Quranda şəriət

Quranda şəriətin bütün hökmləri var

Quranda şəriətin bütün hökmləri var. Şəriət: Allah tərəfindən rəsulunun vasitəsilə bildirilən hökmlərin məcmusunu əhatə edən ilahi qanunlar toplusudur. Buradan anlaşılır ki, şəriət qanunları Quran əsasında müəyyən edilir. Quran tam olduğu üçün də deməli şəriətin bütün hökmləri orada var. Lakin fiqh kitablarına baxsaq, şəriətə əlavə edilən, Quranda olmayan çoxlu hökmlər görə bilərsiniz. Bunu da rəvayətlərə əsaslanaraq rəsula aid etməyə çalışırlar. Bu ayədə bütün bunların əsassız olduğu anlaşılır.

(De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə də əsla şübhəyə düşənlərdən olma! (Ənam surəsi, 114)

Yani ki, əgər şəriət ilə hökm vermək gərəkirsə bu hökm ancaq və ancaq Qurandan olmalıdır. Xurafatçılar adətən Qurana iftira ataraq onda bütün hökmlərin olmadığını deyirlər. Bu ayələr onların iddiasını çürüdür:

O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir. (Maidə surəsi, 49)

Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir. Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq. Sonra (onların hamısı) Rəbbinin hüzuruna yığılacaqlar. (Ənam surəsi, 38) Şübhəsiz ki, onların qissələrində ağıl sahibləri üçün ibrət vardır. (Bu Quran) uydurulan bir söz deyildir. Lakin o, özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən, hər şeyi açıq şəkildə izah edən (bir kitab) və iman gətirən bir qövm üçün hidayət və rəhmətdir. (Yusif surəsi, 111)

Nəhl 89-da deyilir ki Quranda hər şey izah edilib. Maidə 49-da Allah rəsuluna əmr edir ki, Quranla hökm et. Ənam 38-də deyilir ki, Allah Quranda heç bir şeyi nəzərdən qaçırmayıb. Yusuf 111-də də Allah hər şeyi müfəssəl izah etdiyini deyir. Bütün bunlardan sonra da hansısa müsəlman deyirsə Quranda bütün hökmlər yoxdur, deməli Allaha və Qurana iftira atır. Bu cür insanlara inkarçı deyilir ayədə.

…Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir. (Ali İmran surəsi, 4)

Allahın endirdiyi ilə hökm verməyənlərə Allah belə buyurub:

…Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil kafirlərdir. (Maidə surəsi, 44)

…Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır. (Maidə surəsi, 45)

….Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır. (Maidə surəsi, 47)