Quranda ixlas və səmimiyyət anlayışı necədir?

“İxlas” sözünün lüğəvi mənası qatqısız, saf olmaq deməkdir. Quranda bəhs edilən ixlas anlayışı insanın səmimi-qəlbdən Allaha iman etməsi, Ona qəlbən bağlanması mənasını ifadə edir. İxlaslı mömin həyat boyu gördüyü hər işi Allahın razılığını qazanmaq üçün edir və qarşılığını yalnız Allahdan gözləyir. Onun davranışlarında insanların fikirlərinə görə hərəkət etmək, onların rəğbətini qazanmağa çalışmaq kimi qeyri-səmimi niyyətlər yoxdur. Buna görə də onun hər bir davranışı səmimi-qəlbdən və Allahın razı qalacağı şəkildə olur.

Səmimi insan ilk növbədə Allaha, daha sonra isə insanlara qarşı dürüst olur. Çünki o, Allahın hər şeyi görüb eşitdiyini, Onun hüzurunda bir gün bütün etdiklərinə görə hesab verəcəyini və bütün düşüncələrinə, söylədiyi hər sözə, etdiyi hər bir əmələ görə məsuliyyət daşıyacağını bilir. Məhz buna görə möminin göstərdiyi dürüstlük və səmimiyyət onun dərin imanının ən mühüm göstəricilərindəndir.

Allah Quranda peyğəmbərlərin daim Allahın razılığını axtaran ixlaslı davranışlarını möminlərə nümunə göstərmişdir:

(Ey elçi!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et! Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik. Həqiqətən, onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər. (Sad surəsi, 45-47)

Həmçinin Quranda Allaha səmimi şəkildə yönələn insanlar təriflənmiş və onların xeyirli bir aqibətlə qarşılaşacaqları müjdələnmişdir:

Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver! Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır. (Zumər surəsi, 17-18)