Peyğəmbərlərin ölümlərinin nəql olunduğu hekayələrdə işlənən sözlərlə, hz. İsa (ə.s)-ın Allah qatına qaldırılmasından bəhs edilən ayələrin araşdırılması, hz. İsa (ə.s)-ın vəziyyətiylə əlaqədar mühüm həqiqəti ortaya çıxardır: Hz. İsa (ə.s) digər peyğəmbərlər kimi vəfat etməyib və ya inkar edənlər tərəfindən öldürülməyib, Rəbbimiz onu Öz qatına qaldırmışdır. Bu hissədə hz. İsa (ə.s)-ın və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəbcə variantlarını və Quran ayələrində nə cür istifadə olunduqlarını araşdıracağıq.
Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsiylə əlaqədar işlədilən sözlər irəlidə daha ətraflı görəcəyimiz kimi, “katele (öldürmək), mate (ölmək), haleke (həlak olmaq), salebe (asmaq)” və ya bir neçə xüsusi sözdür. Halbuki, hz. İsa (ə.s) üçün, Quranda çox açıq şəkildə; “onu öldürmədilər (ma katelehu) və asmadılar (ma salebuhu)” ifadəsi işlədilərək heç bir öldürmə formasıyla öldürülmədiyi bildirilmişdir. Allah ayələrdə insanlara hz. İsa (ə.s)-ın bənzərinin göstərildiyini və onun Öz qatına qaldırıldığını bildirir. Bu həqiqət Ali İmran surəsində belə xəbər verilir:
Bir zaman Allah İsaya demişdi ki; “Ey İsa! Doğrusu səni Mən vəfat etdirəcəyəm (müteveffiyke), səni Özümə tərəf qaldıracağam (rafiuke), səni inkar edənlərdən təmizləyəcəyəm və sənə tabe olanları Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm… (Ali İmran surəsi, 55)
Quranda ölüm mənası daşıyan sözlərin və Ali İmran surəsində işlənən “vəfat etdirmə” sözünün istifadə formaları belədir:
1) Vefea: Vəfat ettirmə
Ayədə işlənən “vəfat” sözü Azərbaycan dilində işlədilən ölmək mənasından fərqli mənalar verir. Ayələrin ərəbcə qarşılıqlarının araşdırılması, hz. İsa (ə.s)-ın bildiyimiz mənada ölmədiyini açıqca göstərir. Maidə surəsinin 117-ci ayəsində ölüm hadisəsindən belə bəhs edilir:
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasındayam, mən onlara şahidəm. Məni vəfat etdirdikdə (teveffeyteni) isə, onlara şahidlik edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 117)
Bu ayələrdə işlənən və azərbacan dilindəki tərcümələrdə öldürmə və ya vəfat etdirmə kimi, tərcümə edilən söz (teveffeyteni) ərəbcədə “vefea” kökündən törəmişdir və bu fel ölüm mənasını deyil, “canın alınması” mənasını verir. Necə ki, ərəbcə təfsirlərdə də ölüm mənasında işlədilmir. İslam alimi Qurtubinin təfsiri bunun nümunələrindən biridir. Qurtubinin təfsirində həmin bu söz üçün; “nəfslərin alınması” ifadəsi işlədilmişdir. Necə ki, insanın canının alınmasının həmişə ölüm mənasını vermədiyi yenə Quranda bizə bildirilir. Məsələn, “vefea” sözünün işləndiyi bir ayədə insanın ölməsindən deyil, yuxudakı vəziyyətindən bəhs edilir:
Sizi gecələr vəfat etdirən (yeteveffakum) və gündüzlər “nə etdiklərinizi” bilən, sonra müəyyən olunmuş əcəl çatana qədər onda sizi dirildən Odur… (Ənam surəsi, 60)
