Quranda imandan qaynaqlanan və ruhda dərin təsir meydana gətirən sevgiyə diqqət çəkilir. Bu sevgiyə sahib olmaq əmək tələb edir. Fədakarlıq, səbir, cəsarət və diqqət Quranda xəbər verilən sevgi anlayışının tərkibinə daxildir. Rəbbimiz Quranda pisliyə və pis sözə qarşı ən gözəl şəkildə cavab verməyi və insanlara yaxşı davranmağı da sevginin əsası kimi bildirir.
Kimdən soruşsanız, insanların əksəriyyəti sevgini və sevməyi çox yaxşı bildiklərini və sevdikləri bir çox insan olduğunu deyəcəklər. Halbuki dünyada sevgini və sevməyi bacaran insanların sayı çox azdır. İnsanların sevgi zənn etdikləri isə həvəs hissidir. Zaman keçdikcə bu duyğunun sevgi olmadığı açıq şəkildə ortaya çıxır. Əsl sevgi Allah sevgisindən qaynaqlanan və Onun razılığı üçün yaşanan, bir çox sınaqdan keçdiyi halda, heç vaxt zədələnməyən, zamana, çətinliklərə, çatışmazlıqlara, yanlışlara səbir edə bilən və daim artan duyğuya verilən addır.
Allah Quranda inananlara pisliyə yaxşılıqla cavab verməyi əmr etmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Allah möminlərə pisliyə gözəl rəftarla cavab verdikləri təqdirdə yaxşı nəticə əldə edəcəklərini vəd etmişdir. Hətta qarşılarındakı insanla aralarında düşmənçilik də olsa, bunun dostluq meydana gətirəcəyinə diqqət çəkmişdir. Bu, eyni zamanda, inananların mərhəmət və sevgi anlayışının da tələbidir. Qarşı tərəfin Allahın bəyənmədiyi rəftarı göstərdiyini gördükləri zaman, hər şeydən əvvəl, bunun o insanın axirəti baxımından riskli olduğunu düşünərək qürura qapılmadan, ədalətli və təvazökar şəkildə yaxınlaşar, dost üslubundan istifadə edərlər. Quran əxlaqını yaşamayan insanlarda olduğu kimi, “səhv edən, pisliyi edən qarşı tərəfdir, əvvəl o yaxınlaşsın”, ya da “nə edirsə etsin” məntiqi ilə hərəkət etməzlər.
Gözəl rəftarı kim göstərsə, Allahın o insanın rəftarından məmnun olacağını və pisliyə məruz qaldığı halda, gözəl davranmağın Quran əxlaqına uyğun rəftar olduğunu bilərlər. Buna görə də təvazökarlığın itki deyil, əksinə, böyük qazanc olduğunu düşünərək hərəkət edərlər.
İman gətirənlər həyatı boyu müxtəlif əxlaqlı insanla qarşılaşa bilərlər. Ancaq heç bir zaman qarşılarındakı insanların rəftarına görə öz əxlaqını dəyişdirməzlər. Qarşı tərəf istehzalı üslubla danışa bilər, çirkin sözlərdən istifadə edə bilər, hirslənə bilər, pislik və ya düşmənçilik edə bilər. Ancaq mömin əsilzadə, təvazökar, mərhəmətli və sevgi dolu rəftarını heç vaxt dəyişməz. Ona deyilən pis sözə qarşı pis sözlə cavab verməz. Lağ edənə lağ etməz, əsəbə əsəblə cavab verməz. İncidici rəftara qarşı, qarşı tərəfi utandıran və gözəl rəftara sövq edən ədalət, mərhəmət və sevgi anlayışı ilə hərəkət edər. Hirslənən insana qarşı sakit və etidallı olar.
Əlbəttə, möminin bu rəftarı tamamilə ağıl çərçivəsində olar. Özünü zərərə məruz qoyan vəziyyətə salmaz. Nə özünü, nə də digər möminlərin haqsızlığa və ya zərərə uğramasına icazə verməz. Amma bir tərəfdən də göstərdiyi gözəl rəftarlarla dinin əmr etdiyi gözəl əxlaqı təbliğ etmiş olar. Allahın bəyəndiyi əxlaqı tətbiq edərək qarşı tərəfi din əxlaqına yönəltməyə çalışar.
Bunu da unutmaq olmaz ki, qarşı tərəfin pis əxlaq göstərməsi insanın özünün pis əxlaq göstərməsinə səbəb deyil. Hər insan Allaha qarşı etdiklərindən təkbaşına məsuldur. Bundan başqa, pis rəftara qarşı şəfqət, mərhəmət, gözəl əxlaq və sevgi göstərmək Qurana görə üstün əxlaqın göstəricisidir. Çünki möminin gözəl rəftarı onun Allaha olan bağlılığının gücünü və dərinliyini göstərir. Mömin bu əxlaqı yalnız Allahın razı olması üçün səbirlə tətbiq edir. Quran əxlaqını yaşamaq mövzusunda göstərdikləri bu üstün səbrin əvəzində də Allah onların mükafatını ikiqat verəcəyini belə bildirir:
Səbir etdiklərinə görə, onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. (Qəsəs surəsi, 54)

