Hədisçilərə görə ancaq kişinin boşaya bilmək hüququ vardır. Qadının boşanmaq hüququ yoxdur. Bunu əlbəttə öz rəvayətlərinə əsasən deyə bilərlər, Qurandan bircə sübut da gətirə bilməzlər. Boşanmaq Quranda son çarə olaraq çıxış yolu kimi göstərilmişdir. Boşanmanı önləmək üçün bir sıra təkliflər irəli sürmüşdür. Əgər ər-arvad yola gedə bilmirsə, yaxınlarının edəcəyi ilk hərəkət Quranda belə bildirilir:
Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Nisa surəsi, 35)
Ayədən anladığımız odur ki, əgər ər-arvadın arası dəyərsə, hər iki tərəfdən bir nümayəndə təyin edilməlidir. Onları barışdırmağa cəhd etməlidirlər. Fikir versək ayədə cinsi ayrı-seçkilikdən yox ümumi halda yola gedilməməkdən bəhs edilir. Əgər vasitəçilər də barışdıra bilməsələr onlar yaxın qohumların şahidliyi ilə ayrılırlar.
Əgər ər-arvad ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah əhatə edəndir, müdrikdir. (Nisa surəsi, 130)
Bu ayədə cinsi ayrı-seçkilik edilmədən bildirilir ki, ayrılmaq istəsələr, çətin vəziyyətə düşməkdən qorxmasınlar. Allah onlara kömək edəcək. Burdan da anlaşıldığı kimi, qadın da istədikdə, yəni ərindən razı deyilsə, ayrıla bilər.
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır. (Bəqərə surəsi, 229)
I Evliliyin davam etməyəcəyindən narahat olan qadın bu vəziyyəti səlahiyyətli şəxslərə bildirməlidir. Əgər qadın ərindən boşanmaq qərarına gəlibsə, ondan aldıqlarını geri qaytarmalıdır. Ayədəki onlara verdiklərinizdən ifadəsi qadının ərindən aldığı mehrin hamısı olaraq başa düşüldüyü kimi, bir qismi kimi də başa düşülə bilər. Bunların nə qədərinin geri qaytarılacağını səlahiyyətli şəxslər müəyyənləşdirirlər. Burada da qadının boşanmaq hüququnun olduğunu görürük.
Rəvayətçilər Quranı deyil, rəvayətləri əsas götürdüklərinə görə Quranda bildirilən qadın-kişi hüquqlarından tamamilə fərqli anlayışa malikdirlər. Halbuki qadın istədiyi kimi işləyə bilər, amma işləmək məcburiyyətində deyil. Qurandakı qadın Səba məlikəsi nümunəsində gördüyümüz kimi ölkə rəhbəridir. Qurandakı qadın Hz. Məryəm nümunəsində gördüyümüz kimi, çətinlik vaxtlarında səbirli və qərarlıdır, bütün qadınlara örnəkdir. Quranda qadın sultandır, daima əl üstündə saxlanmalıdır. Dolayısilə, qadınlara münasibət baxımından bütün dünya Quranı rəhbər götürməlidir.

