Quranda inək hekayəsi

Hz. Musanın peyğəmbərlik etdiyi dövr, iman gətirənlərlə yanaşı, qəlbində xəstəlik olan

Hz. Musanın peyğəmbərlik etdiyi dövr, iman gətirənlərlə yanaşı, qəlbində xəstəlik olan münafiqlərin də çox olduğu bir zaman idi. Bu münafiqlər Hz. Musanın lap yaxınında, sanki arxasında dayanaraq onun üçün həmişə narahatlıq və imtahan mənbəyi idilər. Yapışqan olduqlarına görə daima peyğəmbərin ətrafında dolanaraq onu məşğul etməyə çalışırdılar.

Bu vəziyyətin ən bariz nümunələrindən biri Quranda Bəqərə surəsində nəql edilən inək kəsmə hekayəsidir. Allah Hz. Musa vasitəsilə İsrail oğullarına bir inək kəsmələrini əmr etdikdə, münafiqlər bu əmri dərhal fürsətə çevirmək istədilər. Məqsədləri Allahın əmrini yerinə yetirmək deyil, Hz. Musanı çətin vəziyyətə salmaq, onu əsəbiləşdirmək, vaxtını almaq və cəmiyyət qarşısındakı etibarını sarsıtmaq idi. Quranın da işarə etdiyi kimi, Hz. Musa həyəcanlı və bəzən səbri tükənən bir quruluşa sahib idi və münafiqlər bu xüsusiyyətini bildiklərinə görə onu təhrik etməyə çalışdılar.

Allahın əmri sadə idi: “Bir inək kəsin”. Ancaq onlar sırf pis niyyətlə və problem yaratmaq üçün “Necə bir inək olsun?” deyə soruşmağa başladılar. Hz. Musa Allahın hər hansı bir inək kəsilməsini əmr etdiyini bildirsə də, onlar qane olmadılar. Ardınca gələn “İnəklər bir-birinə bənzəyir, belə bir hökm olmaz” şəklindəki ifadələri, əslində üstüörtülü şəkildə Hz. Musanın peyğəmbərliyini şübhə altına almağa yönəlmişdi.

Bu, iman edən bir şəxsin deyil, ancaq bir münafiqin ağzından çıxa biləcək hörmətsiz və əxlaqsız davranış idi. Bəqərə surəsi 67-ci ayəsində qeyd edildiyi kimi, Hz. Musaya “Bizi ələ salırsan?” demələri bu əxlaqsızlığın və hörmətsizliyin açıq bir göstəricisidir. Münafiqin ən bariz xüsusiyyətlərindən biri budur. Hz. Musa isə bu təxribata qarşı “Cahillərdən olmaqdan Allaha sığınıram” deyərək təvazökar və müdrik cavab vermişdir.

Ancaq münafiqlər dayanmadılar. Davamlı olaraq yeni suallarla Hz. Musanı məşğul etdilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə bildirsin!” (Bəqərə surəsi, 68), “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini bizə bildirsin!” (Bəqərə surəsi, 69), “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə (daha ətraflı) bildirsin. Çünki (bu cür) inəklər bizə oxşar görünür” (Bəqərə surəsi, 70). Hər cavab aldıqda yeni bir sualla getdilər.

Bu davranışları, müasir dövrdəki bəzi mövhumatçı (xurafatçı) insanların dini həddindən artıq detallarla yaşanılmaz hala gətirmə cəhdinə bənzəyir. Onlar da sadə və yaşana bilən bir din yerinə, hər şeyi haram elan edən, mürəkkəb və çox çətin qaydalar yaratmağa çalışırlar.

Münafiqlərin bu israrlı suallarının yeganə məqsədi Hz. Musanı narahat etmək, əxlaqsızlıq etmək, pis niyyətlə ona sataşmaq (musallat olmaq), vaxtını almaq və onu əsas vəzifəsindən yayındırmaq idi. Gənə kimi yapışıb, sırf narahatlıq vermək üçün boşboğazlıq edirdilər.

Nəhayət, Allah inəyin bütün xüsusiyyətlərini ətraflı şəkildə bildirdi: “…Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan bir inəkdir. Bu ikisinin arasında bir düyədir… o, tünd sarı rəngli və baxanlara xoş gələn bir inəkdir… o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir…” (Bəqərə surəsi, 68-71). Ancaq bu qədər təfərrüatdan sonra belə, münafiqlərin əsl niyyəti əmri yerinə yetirməmək olduğu üçün, Quranın ifadəsi ilə “Onlar az qala bunu etməyəcəkdilər” (Bəqərə surəsi, 71). Onlar işi təfərrüata boğaraq həm özləri əmrdən yayınmağa çalışdılar, həm də Hz. Musanı yormağı hədəflədilər.

Bu hekayə münafiq xarakterinin mühüm bir cəhətini ortaya qoyur: İtaət etməmək üçün bəhanələr uydurmaq, lazımsız suallarla işi çətinləşdirmək və peyğəmbərlərə əziyyət vermək. Eyni zamanda, Allahın əmrlərinə sorğu-sualsız təslim olmağın əhəmiyyətini və həddindən artıq təfərrüatçılığın təhlükələrini də gözlər önünə sərir.