Allah Quranda insanın yaradılışı ilə bağlı bir çox məlumat verir. Bu məlumatların əksəriyyəti həmin dövrdə yaşayan insanların heç bir şəkildə bilə bilməyəcəyi, yalnız müasir elmin inkişafı sayəsində aşkara çıxarılmış həqiqətlərdir. Bu da Quranın saysız-hesabsız elmi möcüzələrindən biridir. Quranda insanın yaradılışı ilə bağlı verilən məlumatlar xülasə olaraq aşağıdakı kimidir:
* Nütfə olaraq adlandırılan və spermatozoidləri daşıyan qidalandırıcı maye təkcə spermatozoidlərdən ibarət deyil. Əksinə, nütfə bir-birindən fərqli mayelərin qarışığından formalaşır. Quranda da nütfədən bəhs edilərkən onun “qarışıq” bir maye olduğuna diqqət çəkilir. Bu isə yalnız müasir dövrdə elmin köməyi ilə müəyyən edilmiş bir həqiqətdir.
Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. (İnsan surəsi, 2)
* Qarışıq bir maye olan nütfənin daxilindəki milyonlarla spermatozoiddən yalnız biri yumurtanı mayalandırır. Yəni insanın özü nütfənin hamısı deyil, onun kiçik bir hissəsidir. Quranda da insanın nütfə mayesinin hamısından deyil, sadəcə bir hissəsindən yaradıldığı bildirilir:
Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? (Qiyamət surəsi, 37)
* Spermatozoid və yumurta hüceyrəsinin birləşməsindən yaranan və “ziqot” adlandırılan tək hüceyrə vaxt itirmədən bölünərək çoxalır və getdikcə bir “ət parçası” formasını alır. Lakin ziqot bu inkişaf müddətində boşluqda qalmır; sahib olduğu çıxıntılar vasitəsilə uşaqlığın divarına yapışır. Bu çıxıntılar torpağa kök salan bitki kökləri kimi onu həmin yerə möhkəm bağlayır. Bu həqiqət yalnız yaxın dövrlərdə aşkar edilməsinə baxmayaraq, Quranda əsrlər öncədən xəbər verilmişdir:
Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. (Ələq surəsi, 1-2)
* Ana bətnində inkişaf etməyə başlayan ziqotu “amnion mayesi” adlanan maye əhatə edir. Körpənin daxilində böyüdüyü bu mayenin əsas əhəmiyyəti onu xaricdən gələn zərbələrdən qorumaqdır. Quranda körpənin mühafizə olunan bir yerdə inkişaf etdiyi də bildirilir:
Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi. (Mürsəlat surəsi, 20-21)
* Allah insanın yaradılış mərhələlərinin bir hissəsini Muminun surəsində bildirmişdir. Uşağın inkişaf mərhələlərinin eynilə ayələrdə təsvir edildiyi kimi baş verdiyi bu gün bioloji cəhətdən də sübut olunmuş bir həqiqətdir:
Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq. Sonra onu sağlam bir məkanda (ana rəhmində) nütfə halına saldıq. Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır! (Muminun surəsi, 12- 14)