Bu ayədə “vəfat etdirmə” kimi tərcümə edilən sözlə, Ali İmran surəsinin 55-ci ayəsində işlədilən söz eynidir, yəni hər iki ayədə də “vefea” sözü işlənilir. İnsanın, gecələr içində olduğu vəziyyət ölüm olmadığına görə yuxarıdakı ayədə işlədilən “yeteveffakum” sözünün ölümü nəzərdə tutmadığı, düzgün tərcümənin “gecə canlarınızı alan” kimi olmalı olduğu aydındır. Aşağıdakı ayədə isə, eyni sözdən bu cür istifadə edilir:
Allah, öləcəkləri (mevt) zaman canlarını alar (yeteveffa); ölməyənin də yuxusunda (canını alar) (lem temut). Beləliklə də, barəsində ölüm qərarı (el mevte) veriləni tutar, o birisini isə müəyyən olunmuş əcəli çatana qədər sərbəst buraxar… (Zumər surəsi, 42)
Bu ayədən də aydın olacağı kimi, Allah yatan insanın canını alır, lakin barəsində ölüm qərarı verilməyəni əcəli çatana qədər təkrar sərbəst buraxır. Buna görə də, insan bildiyimiz mənada ölmüş olmaz. Təkcə müvəqqəti olaraq ruhu bədənini tərk edər və fərqli bir aləmə daxil olar. Allah oyanacağı vaxt, insanın ruhunu bədəninə qaytarar.
Yuxunun bir növ vəfat kimi qiymətləndirildiyini, lakin bununla bioloji ölümün nəzərdə tutulmadığını göstərən nümunələrdən biri də Peyğəmbərimiz (s.ə.v)-in yuxusundan oyandığı zaman: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun” (Buhari, Kitabu’d Deavat 6312; İbni Sinni, Fi Amelli’l Yevm ve’l Leyle, no. 647, 856, 857, 885; Muhammed Halil Herras; Hz. İsa (as) Gelecek mi?, Isparta 2002, səh. 9) dediyini bildirən hədisdir. Şübhəsiz ki, hz. Məhəmməd (s.ə.v) bu hikmətli sözüylə, yatılan vaxt bioloji mənada ölüm baş verdiyinə deyil, yatan insanın bizim anladığımızdan fərqli mənada “canının alındığına” diqqət çəkmişdir. Tanınmış İslam alimi və təfsirçi İbn Kəsir də, Ali İmran surəsini təfsir edərkən, digər bir çox dəlillə birlikdə həmin bu hədisdən istifadə etmişdir. İbn Kəsirin təfsirində, “vefea” sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə nə cür qeyd olunduğu göstərilərək izah olunur. İbn Kəsir, bu izahlardan sonra, İbn Əbu Hatimdən rəvayət edilən bir hədisdən də istifadə edərək qənaətini belə ifadə edir:
İbn Əbu Hatim belə deyir: “Atam bizə… Həsəndən belə rəvayət etdi: “Səni vəfat etdirəcəyəm…” ayəsi barəsində bu açıqlamanı vermişdir: Burada, “Səni yuxu kimi ölüm ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah hz. İsa (ə.s)-ı yuxuda olarkən göyə qaldırmışdır… Bu mütləq həqiqətdir ki, Allah, hz. İsa (ə.s)-ı, yuxu ilə vəfat etdirdikdən sonra göyə qaldırmış və həmin dövrdə özünə əziyyət verən yəhudilərin əziyyətlərindən xilas etmişdir”.(4)
2) Katele: Öldürmək
Quranda ölüm mövzusundan bəhs edilərkən, əsasən ərəbcədə “öldürmək” mənasını verən “katele” sözündən istifadə edilir. Mümin surəsində “katele” sözündən bu cür istifadə edilir:
Firon dedi: “Buraxın məni, Musanı öldürüm (aktul) ki, (gedib) Rəbbinə yalvarsın… (Mümin surəsi, 26)
