Quranda möminlərin qarşılaşdıqları sınaqlar və bu sınaqlara qarşı nə edəcəkləri yazılıb

Quranda möminlərin qarşılaşdıqları sınaqlar və bu sınaqlara qarşı nə edəcəkləri bir çox ayədə

Quranda möminlərin qarşılaşdıqları sınaqlar və bu sınaqlara qarşı nə edəcəkləri bir çox ayədə aydın şəkildə ifadə edir. Bəqərə surəsinin 214-cü ayəsi bu mövzuda xüsusi yer tutur. Bu ayədə bildirilir ki, möminlərdən əvvəlkilər elə çətinliklərə, sıxıntılara düçar olmuşlar ki, elçilər və onların ardınca iman edənlər “Allahın köməyi nə vaxt gələcək?” sualını verməyə məcbur qalmışlar. Bu səbir və imtahan dövrü, bəşər tarixində Allahın sünnəti olaraq, hər zaman iman edənlərin yolunda bir mərhələ kimi təkrarlanmışdır. Ayənin sonunda isə Allahın köməyinin, əslində, çox yaxın olduğu müjdəsi verilir.

Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta elçi və onunla birlikdə iman edənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)

Bu ayədə üç əsas imtahan və müsibət növü qeyd olunur: yoxsulluq, çətinlik və sarsıntı. Yoxsulluq yalnız maddi imkansızlıq deyil, eyni zamanda sosial təcrid, maddi varlıqların əldən çıxması, ehtiyac içində yaşamağı da əhatə edir. Dözülməz çətinlik isə insanın həm fiziki, həm də ruhi baxımdan yaşadığı sıxıntılardır: Xəstəliklər, basqılar, psixoloji yorğunluq, düşmənçilik və təhdidlər. Sarsıntı isə bütün bu halların nəticəsində insanın daxili dünyasında meydana gələn ümidsizlik, narahatlıq və bəzən də çarəsizlik hissidir. Lakin bütün bu sarsıntıların ortasında möminin təslimiyyəti, səbri və təvəkkülü onu Allahın köməyinə daha da yaxınlaşdırır.

Səhih bir hədisdə bildirilir ki, “İnsanın dini nə qədər güclüdürsə, başına gələn bəla və müsibətlər də o qədər böyük olar.” Bu ifadə göstərir ki, bəla və çətinlik bir cəza deyil, əksinə, bir tərbiyə vasitəsidir. Allahın sevdiyi bəndələr, Onun dərgahında yüksək məqama layiq görülən insanlar, bu çətinliklər vasitəsilə saflaşdırılır, təmizlənir, ruhən yüksəlirlər.

Bu anlayışın kökündə ilahi iradəyə təslim olmaq və dünya həyatının keçici olduğunun dərk edilməsi dayanır. İbn Hibbanın rəvayət etdiyi bir başqa hədisdə isə, Allah bir bəndəsini sevdikdə və onu Özünə yaxınlaşdırmaq istədikdə, onun üzərinə ard-arda bəla və müsibətlər göndərdiyi bildirilir. Bu hadisələr, bəndəni günahlardan təmizləyir, qəlbini dünya bağlılığından azad edir və onu Allah ilə daha dərin bir bağa aparır.

Əhli-Beyt haqqında rəvayətlərdə də bu məna açıq şəkildə əks olunur. Onların dünya həyatında çox sayda haqsızlığa, zülmə, sürgünə və təzyiqlərə məruz qalacaqları, lakin bu çətinliklərə səbir göstərərək ilahi rəhmətə və lütfə nail olacaqları bildirilir. Peyğəmbərimizin Əhli-Beyti bu mənada həm nümunə, həm də sınağa məruz qalanların rəmzidir. Rəvayətlərdə, Mehdi və onun tərəfdarlarının da bu zülmlərə məruz qalacaqları, lakin səbir, təvəkkül və ilahi yardımla qalib gələcəkləri bildirilir.

“Kitabül-Bürhan fi Əlamətil-Mehdi” adlı əsərdə Hz. Mehdinin üzərinə çökən ictimai və siyasi zülm, onun tərəfindən “Biz qəhr və haqsızlığa məruz qaldıq” sözləri ilə ifadə edilir. Bu cür ifadələr Mehdinin, eyni zamanda bir islahatçı və haqq axtaran şəxs olduğunu göstərir. O, zamanın fitnələri, haqsız rəhbərlər və zalım sistemlər qarşısında bir dirənmə simvoluna çevrilir. Onun zühurunun, insanların çıxış yolu qalmadığı, ümidlərin tükəndiyi bir vaxtda baş verəcəyi bildirilir. Bu da göstərir ki, Allahın yardımı ən çox ümidlərin azaldığı zamanlarda gəlir; bu yardım isə çox zaman sınaqlardan keçmiş, təmkinli və təmizlənmiş insanlar vasitəsilə reallaşır.

Hz. Mehdinin çıxışından əvvəlki dövr, həm fərdi, həm ictimai olaraq möminlərin sınaqlardan keçdiyi bir dövr olacaq. Rəvayətlərdə Mehdi tərəfdarlarının zülmə və haqsızlığa məruz qalması, sürgün edilməsi, xəstəlik və sıxıntılarla sınağa çəkilməsi bu anlayışla izah olunur. Lakin bütün bu sınaqlar, ilahi hikmətin bir parçası kimi qəbul edilir. Onlar insanı həm zahirən, həm də batinən Allaha yaxınlaşdırmaq məqsədi daşıyır.

Bu baxımdan, Qurani-Kərim və hədislər bizə bildirir ki, zülm və çətinlik içində olmaq, əslində Allahdan uzaqlaşma deyil; əksinə, Onun sənə daha da yaxınlaşma fürsəti verməsidir. Hz. Mehdi və onun yolunu gözləyənlərin bu çətinliklərə səbir və təvəkküllə yanaşmaları, onların həm dünyada, həm də axirətdə nicat tapmalarına vəsilə olacaqdır, inşaAllah.