Quranda qurban bayramı

Qurbanlıq ilə əlaqəli çoxlu uydurma hədislər var (2)

Qurbanlıq ilə əlaqəli çoxlu uydurma hədislər var. Quranda heç bir bayram olmadığı kimi Qurban bayramı da yoxdur, adət olaraq keçirilir, keçirməkdə günah yoxdur. Amma toplu heyvan öldürmək yerinə həmin pulları ehtiyacı olanlara vermək ən ağıllı iş olardı.

Qurana görə qurban kəsilməsi hz. İbrahimdən başlamayıbdır. Hz. Adəmdən bəri bu fərz vardır. Adəmin iki oğlunun qurban kəsməsi barədə ayə vardır:

Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər. (Maidə surəsi, 27)

Qurana görə bunu istənilən vaxt etmək olar amma burada əsas məqsəd özün yemək üçün yox, ehtiyacı olanlara vermək üçün kəsilməsidir. Daha öncələri pul istifadə edilmədiyinə görə insanlara ət və ya ərzaq verilərdi amma indiki dövrdə ən yaxşısı və ən çox savabı maddi yardım etməkdir və ya pul verilməsidir. Çünki ehtiyacı olanların ət yeməkdən daha böyük problemləri vardır, bəzilərinin pul borcu var və ya dərman ala bilmirlər. Əgər məqsəd Allah rizasına kasıblara kömək etməkdirsə ən savabı olan da maddi yardımdır və bunu ilin bir günündə yox, bütün il boyu imkan daxilində çox etmək lazımdır.

Allah deyir ki, xeyirlərdə yarışın (…Elə isə, yaxşı işlər görməkdə yarışın!.. (Bəqərə surəsi, 148)), yəni maksimal dərəcədə ehtiyacı olanlara daha çox dəstək olun, maddi yardım edin. Ən böyük fərzlərdən biri bu olduğu halda, “Eqoist islamı” yaşayan məzhəbçi xurafatçılar buna əməl etməz, 10 min manatdan çox pul verərək Həcc və ya Umrəyə gedərlər və ya islamda olmadığı halda başqa ziyarətlər üçün pul sərf edərlər. Onlar ağılsız olduqlarına görə anlamırlar ki, islamda fayda əmsalı vardır, bu əməlləri savab yox onlar üçün günah qazandırar sadəcə.

Çünki ehtiyaclı bu qədər insan varkən, eqoistcəsinə sadəcə özünü düşünərək öz ağlı ilə “islamı yaşadığını” zənn edərək böyük günaha girmiş olurlar. Təbii ki, bu saxta və uydurulmuş adətlərin arxasında münafiqlər və dəccalın adamları olan qara klan üzvləri vardır. Onların məqsədi cahil cəmiyyəti həqiqi islamdan daha çox uzaqlaşdırma və eyni zamanda onların ağılsızlığından istifadə edərək mənfəət əldə etmələridir.

Hazırda qeyd edilən Qurban bayramı məşhur bir uydurma hədisə əsaslanır. Həmin hədis qısaca belədir:

Guya Hz İbrahim üç gün dalbadal yuxuda görür ki, oğlu İsmaili qurban kəsir. Bu məsələni oğluna deyir. Oğlu da deyir ki, əməl et. Bunlar yol ilə gedərkən şeytan mane olmaq istəyir. Hz İbrahim daşla şeytanı qovur (həccdəki şeytan daşlama buradan gəlir). Nəhayət çatırlar, Hz İbrahim oğlunu yıxır, boğazını kəsmək istəyəndə, bıçaq kəsmir. 3 dəfə bunu təkrarlayır yenə də kəsə bilmir. Bu an Allah ona bir qurbanlıq qoç yollayır və oğlunun əvəzində qoçu kəsir. Həmin qoç da Qabilin qoçu imiş. Bəzi rəvayətlərə görə Cənnətdə 40 il otlamışdı.

Bu hədis Allahın sünnətinə, Quran ruhuna tamamilə ziddir. Hz. İbrahim kimi böyük rəsulun şəxsiyyətinə isə heç uyğun gəlmir. Hədisçilər yuxarıda yazdığım hədisi Saffat 102-107 ayələrindən quraşdırıblar. Ayələri isə səhv tərcümə edirlər, həqiqətin həmin hədislə heç bir əlaqəsi yoxdur.

Bu saxta hədisin qaynağı isə dəyişdirilmiş Tövratdakı səhv yazılan hekayədir. Uydurma hekayəyə görə guya hz. İbrahim qurbanlıq üçün öz oğlunu kəsmək istəyirmiş. Hz. İbrahimin atası münafiq olduğu halda ona belə yaxşı davranan və səbirli olan, Allahdan qorxan dörd böyük peyğəmbərdən biri olduğu halda, bu cür iftira ataraq böyük günaha girirlər. Tövratda təhrif edilmiş hekayə belədir:

“İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü.” (Yaradılış 22:10)

Məzhəbçi tərcümanların yazdığı çox böyük səhvdir və üstəlik bütün məzhəblər də bu cür qəbul edir, heç kim də düşünmür və sorğulamır. Allah (haşa) zalım deyil ki, uşaq qurbanı istəsin!!! Bu tərcüməyə görə uşaq qaçma yaşında, yəni təxminən 2-3 yaşında körpə uşağı Allah öz atası tərəfindən öldürməsini istəyir (haşa), yəni cinayət törətməsini və üstəlik ən böyük vicdansızlıq cinayəti. Bunu hansı vicdan və ağıl qəbul edir anlamaq mümkün deyildir. Ən Mərhəmətli və Ən Rəhimli Allah bir atadan öz körpə uşağını öldürməsini istəyər mi?!!!

Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” – dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et!”, – dedi. Hər ikisi təslim olduğu və İbrahim (heyvanı) üzüstə yatırdığı zaman Biz ona belə səsləndik: “Ey İbrahim! Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır. Biz (balaca qurbanlığın) əvəzinə ona daha böyük bir qurbanlıq verdik. (Saffat surəsi, 102-107)

Allah yuxuda ona şükür qurbanı kəsməsini istəyir sadəcə, çünki öncəki ayələrdə hz. İbrahim Allaha dua edib saleh övlad istəmişdir.

Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 100-101)

Bunun əvəzində isə Allah ona şükür qurbanı kəsməsini yuxuda göstərmişdir. Öz oğlunu yox!!! Qoyun qurban etməsini göstərmişdir və beləcə şükür qurbanı kəsmək nazil olmuşdur. Bunu etmək fərz deyil, könüllüdür inşaAllah.

Hər il 2 gün ərzində dünyada 100 milyonlarla heyvanın toplu halda öldürülməsi, üstəlik bunu ehtiyacı olanlara yox özləri yeməsi sadəcə batil adətdir və Allahu aləm qəssabların uydurduğu saxta bayramdır. Cahil cəmiyyətdə bütün il ərzində ramazan bayramı adı altında cüzi məbləğdə fitrə zəkatı adı ilə sədəqə verər və qurban bayram adı ilə heyvan kəsib özü yeyər və elə bilərlər islamın bütün əmrlərinə əməl etmişlər. Qocalanda da 10 min manat pul verərək həccə gedər və elə bilər ki, bütün həyatı boyu Quran əxlaqını yaşamadığına görə yazılan günahları “silinmişdir”. Bunlar sadəcə özlərini aldadırlar. Bu insanlardan soruşsanız hamısı özünü müsəlman sayar və cənnətə gedəcəklərinə ümid edərlər.