Quranda təmizlik

Quran hər dövrə xitab edən kitabdır (2)

Quran hər dövrə xitab edən kitabdır. Quranda insanın həyatı boyu ehtiyac duyduğu mövzuların hamısı mövcuddur. Allahın bəndələrinə göndərdiyi bu kitabda ibadətlər, müsəlmanın ruh halı, gözəl əxlaq və çətin vəziyyətdə gözəl davranış, fiziki və mənəvi cəhətdən sağlam yaşamağın yolları, ölüm anı, hesab günündə yaşanan hadisələr, insanları gözləyən cənnət və cəhənnəm yazılıdır.

Allah insanı yaratmış və Öz Qatından göndərdiyi Quran vasitəsilə hər mövzu ilə bağlı ən faydalı həll yollarını göstərmiş, hər cür yol göstərici məlumatı vermişdir. Dolayısı ilə istənilən mövzunu araşdırarkən, Allahın ayələrinə və ayələrin göstərdiyi düşüncə metodlarına görə davranmaq lazımdır. Bir insan nə qədər təcrübəli olursa olsun və ya nə qədər yüksək mədəni səviyyəyə malik olursa olsun, məlumatı yenə də məhduddur. Çünki bütün məlumat Allaha aiddir, insan ancaq Onun dilədiyi və təqdir etdiyi qədər məlumata sahib ola bilər.

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə surəsi, 32)

Dünya həyatında gözəl yaşamaq istəyən insan hər şeyin ən doğrusunu bilən və hər şeyin yaradıcısı olan Allahın endirdiyi Quran əsasında yaşamalıdır. Bu səbəbdən, biz, təmizlik anlayışını öyrənmək üçün Allahın sözü olan Qurana yönələcəyik.

Çünki təmizlik Allahın hökmüdür və möminlərin ruhuna və yaradılışına ən uyğun olan davranış formasıdır. Buna görə də bir ibadət olaraq həyata keçirilən təmizlik möminlərə bir yandan da çox böyük zövq və rahatlıq verir. Allah möminlərin maddi və mənəvi yöndən təmiz olduqlarına bir çox ayəsində diqqət çəkmişdir. Quranda möminlərin təmizliyi ilə bağlı diqqət çəkilən mövzulardan bəziləri aşağıdakılardır:

Ruhun təmizliyi

Quranda diqqət çəkilən təmizlik anlayışı cahil cəmiyyətin bu mövzudakı anlayışlarından olduqca fərqlənir. Qurana uyğun olan təmizlik əvvəl ruhda yaşanır. Qurana uyğun olmayan bütün əxlaqi xüsusiyyətlərdən, pis düşüncələrdən və həyat tərzindən tamamilə uzaqlaşıb təmizlənmək insana mənəvi təmizlik bəxş edir.

Dolayısı ilə insanlar ruhundakı təmizlənməni maddi və mənəvi şəkildə bütün həyatına tətbiq edir və bu şəkildə də əxlaqında yaranan təmizliyi əks etdirmiş

Fiziki təmizlik

İman edən insanın istəyi dünyada da cənnət mühitinin bənzərini yaratmaqdır. Möminlər Allahın cənnətdə olacağını vəd etdiyi hər şeyi dünyada da mümkün qədər yaşamaya çalışırlar. Belə ki, cənnətlə bağlı verilən xəbərlərdən biri də oradakı insanların fiziki təmizliyidir. Cənnətdəki insanlardan bəhs edən ayələrdə onların “…qorunub saxlanılan mirvari kimi” (Tur surəsi, 24) olduqları xəbər verilmişdir. Bundan başqa, cənnətdə insanlar üçün “təmiz zövcələr” (Bəqərə surəsi, 25) olduğu da bir çox ayədə müjdələnmişdir.

Quranda Allah hz. Yəhyaya “…təmizlik bəxş etdik…” deyərək möminlərin təmizliyinə diqqət çəkmişdir(Məryəm surəsi, 13).

Bədən və geyim təmizliyi

Quranda möminlərin yalnız bədən təmizliyinə deyil, geyindikləri paltarların da təmiz olmasının vacibliyinə diqqət çəkilmişdir. Ayədə belə bildirilir:

Paltarını təmizlə. Pis şeylərdən uzaqlaş. (Müddəssir surəsi, 4-5)

Təmizlik və baxımlı olmaq mövzusunu vacib edən xüsusiyyətlərdən biri də insanın həm özünə, həm də möminlərə olan hörmətini əks etdirməsidir. Mömin sadəcə pis əməldən çəkinməklə kifayətlənməz, həm də yaşadığı dərin hörməti vurğulayan incəliklər də göstərər. Məsələn, bir insan çox təmiz paltar geyinərək qarşısındakı insana olan hörmətini göstərər. Allah Quranda belə buyurur:

Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin… (Əraf surəsi, 31)

Bu ayədən də məlum olur ki, həmişə təmiz və baxımlı olmaq və hər mövzudakı kimi ən yaxşısını axtarmaq Allahın bəyəndiyi davranışdır. Əksi ancaq cahil cəmiyyətin insanlarına məxsusdur.

Yaşadığın evin təmiz saxlanılması

Özlərini və geyimlərini təmiz saxlayan müsəlmanlar yaşadıqları mühitin təmizliyinə qarşı da son dərəcə diqqətli olarlar. Quranda bu mövzuda verilən nümunələrin biri hz. İbrahimlə bağlıdır. Allah hz. İbrahimə Kəbəni orada ibadət edən möminlər üçün təmiz saxlamağı əmr etmişdir:

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” (Həcc surəsi, 26).

Ayədən məlum olur ki, Allah o məkandan istifadə edən və orada Allahın rizasını qazanmaq məqsədilə ibadət edən şəxslər üçün həmin yerin təmizlənilməsini əmr edir.

Yeməklərin təmiz olması

Möminlərin diqqət etdikləri başqa bir mövzu da yeməklərin təmiz olanlarını seçmələridir. Bu, Allahın Quranda möminlərə bildirdiyi əmridir. Bu mövzuya diqqət çəkən bir çox ayədən bir neçəsi belədir:

“Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– (dedik)… (Bəqərə surəsi, 57)

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)

Allah möminlərin təmiz yeməkləri seçdiklərinə Əshabi-Kəhfdən bəhs etdiyi hekayədə də işarə etmişdir. Ayələrdə Kəhf əhlinin alış-verişdə təmiz qidalara yönəldiyi belə xəbər verilmişdir:

Dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin… (Kəhf surəsi, 19)