Quranda Kitab Əhlinə verilən dəyər

Bu ayə çox əhəmiyyətli detallarla kitab əhlinin müsəlmanlar üçün dəyərindən bəhs edir

Bu ayə çox əhəmiyyətli detallarla kitab əhlinin müsəlmanlar üçün dəyərindən bəhs edir. Bu ayənin hökmünə əsasən, bir müsəlman kişiyə kitab əhlinin qadınları ilə evlənmək icazəsi verilmişdir. Buradakı icazə çox əhəmiyyətlidir, çünki “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər…” (Nur surəsi, 26) əmrinə əsasən, müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməlidirlər. Bu hökmlə əhəmiyyətli dərəcədə musəvi və xristianların təmiz və yaxşı insanlar olduqlarına işarə edilir.

Ayədə müsəlmanlar üçün əhəmiyyətli icazə qeyd olunur: Kitab əhlinin yeməyindən yemək. Bu, çox əhəmiyyətli mövzudur. Çünki məlum olduğu kimi, müsəlmanlar yemək barədə müəyyən haramlara diqqət etməlidirlər. Donuz əti və Allahın adından kəsilməyən bir heyvanın əti müsəlmanlara haramdır. Musəvi və xristianların yeməklərinin müsəlmanlara halal edilməsi onların etibarlı olduqlarını göstərir. Eyni ölçü kitab əhli üçün də əsaslıdır və ayənin hökmünə görə, müsəlmanların yeməkləri də onlara halal edilmişdir.

Burada eyni zamanda başqa bir dostluq ifadəsinə də diqqət çəkmək lazımdır. Kitab əhli və müsəlmanlar eyni süfrədə oturur, bir-birilərinin evinə qonaq gedirlər. Burada dostluq əlaqəsinin təsviri verilir. Belə ki, kin-küdurətə və öldürməyə əsaslanan nifrət mühiti deyil, dostluq və qardaşlıq mühiti təsvir olunur.

Bu ayədə verilən hökmlər bir xurafatçının əsla yanaşmadığı və qəti qəbul etmədiyi hökmlərdir. Quranın verdiyi bu haqlar xurafatçılara görə həm haram, həm də dəhşətli əməldir. Xurafatçılar kitab əhlindən bir qadınla evlənməyi və ya onların süfrəsində oturmağı nifrətlə rədd edir. Məlum məsələdir ki, xurafatçıların hökmləri Qurana əsaslanmır, çünki Quranın hökmlərini qəbul etmirlər…

Allah Quranda bəzi kitab əhlini tərifləyir. Mövzu ilə əlaqədar ayələr belədir:

Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159)

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

(Qurandan) əvvəl özlərinə kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” – deyirlər. (Qəsəs surəsi, 52-53)

Lakin onlardan (musəvilərdən) elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)

Şübhəsiz ki, (əvvəlki peyğəmbərlərə) iman gətirənlər, musəvilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman gətirib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 62)

İman gətirənlərin, habelə musəvi, sabii və xaçpərəstlərdən Allaha və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69)

“Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (cənnətə) daxil edəcəyinə ümid edirik”. Belə dediklərinə görə də Allah onları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 82-85)

Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi altından çaylar axan cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, artıq o, doğru yoldan azmışdır”. (Maidə surəsi, 12)

Ayələrdə açıq şəkildə başa düşüldüyü kimi, saleh və səmimi olan musəvi və xristianlar Quranda gözəl sözlərlə təriflənir və Allahdan bir mükafatla müjdələnirlər. Allah onları cənnətə göndərəcəyini bildirir. Bu, Allahın onlara sevgi ifadəsidir. Allahın sevdiyi, razı olub cənnətinə göndərdiyi bir insana müsəlman necə düşmən ola bilər? Qurana görə, ola bilməz. Qurana əsasən, belə bir düşmənlik haramdır. Xurafatçılar Quran ayələrinə baxmayaraq, saxta hədisləri özlərinə yol göstərici kimi götürüb kitab əhli düşmənliyini yayır, beləliklə, İslama görə xətalı iş görürlər.