Şükür etmək verilən hər bir nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək, həmin nemətləri Quranda göstərilən şəkildə istifadə edərək haqqını vermək deməkdir.
Qəlb və dil ilə yanaşı, şükrün əməldə olması da çox mühümdür. Bu da verilən neməti Allah yolunda, Allah rizasının daha çox gözlənildiyi yöndə dəyərləndirməklə mümkün olur. İnsan mal-mülk, var-dövlət, zənginlik, mövqe, məqam, vəzifə, etibar, zəka, sağlamlıq, qüvvə kimi nemətlərdən Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, o, verilən nemətin şükrünü haqqıyla yerinə yetirməmiş olur.
Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir. Həmin ayələrdən bəziləri belədir:
«Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!» («Zumər» surəsi, 66).
«Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!» («Nəhl» surəsi, 114).
Mömin şükür etməklə Allahın sevgisini və razılığını qazanır, Ona daha çox yaxınlaşır. Səbəblərə, vasitələrə ilişib qalmır, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilir və Ona şərik qoşmaqdan uzaqlaşır. Bu şəkildə verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alır. Verilən bu nemətlər vəsiləsi ilə Allahı vəsf edib ucaldır.

