İstehza Allahın qətiyyən bəyənmədiyi çirkin bir davranışdır. Cahiliyyə əxlaqının yaşandığı cəmiyyətlərdə bir çox istehza mövzusu mövcuddur. İnsanların nöqsanları və ya qüsurları ilə lağ etmək, onlara pis ləqəblər qoşmaq bu mövzuların başında gəlir. Allah bu çirkin əxlaqa qarşı insanları belə xəbərdar edir:
Hər bir qeybət edən və tənə vuranın vay halına! (Hüməzə surəsi, 1)
Allahın Quranda diqqət çəkdiyi digər bir istehza forması isə inkarçıların iman gətirənlərlə lağ etməsidir. Qəflət içində olan, iman edənlərin doğru yolda olduğunu dərk edə bilməyən bu insanlar özlərini böyük bir ağılsızlıqla möminlərdən üstün görərək onlarla istehza edirlər:
Həqiqətən, günahkarlar iman edənlərə gülürdülər. Onların yanından keçdikləri zaman bir-birinə qaş-göz edirdilər. (Mutaffifin surəsi, 29-30)
Allah bu kəslərin nə qədər böyük bir yanılma içində olduqlarını və üzləşəcəkləri sonun necə pis olacağını isə belə bildirmişdir:
Artıq bu gün, (axirət günü) möminlər inkar edənlərə gülürlər. Onlar taxtlarda əyləşərək ətrafı seyr edəcəklər. İnkar edənlər etdiklərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) (Mutafifin surəsi, 34-36)
Lakin bunların hamısından daha mühüm olaraq Allah Quranda böyük bir cəhalətlə dinlə, Allahın ayələri ilə istehza edənlərdən bəhs edir. Bu şəxslərin özlərinə Allahdan gələn hər bir xəbərdarlığı, onları xəbərdar edib qorxutmaq üçün göndərilən elçiləri yalanladıqları bildirilir. Şübhəsiz ki, bu insanlar Allahın böyüklüyünü və qüdrətini layiqincə qiymətləndirməyən, axirətdə hesaba çəkiləcəklərinə əhəmiyyət verməyən kəslərdir. Lakin bu insanlar axirətdə böyük bir heyrət yaşayacaq və dünyada etdikləri çirkin istehzanın qarşılığını sonsuz əzabla alacaqlar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir:
Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq. İnkar etmələri, ayələrimə və elçilərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir. (Kəhf surəsi, 105- 106)
Buna görə də hər kəs: “Allaha qarşı həddi aşdığım üçün çox peşmanam. Həqiqətən, mən istehza edənlərdən olmuşam”, – deyəcəyi gündən çəkinsin! (Zumər surəsi, 56)

