Quranda Ramazan orucu

Bu il (2025) Ramazan ayı mart ayının 1-dən (bu gecə) başlayır, inşaAllah

Bu il (2025) Ramazan ayı mart ayının 1-dən (bu gecə) başlayır, inşaAllah. Sübh azanında (imsaq vaxtı) girir və Axşam azanına qədər davam edir. Bəziləri ayədə yazılan ağ sap və qara sapı səhv anlayır, bunların mənası aydınlıq və qaranlıqdır. Bu astronomik hadisədir. İnsan gözü ilə görülməz bu, dan yerinin ağarması əslində üfüqdə baş verir, bu vaxt imsaq vaxtı sayılır, yəni Sübh azanı vaxtı. Bitməsi isə günün sonudur, yəni axşam azanı vaxtı. Heç bir ibadətdə sözlü niyyət edilməz, ehtiyac yoxdur buna.

Allahın Quranda orucluq üçün çox sadə izahlar verməsinə baxmayaraq məzhəblərə bölünənlər bunu da çox çətinləşdiriblər. Bədənin hansısa yerinin qanamasının orucu pozması, 1 günün qəzasını 61 gün tutmaq və s. Aşağıdakı ayələri oxuyub özümüz üçün təhlil edərək orucluğun qaydalarını rahat şəkildə çıxara bilərik. Heyzli (aybaşı) olan qadınlar da oruc tutmalıdırlar, bu mövzuda oruc tutmayın deyə hökm Quranda yoxdur. əgər tuta bilib də tutmayan hər kəs günaha girir, amma heyz xəstəliyi daxil, digər xəstəliklərdən həqiqətən tuta bilmirsə, o digər zamanlarda tutmalı, əgər ümumiyyətlə ciddi səbəblərdən tuta bilmirsə fidyə verməlidir.

(Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! (Bəqərə surəsi, 184)

Bu ayədən çıxan nəticə:

1) Orucluq sayı bəlli günlərdir (ramazan ayı). 2) Əgər insan xəstədirsə oruc tutmaya bilər, günlərin sayı qədər qəzasını başqa vaxt tutmalıdır. 3) Əgər oruc tutmağa heç gücü çatmırsa bir yoxsulu doyuracaq qədər fidyə verməlidir. Fidyə, tutmadığı gün sayı qədər, gündəlik yemək pulu olaraq hesablanar, məsələn günlük 5-10 manat (maddi imkana görə). Fidyəni tanımadığınız dilənçilərə verməyin, məscidə və ya din adamına verməyin. Şəxsən tanıdığınız ehtiyacı olanlara verin.

Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Ayədən çıxan nəticə;

1) Bu ayda gücü çatan bütün müsəlmanlar oruc tutmalıdır. 2) Buraxılan günlərin sayı qədər qəza orucu tutulmalıdır. 3) Allah bizim üçün rahatlıq istəyir. 4) Bəqərə 184-də orucluğun məlum günlər olduğu bildirilir. 185-ci ayədə isə bunun Ramazan ayı olduğunu (1 ay) görürük.

Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr. (Bəqərə surəsi, 187)

Orucu sadəcə 3 şey pozur.

1) Yemək 2) İçmək 3) Cinsi əlaqə

Başqa heç bir hal orucu pozmaz. Oruclu insan əlini spirtlə təmizləyə bilər, diş həkimə gedə bilər, asma xəstələri spreydən istifadə edə bilər, dişləri fırçalamaq olar, duş almaq və ya dənizdə çimmək olar. Qidalandırıcı olmayan iynə və sistemdə oruclu insana vurmaq olar. Heyzli qadınlarda oruc tutmalıdırlar. Adət dönəmi oruca maneə deyildir. Orucu pozma qəzası gün sayı qədərdir, 61 gün xurafatdır. İnsan oruc tutduğu zaman özünü məcbur edirmiş kimi göstərməməlidir, yəni narahat olduğunu bildirməməlidir, əgər həqiqətən narahatdırsa o adamın oruc tutması haramdır zatən. Zorla oruc tutulmaz.