Nisbilik nəzəriyyəsi XX əsrin ən məşhur fiziki Albert Eynşteyn tərəfindən irəli sürülmüş zaman və məkan haqqında fiziki nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən, zaman və məkan bir hissdir. Başqa sözlə, nəzəriyyə mütləq zamanın mövcud olmadığını irəli sürdü. Zaman və məkanı qavramağımız məkan və hərəkətimizdən asılıdır. Buna görə də bir cismin sürətindən və mövqeyindən (cazibə mərkəzinə olan uzaqlığından) asılı olaraq zaman sürətli və ya yavaş keçir. Bir cisim sürətləndikcə (cazibə mərkəzinə olan məsafəsində) o cismin üzərində zaman yavaşıyır. Yəni, sürət artdıqca zaman qısalır, daralır, daha ağır və yavaş irəliləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.
Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq: əkiz qardaşlardan birini işıq sürətinə yaxın sürətlə kosmosa yollasaq, dünyaya qayıtdıqda o, qardaşının özündən daha yaşlı olduğunu görəcək. Bunun səbəbi kosmosda sürətli səyahət edərkən zamanın daha yavaş axmasıdır.
Bir cismin sürəti ilə yanaşı, hərəkəti də zamana təsir edir. Ümumi nisbilik nəzəriyyəsi sübut etmişdir ki, cazibə mərkəzlərinin yaxınında zaman daha yavaş irəliləyir.
Məşhur fizik Stiven Hokinq (Stephen Hawking) bu həqiqəti “əkiz” nümunəsi ilə belə izah edir:
“Nisbilik nəzəriyyəsi “mütləq zaman” anlayışını lüğətdən sildi. Biri dağın təpəsində, digəri isə dəniz səviyyəsində yaşayan bir cüt əkiz düşünək. Təcrübələr deməyə əsas verir ki, hündürdə yaşayan əkiz qardaş dəniz səviyyəsində yaşayandan daha tez yaşlanacaq. Yəni, onlar yenidən qarşılaşdıqlarında biri digərindən daha yaşlı olacaq.” (Stephen Hawking, “Zamanın qısa tarixi”, səh. 54)
Nisbilik nəzəriyyəsi sürət və hərəkətdən asılı olaraq kosmosda fərqli zaman olduğunu da ortaya çıxarmışdır.
Eynşteynin 1900-cü illərdə əldə etdiyi bu nəticə sonralar NASA-nın həyata keçirdiyi bir layihə ilə təsdiqləndi.
Zaman məfhumu, əslində, bir anın başqa bir anla müqayisəsi zamanı ortaya çıxır. Məsələn, bir cismə əlimizlə və ya hər hansı əşya ilə toxunduqda ondan müəyyən səs çıxacaq. Eyni cismə beş dəqiqə sonra yenidən toxunduqda bu səs təkrarlanacaq. Burada birinci səslə ikinci səs arasında müəyyən müddət keçdiyini düşünürük və bu müddəti “zaman” adlandırırıq. Halbuki ikinci səsi eşitdiyimiz vaxtda birinci səs yalnız beynimizdəki xəyaldan ibarət olur, yəni yaddaşımızdakı məlumat olur. İnsan yaddaşındakını yaşadığı anla müqayisə edərək zaman hissini qavrayır. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.
Başqa bir misalı gözümüz önündə canlandıraq: Bir insan otağa daxil olur, otağın ortasındakı kresloda əyləşən bir adamı gördükdə beynində müqayisə aparır. Qapını açması, otağa daxil olması, otağın ortasına doğru getməsi, kresloda əyləşməsi və s. Bütün bu hərəkətlər ancaq onun beynində olan məlumatlardır. Burada zaman anlayışı kresloya oturan insanla bu məlumatlar arasında müqayisə edilərkən ortaya çıxır.
Qısaca, zaman beyindəki xəyallar arasında müqayisədən ibarətdir. Əgər insanın yaddaşı olmasa, beyini müqayisə edə bilməyəcək və təbii olaraq, zaman məfhumu da yaranmayacaq. Bir insanın “mənim otuz yaşım var” deməsinin səbəbi yaddaşı ilə əlaqədardır. Əgər yaddaşı olmasa, bu zaman müddətindən xəbərsiz olacaq, yalnız yaşadığı tək bir “an”ı qavrayacaqdır.
