Münafiqlik, insan xarakterinin ən qaranlıq və mürəkkəb tərəflərindən biri olaraq, sadəcə etiqadı deyil, həm də dərin sosial-psixoloji fəsadlara yol açan bir haldır. Bu xislətə sahib olan şəxslərin daxili aləmi, özlərini və ətrafdakıları aldatma cəhdləri üzərində qurulmuşdur. Lakin Quran ayələri bu psixologiyanı dərindən təhlil edərək, onların əslində kim olduqlarını və necə səhv etdiklərini açıq şəkildə bəyan edir.
Həqiqət budur ki, münafiqlər (güya) Allahı aldatmaqdadırlar. Halbuki O, onları aldadandır. Namaza qalxdıqları zaman istəksiz qalxarlar. İnsanlara göstəriş edərlər və Allahı olduqca az anarlar. (Nisa surəsi, 142)
Münafiqlər, öz dayaz ağılları ilə Allahı aldatdıqlarını zənn edirlər. Onların danışıqlarına və həyat tərzinə nəzər salındıqda, sanki iman gətirmiş kimi bir görüntü yaratdıqları, lakin həqiqətdə bəhs etdikləri dəyərlərə qətiyyən inanmadıqları aşkar olur. Məsələn, cəmiyyətdə bəzi “din alimi” və “hocası” adı ilə dindən və mənəviyyatdan danışmaları, onların bu həqiqətlərə inandığı və quran əxlaqına ciddi əməl etməsi mənasını daşımır.
O, sadəcə olaraq mövcud olduğu mühitdə qalmaq və o sistemin imkanlarından faydalanmaq üçün bu “xurafata” ehtiyac duyur. Çünki ətrafındakı insanlar da inanmadıqları halda, mövcud nizamı davam etdirmək naminə inanırmış kimi görünürlər.
Bu vəziyyət, keçmişdə kommunist rejimlərində baş verən sosial prosesləri xatırladır. Necə ki, o dövrlərdə insanlar kommunizm ideologiyasına nifrət etdikləri halda, qorxu və ya mənfəət naminə özlərini qatı kommunist kimi qələmə verirdilər, münafiqlər də eyni psixologiyanı daşıyırlar. Hətta əvvəllər bu ideologiyaya şiddətlə qarşı olanlar, mühit dəyişdikdə hamıdan daha çox “kommunist” olurdular.
Eyni şəkildə, münafiq və cahil təəssübkeşlər də ətrafları dindarlaşdıqda, öz çıxar əlaqələrini qorumaq üçün dərhal “xurafatçı” və ya “dindar” cildinə girirlər. Əslində isə qəlblərində inam yoxdur və Allah, onların bu oyununun fərqindədir; əslində aldanan məhz onların özləridir.
Münafiqlərin ən bariz əlamətlərindən biri ibadətlərə qarşı könülsüz olmaları və nümayiş xarakteri daşımalarıdır. Onlar namaza qalxdıqları zaman bunu daxili sevgi ilə deyil, məcburiyyət və göstəriş üçün edərlər. Onların bütün fəaliyyəti insanlara göstəriş üzərində qurulmuşdur.
Bu cür nümayiş metodu geyimdə, əşyalarda, sarıqda, cübbədə, hətta özlərinin uydurduqları yeni üslublarda və vasitələrdə özünü büruzə verə bilər. Diqqət yetirilsə, cahil təəssübkeşlərdə bu nümayişkarlıq olduqca qabarıqdır.
Bunun əksinə olaraq, səmimi Müsəlmanlarda təbii bir nur və gözəllik vardır. Onların təvazökarlığı, şəfqəti və mənəvi gözəlliyi hər hallarından bəllidir. Səmimi möminlər çox yüksək əxlaqa və təvazökarlığa sahib olarlar.
Halbuki eqoist və münafiq xislətli bir şəxs bu cür alicənablığı heç vaxt nümayiş etdirə bilməz. Səmimi insanların sevgisi və məhəbbəti daxildən gəldiyi üçün ətrafdakı hər kəsə təsir edir, münafiqlərin isə saxta və narahat edici bir enerjisi olur ki, bu da onların oyunlarını ifşa edir.
Arada vurnuxub dururlar. Nə onlarla, nə bunlarla. Allah kimi sapdırarsa, artıq sən ona yol tapa bilməzsən. (Nisa surəsi, 143)
Münafiqlərin bir digər xüsusiyyəti də qərarsızlıqlarıdır; onlar nə tam iman edənlərin yanında, nə də açıq şəkildə inkarçıların yanındadırlar. Bu tərəddüd halı, onların Allah tərəfindən doğru yoldan uzaqlaşdırılmasının bir nəticəsidir.
Ey iman gətirənlər, möminləri buraxıb kafirləri vəlilər (dostlar) edinməyin. Öz əleyhinizə Allaha açıq-aydın olan qəti bir dəlil vermək istəyirsinizmi? (Nisa surəsi, 144)
Allah möminlərə inkarçıları dost və himayədar (vəli) tutmağı qadağan etmişdir. Münafiq xarakterli şəxslər isə möminləri bir kənara qoyaraq, inkarçılarla yaxın münasibət qururlar. Bir insanın atası, iş ortağı və ya yaxını inkarçı ola bilər; lakin burada əsas meyar həmin şəxslərin İslama qarşı münasibətidir.
Əgər bir şəxs, istər ailə üzvü olsun, istər iş yoldaşı, küfr içindədirsə, dinə və müqəddəs dəyərlərə lağ edirsə, onunla dost olmaq, ona yaltaqlanmaq yolverilməzdir. Lakin əgər qarşı tərəf dinə qarşı mübarizə aparmırsa, öz halında yaşayırsa, İslam əxlaqı onlara yaxşılıq etməyi qadağan etmir. Necə ki, Allah Quranda din mövzusunda sizinlə vuruşmayanlara yaxşılıq etməyinizi qadağan etmədiyini buyurur.
Həqiqətən, münafiqlər atəşin ən alçaq təbəqəsindədirlər. Onlara bir yardımçı tapa bilməzsən. (Nisa surəsi, 145)
Münafiqlər, mənəvi baxımdan insanların ən aşağı səviyyəsindədirlər və axirətdə də yerləri atəşin ən alt təbəqəsidir. Bu xarakterlə səmimi möminləri müqayisə etdikdə fərq açıq-aşkar görünür. Səmimi möminlərə nəzər saldıqda, onlarda yalnız nur, təvazökarlıq, həlimlik və gözəl əxlaq görürük. Onlar elm və irfan sahibidirlər, quran əxlaqına ciddi əməl edərlər.
Lakin münafiq xislətli şəxslərə baxdıqda isə, onların simasından xəbislik, təkəbbür və azğınlıq yağdığı görülür. Onların digər insanlara qarşı üslubu son dərəcə özündənrazı və əxlaqdan kənardır. Bu iki zümrə arasındakı uçurum, imanla nifaq arasındakı fərqin ən bariz göstəricisidir.

