibadət etmə! Şübhəsiz, şeytan Rəhmana (Allaha) üsyan etmişdir. Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram. Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!” İbrahim dedi: Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. (Məryəm surəsi, 41-47)

Bundan əlavə, hz. Lut və hz. Nuhun zövcələri də kafir olmuşlar, bu səbəbdən Allah onları bir-birindən ayırmış və iman etməyən zövcələrini cəzalandırmışdır. Hz. Nuhun oğlu da imansız (kafir) idi və buna görə də, Allah hz. Nuha dedi: “Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir…” (Hud surəsi, 46) deyə xəbərdarlıq etdi.

Peyğəmbərimiz islamı yaymaq vəzifəsini yerinə yetirərkən yaxın qohumları tərəfindən düşmənçiliklə qarşılanmışdır. Öz əmisi Əbu Ləhəb böyük kin və nifrətlə Peyğəmbərimizə qarşı təbliğat aparmış, ona hər cür maneə və çətinlik yaratmışdı. İş o yerə çatdı ki, Əbu Ləhəbi lənətləyən xüsusi bir surə nazil oldu.

İslamın ilk yayılma dövründə bir çox müsəlman, Peyğəmbərimiz kimi ailələri tərəfindən müxtəlif reaksiyalara və zülmlərə məruz qalmış, lakin buna baxmayaraq dinlərindən heç vaxt uzaqlaşmayıblar. Onların qətiyyəti və səmimiyyətindən təsirlənən bir çox valideynlər də sonradan islamı qəbul etmişlər.

Möminlərin bu qədər qərarlı olmasının səbəbi, Quranda ağlın təşviq edilməsidir. Quranda hər hansı bir məsələyə emosional yanaşma tövsiyə edilmir. Müsəlman son dərəcə mehriban, sevgi dolu və mülayim bir insandır, lakin söhbət Allahın dininin tələblərinə və islamın mənafeyinə gəlincə, Quran ayələrini tətbiq etməkdə zərrə qədər də güzəştə getməz. Möminin meyarı Allahın rizasını ən gözəl şəkildə axtarmaq olduğuna görə heç bir mövzuya, heç bir şəxsə və heç bir şeyə qarşı mübtəlalığı və qərəzi yoxdur.

Emosionallığın təməlində yatan şey, sevginin səhv yönəldilməsidir. Həqiqi mömin sevgisini yalnız Allaha və Onun razı olduğu kəslərə yönəldər. Bunun xaricində, yəni Allahın rizası xaricində bəslənən sevgi Quranda “büt qəbul etmək” və ya “şərik qoşmaq” adlandırılan hal olur. Bu vəziyyət Quranda belə açıqlanır:

İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır.” (Ənkəbut surəsi, 25)

Ayədə bu şəkildə bildirilir:

Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız iman etmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır. De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz. (Tövbə surəsi, 23-24)

Quranda, Allahın əmrlərini yerinə yetirmək üçün evlərini və ailələrini tərk etmək məcburiyyətində qalan möminlərdən bəhs edilir. Onlardan biri də hz. Məryəmdir. Hz. Məryəmin gənc və müdafiəsiz olması, yalnız Allaha təvəkkül edib Onun rizasını qazanmaq məqsədilə tək başına, ailəsindən və qövmündən ayrılmasına mane olmurdu. Quranda hz. Məryəm haqqında bəhs edilərkən belə deyilir:

Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. (Məryəm surəsi, 16)

Quranda başqa bir misal isə, Kəhf hekayəsində adı çəkilən gənclərdir. Onlar, qövmləri Allaha qarşı üsyan etdiklərinə görə onlardan ayrılmış və bir mağaraya sığınmışlar:

Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?! (Həmin gənclərdən biri belə dedi:) “Madam ki, onlardan və Allahı qoyub ibadət etdiklərindən uzaqlaşmısınız, onda dərhal mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən bəxş etsin və bu işinizdə ehtiyacınız olan şeyləri sizin üçün hazırlasın”. (Kəhf surəsi, 15-16)

Bir sözlə, əgər cahil cəmiyyətdən olan bir insanın ailəsi Quran əxlaqına sahib deyilsə və övladlarının Allahın rizasını axtarmasına mane olmağa çalışırsa, onlara həqiqəti gözəl şəkildə izah etmək lazımdır. Əgər bu izah kömək etməzsə, nəzakətli və səbirli davranmalı, lakin Quranda bildirildiyi kimi, Allaha şirk qoşmağa çağırırlarsa, onların sözlərinə əməl edilməməlidir.