Quranda sülh

Qurana görə müharibə ancaq məcburi vəziyyətdə ediləcək və mütləq şəkildə insani və əxlaq

Qurana görə müharibə ancaq məcburi vəziyyətdə ediləcək və mütləq şəkildə insani və əxlaq çərçivəsi daxilində aparılacaq arzuolunmaz zərurətdir. Bir ayədə yer üzündə müharibə edənlərin inkarçılar olduğu, Allahın isə müharibəyə razılıq göstərmədiyi belə açıqlanır:

…Onlar nə zaman müharibə məqsədilə bir od yandırarlarsa, Allah həmin odu söndürər. Yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə törədənləri sevməz. (Maidə surəsi, 64)

Peyğəmbərimiz hz. Məhəmmədin həyatına baxanda da, müharibənin ancaq çətin vəziyyətdə və özünümüdafiə məqsədli olduğunu görürük. Quranın Peyğəmbərimizə vəhyi tam 23 il davam etmişdir. Bunun ilk 13 ilində müsəlmanlar Məkkə kimi bütpərəst quruluşun içində azlıq olaraq yaşayırdılar və çox böyük təzyiqlərlə üzləşirdilər. Bir çox müsəlmana fiziki işgəncələr edildi, bəziləri öldürüldü. Çoxunun evi və malları qarət edildi, həmişə təhqir və hədələrlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar zorakılığa əl atmadan yaşamağa davam edirdilər və bütpərəstləri həmişə sülhə çağırırdılar. Bütpərəstlərin təzyiqi dözülməz dərəcəyə çatanda müsəlmanlar daha azad və sərbəst bir şəraitin olduğu Yəsrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz hakimiyyətlərini qurdular. Öz siyasi quruluşunu bu şəkildə düzəltdikdən sonra belə, Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı silah istifadə etmədilər. Ancaq aşağıdakı ayənin vəhyindən sonra Peyğəmbərimiz ümmətinə müharibəyə hazırlıq üçün əmr verdi:

…Kafirlərin vuruşa başladığı insanlara, (onlarla) vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışdılar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir. Onlar ancaq “Rəbbimiz Allahdır”-dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. (Həcc surəsi, 39-40)

Qısaca, Allah müsəlmanlara müharibəni, təzyiq və zülmə məruz qalanda icazə vermişdir. Başqa sözlə, icazə verilən müharibə, sadəcə müdafiə məqsədli müharibədir. Başqa ayələrdə müsəlmanların lazımsız şiddətdən uzaq durmaları xəbərdar edilmişdir:

Sizinlə döyüşənlərlə Allah yolunda döyüşün. Ancaq həddi aşmayın. Əlbəttə ki, Allah həddi aşanları sevməz. (Bəqərə surəsi, 190)

Bu ayələrin vəhyindən sonra müsəlmanlarla bütpərəst ərəblərin arasında müharibələr reallaşdı. Bunların heç birində müsəlmanlar müharibəni başlayan tərəf olmadılar. Əksinə, Peyğəmbərimiz bütpərəstlərin bir çox tələbini qəbul edən sülh bağlamasını (Hudeybiyə sülhü) qəbul edərək, sülh və təhlükəsizlik şəraiti təmin etdi və bütpərəstlərlə sülh içində yaşanacaq bir ictimai quruluş tərtib etdi. Müqaviləni pozan tərəf yenə bütpərəstlər oldu. Bu vəziyyətdə yeni bir müharibə şəraiti başladı. Amma müsəlmanların sayının artması nəticəsində İslam ordusu bütpərəst ərəblərin qarşı gələ bilməyəcəyi bir gücə çatdı. Peyğəmbərimiz bu güclü ordu ilə Məkkəyə doğru hərəkət edib, şəhəri fəth etdi. Bu fəthdə heç bir şəkildə qan axmadı, tək bir insanın belə burnu qanamadı. Peyğəmbərimiz əgər istəsəydi, müşrik liderlərdən qisas ala bilərdi, amma heç birinə toxunmadı. Onları bağışlayaraq inancları içində sərbəst buraxdı. Bu yüksək əxlaqa heyran olan müşriklər sonradan öz istəkləri ilə islamı qəbul edəcəkdilər.

Hz. Məhəmmədin bu sülh və elmli siyasəti Allahın Quranda bildirdiyi islami əsaslardan qaynaqlanmışdır. Allah Quranda inananlara, müsəlman olmayan kimsələrə belə xoş davranmalarını əmr etmişdir:

…Allah, din uğrunda sizinlə vuruşmayan və sizi öz yurdunuzdan qovub çıxarmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz, Allah insaflı olanları sevir. Allah sizinlə din uğrunda vuruşan, sizi yurdlarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhənə surəsi, 8-9)

Yuxarıdakı ayələr bir müsəlmanın qeyri-müsəlman insanlara qarşı necə davranmasını göstərir: Bir müsəlman qeyri-müsəlman insanların hər birinə xoş davranmalı, sadəcə islama düşmənçilik edən kimsələri özünə dost etməməlidir. Əgər bu düşmənçilik göstərənlər müsəlmanların varlıqlarına təcavüz etsələr, müsəlmanlar bu müharibədə də yenə ədalətli şəkildə insan haqlarını qoruyaraq davranmalıdırlar. Hər cür barbarlıq, şiddət, haqsız yerə təcavüz haramdır. Başqa bir Quran ayəsində Allah müsəlmanlara bu mövzu ilə bağlı xəbərdarlıq edir, düşmənlərinə qarşı duyduqları nifrətin onları ədalətsizliyə sürükləməsini bildirir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

“Cihad” sözünün tam qarşılığı səy və əzəmət göstərməkdir. Yəni islama görə cihad etmək, səy göstərmək cəhd etmək deməkdir. Peyğəmbərimiz ən böyük cihadın insanın öz nəfsinə qarşı etdiyi cihad olduğunu açıqlamışdır. Nəfsdə olan məqsəd, insanın eqoist istəkləri və arzularıdır. Din əleyhinə, xurafata və ateist fikirlərə qarşı edilən fikri mübarizə də tam mənada bir cihaddır.

Bu kimi fikri və mənəvi anlayışlarla yanaşı, fiziki baxımdan vuruşmaq da cihad sayılır. Amma bu vuruşun yuxarıda qeyd etdiyimiz kimi müdafiə məqsədli və çərçivə daxilində olması lazımdır. Cihad anlayışının məsum insanlara qarşı zorakılıq, yəni terroru təsvir etmək üçün istifadə edilməsi isə çox böyük haqsızlıqdır.

İslamın siyasət doktrinası (yəni siyasi məsələlərdəki islami müddəa və prinsipləri) son dərəcə mülayim və sülh tərəfdarıdır. Quran əxlaqının əsasını tolerantlıq, sülh, mərhəmət təşkil edir və İslam yer üzünü fitnə-fəsaddan çəkindirməyi hədəf alır. Quranın hökmləri və bunların müsəlmanlar tərəfindən tətbiqi bu məsələdə heç bir mübahisəyə yer verməyəcək qədər açıqdır.