Zaman hissi məfhum olduğu üçün tamamilə insanın qəbuletmə qabiliyyətindən asılıdır, yəni nisbidir. Zamanın nisbiliyini yuxularımızdan daha aydın hiss edirik. Bəzən yuxularımızda saatlar, hətta günlər keçir. Əslində isə hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edir.
Xüsusi hazırlanmış tək pəncərəli bir otaqda oturub müəyyən zaman keçirdiyimizi düşünək. Keçən zamanı bilmək üçün də qarşımıza bir saat qoyaq. Eyni zamanda otağının pəncərəsindən günəşin çıxmasını və batmasını izləyək. Müəyyən müddət keçdikdən sonra otaqda qalma müddətimizi həm saata, həm də günəşin çıxıb-batmasına əsasən hesablayacağıq. Məsələn, otaqda 3 gün qaldığımızı deyəcəyik.
Lakin bizi bu otağa salan adam, əslində, bu otaqda iki gün qaldığımızı bildirsə və pəncərədə gördüyümüz günəşin süni şəkildə yaradıldığını, otaqdakı saatın qəsdən sürətləndirildiyini söyləsə, hesablamalarımızın mənasız olduğunu görərik.
Bu nümunə bir daha göstərir ki, zamanın axış sürəti ilə əlaqədar məlumatımız ancaq qəbuletmə qabiliyyətimizə əsaslanır.
Bütün deyilənlərdən aydın olur ki, zamanın nisbiliyi sübuta yetirilmiş elmi həqiqətdir. Ancaq bu həqiqət yalnız keçən əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi ilə ortaya çıxmışdır. Bu dövrə qədər insanlar zamanın nisbi anlayış olduğunu və məkana görə dəyişdiyini bilmirdilər. Dünya şöhrətli alim Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu həqiqəti sübut etdi. Zamanın kütlə və sürətdən asılı anlayış olduğunu ortaya qoydu. Daha əvvəl heç kim bu barədə açıq şəkildə fikir bildirməmişdi.
Lakin 1400 il əvvəl, elmin çox primitiv olduğu bir dövrdə Quranda bu həqiqət xəbər verilmişdir. Quran-i Kərimdə zamanın nisbiliyindən bəhs olunur:
…Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi, 5)
Mələklər və Ruh (Cəbrail) Ona müddəti əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 4)
VII əsrdə endirilən Quranda açıq-aydın zamanın nisbiliyindən bəhs edilməsi onun ilahi Kitab olduğunun əhəmiyyətli dəlillərindəndir.
Nisbilik nəzəriyyəsinin sübut edilməsi ilə materialistlərin “mütləq zaman-sonsuz kainat” iddialarının əsassızlığı bir daha sübut olundu. Materialistlər maddə ilə yanaşı, zamanın da mütləq olduğunu, yəni sonsuzluqdan bəri var olduğunu və sonsuzluğa qədər davam edəcəyini iddia edirlər. Bu cəfəng iddiaları ilə də taleni, axirəti inkar edirlər. Halbuki müasir elm maddənin və maddədən asılı olan zamanın yoxdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu təsdiqləyir. Eyni zamanda zamanın izafi (nisbi – relative) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişkən qavrayış olduğu da bu əsrdə ortaya çıxmışdır.
Zaman və məkanın nisbiliyi Eynşteynin nisbilik nəzəriyyəsi ilə sübut edilmiş və bu həqiqət müasir fizikanın əsasını təşkil edir.
Nəticə etibarilə, zaman və məkan mütləq deyil, başlanğıcı olan, Allahın yoxdan yaratdığı məfhumlardır. Zamanı və məkanı yaradan Allah, heç şübhəsiz, bu anlayışlardan münəzzəhdir (uzaqdır). Allah zamanın hər anını zamansızlıqda yaratmışdır. Materialistlərin qavraya bilmədikləri “tale” həqiqəti də burada aydınlaşır.
Keçmişimiz və gələcəyimiz zamandan münəzzəh olan, onu yoxdan yaradan Allahın məlumatı və hakimiyyəti daxilindədir.
Quranın 1400 il əvvəl bildirdiyi və möminlərin şəksiz iman gətirdikləri həqiqətləri müasir elm təzə-təzə kəşf edir. Bu bir daha Quranın Allahın sözü olduğunu sübut edir.

