Xurafatçılar saxta hədislərdə qadınları təhqir etməklə, əslində, hz. Məryəmi, Quranda bəhs edilən mömin qadınları, Peyğəmbərimizin (s) zövcələrini, hz. Fatiməyi Zəhranı, hz. Xədicəni və digərlərini hədəf aldıqlarını düşünmürlər. Qadını bu qədər alçaldan qəribə zehniyyətin bütün qadınlara qarşı çıxdığını unutmaq olmaz. Xurafatçıların Qurandan nə qədər uzaq olduqlarını Peyğəmbərimizin dövrünə nəzər salmaqla açıq şəkildə görə bilərik:
Məsələn, Peyğəmbərimizin zövcəsi hz. Xədicə Məkkənin ən imkanlı tacirlərindən biri idi. Şama ticarət karvanları göndərirdi. Buna görə yanında bir çox işçisi vardı. Mədinə dövründə də qadınlar dəri, ip, dərman istehsalında, toxuculuq və dərzilikdə, həmçinin ətir satışında alış-veriş işləri görür, bütün sahələrdə aktiv davranırdılar. Müharibələrdə qadın səhabələr kişilərlə birlikdə savaşa qatılır, lazım gəldikdə ön cəbhəyə belə keçirdilər.
Başqa müsəlmanlarla birlikdə savaşa qatılan qadın səhabələrdən ən mükəmməl bəhs edən rəvayətlərdən birində belə deyilir:
“Möminlərin qəflətindən sui-istifadə edən müşriklər savaş meydanına elə girdilər ki, Rəsulun ətrafında onu qoruyan 10-12 nəfərlik qrup da savaşa girməyə məcbur oldu. Bir anda tək qalan Peyğəmbərimizin yanında təkcə hz. Nəsibə var idi. Bu durum 40-50 saniyə davam etdi. Müşriklərdən biri fürsət bilib Peyğəmbərimizə hücum çəksə də, Nəsibə onu qılıncla vurub öldürdü. Ardınca ikinci müşrik də Rəsulullaha hücum çəkdi. İkiqat zireh geyinmişdi əyninə. Nə qədər vursa da, öldürə bilmirdi. Öz çiynindən belinə qədər ağır qılınc zərbəsi aldı. O əsnada möminlər yetişib kafiri zərərsizləşdirdilər. Bu bir neçə saniyə o qədər vacib idi ki!.. Uhud döyüşündə Nəsibə on bir yara almışdı. Buna baxmayaraq, sona qədər savaşdı.”
Göründüyü kimi, saxta hədislərin əksinə olaraq, Peyğəmbərimizin (s) dövründə qadınlar savaş meydanına belə çıxırdılar. Savaşda Peyğəmbərimizin mühafizəsində qadın səhabələr də yer alırdılar. Belə təhlükəli vəziyyətlərdə Peyğəmbərimizin qadınların onu qorumasına icazə verməsi qadın səhabələrə nə qədər güvəndiyini göstərir.
I Quranda “Ey iman gətirənlər! “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin…” (Bəqərə suəsi, 104) ayəsində təkcə iman edən kişilərə deyil, eyni zamanda qadınlara da xitab edilir. Ayədə qadınlara da nəsihət edilir ki, “bizə qayğı göstər” deməsinlər. Deməli, Quranda qadına qayğı göstərilən, ağlı az olduğu üçün kişi tərəfindən idarə olunan varlıq kimi baxılmır. Bunun əksinə olaraq, ağıllı, güclü, etibar edilən, zəkalı varlıq kimi baxılır. Lakin əsrlər boyu saxta hədislərə inandırılan bəzi İslam ölkələrində bu anlayışdan xəbərsiz olan insanların sayı çoxdur. Buna görə də Quranda qadının kişilərlə eyni hüquqlara malik olduğunu deyəndə buna şiddətlə qarşı çıxan kişilər bilib-bilmədən Allahın ayələrinə qarşı çıxmış olurlar.

