Allah möminlərə hadisələri hər zaman ən ədalətli şəkildə, Quranda bildirdiyi sərhədlər çərçivəsində dəyərləndirməyi əmr etmişdir. İnsanlar arasında hökm verərkən mütləq ən ədalətli qərarı vermələrini və haqlı olan kimdirsə, onun tərəfini tutmalarını bildirmişdir.
Şahidlik etməli olduqları zaman da ən doğru və ən ədalətli şahidliyi edərlər. Bəzən insanın verəcəyi qərar və ya edəcəyi şahidlik onun öz əleyhinə ola bilər və ya yaxınlarından birinin mənafeyinə zidd ola bilər. Lakin Allahdan qorxan bir insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki möminlər üçün əsas ölçü Allahın razılığıdır. Allahın razı qalmadığı bir şahidlik etmək və ya qərar vermək zahirdə insana qazanc gətirirmiş kimi görünsə də, Allah razı olmadıqdan sonra əldə edilən dünyəvi fayda möminə əsla rahatlıq və xoşbəxtlik gətirməz, əksinə, böyük bir vicdan əzabına səbəb olar.
Bu səbəbdən möminlər özləri və ya yaxınları əleyhinə olsa belə ədalətli davranırlar. Allah möminləri əks bir davranışdan belə çəkindirmişdir:
Ey iman edənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti (təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır! (Nisa surəsi, 135)
İnsanların ədalətli qərar verə bilməmələrinə səbəb olan digər bir təhlükə isə başqalarına qarşı hiss etdikləri qəzəb və kin hissidir. Əgər bir insan başqa birinə qarşı qəzəb və ya kin bəsləyirsə, ona fayda vermək və ya onun xeyrinə davranmaq istəməz. Lakin möminlər belə hallarda da Allahın razılığını əsas götürür və qarşılarındakı şəxs kim olursa olsun ədalətli davranmaqdan imtina etmirlər. Çünki Allah iman gətirənlərə belə buyurmuşdur: “Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. …” (Maidə surəsi, 8)