Ayədə işlənən “Musanı öldürüm” ifadəsinin ərəbcəsi “aktul Musa” kimidir. Bu söz katele felindən törəmişdir. Digər bir ayədə isə, eyni sözdən, bu cür istifadə edilir:
…Peyğəmbərləri haqsız yerə öldürmələrinə görə idi (yaktulune)… (Bəqərə surəsi, 61)
Ayədə işlənən “öldürmələrinə görə idi” sözünün ərəbcəsi “yaktulune” kimidir və yenə eynilə katele sözündən törəmişdir. Həmçinin tərcümədə də açıqca ifadə edildiyi kimi, “öldürmək” mənasını verir. Aşağıda peyğəmbərlərin ölümündən bəhs edən bəzi ayələrdə “katele” felinin nə cür işlədildiyi bildirilir. Mötərizə daxilində mənaları bildirilən bütün sözlərin kökləri KATELE feilidir:
…Onların bu sözlərini və peyğəmbərləri haqsız yerə öldürmələrini (katlehum) yazacağıq… (Ali İmran surəsi, 181)
…De: “Əgər inanırdınızsa, daha əvvəl nə üçün Allahın peyğəmbərlərini öldürürdünüz? (taktulune)”. (Bəqərə surəsi, 91)
Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənlər (yaktulune) və insanlardan ədaləti əmr edənləri öldürənlər (yaktulune); … (Ali İmran surəsi, 21)
Öldürün (uktulu) Yusifi və ya onu bir yerə atıb tərk edin… (Yusif surəsi, 9)
“Ey Musa! Qabaqcıllar səni öldürmək (li yaktulu) barəsində məşvərət edirlər…” (Qəsas surəsi, 20)
Qövmünün (İbrahimə) cavabı isə ancaq: “Ya onu öldürün (uktuluhu), ya da yandırın!” demələri oldu… (Ənkəbut surəsi, 24)
3) Haleke: Ölmək
Quranda öldürmək feli üçün işlədilən digər bir söz də, “haleke” felidir. Haleke sözü ayələrdə “həlak olmaq, ölmək” mənalarında işlədilir. Məsələn, Mümin surəsinin 34-cü ayəsində belə işlənir:
…Nəhayət, o, vəfat etdikdə (haleke) dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!”… (Mümin surəsi, 34)
Ayədə, azərbaycan dilinə “vəfat etdikdə” kimi tərcümə edilən sözün ərəbcəsi “iza heleke” kimidir və bu sözün mənası da ölmək deməkdir.
4) El-mevte – Ölüm
Quranda peyğəmbərlərin ölümü ilə əlaqədar işlədilən digər bir söz isə “el mevte” sözüdür. Mate sözü ayələrdə “ölmək” mənasında işlədilir. Bunlardan biri Səba surəsində hz. Süleymanla əlaqədar bildirilir:
Onun (Süleymanın) ölümünə (el mevte) hökm verdiyimiz zaman onun öldüyünü (mevtihi), onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi… (Səba surəsi, 14)
Eyni kökdən gələn digər bir söz isə, hz. Yəhya barəsində işlədilir:
…Doğulduğu gün də, öləcəyi gün (yemutu) də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 15)
Bu ayədə “öləcəyi” kimi tərcümə edilən sözün ərəbcəsi “yemutu” sözüdür. Eyni söz hz. Yaqubun ölümü ilə əlaqədar ayələrdə də işlədilir:
Yoxsa siz Yaqubun ölüm anında (el mevte) onun yanında idiniz? (Bəqərə surəsi, 133)
Bu ayədə işlənən “el mevte” sözü də yenə eyni kökdən gəlir və ölüm mənası daşıyır.
Hz. Məhəmməd (s.ə.v) ilə əlaqədar bir ayədə isə, “katele” və “mate” felləri eyni anda işlədilir:
Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə (mate) və ya öldürülərsə (kutile) siz gerimi dönəcəksiniz?… (Ali İmran surəsi, 144)
Mate (ölmək) kökündən gələn mevt sözü, yenə peyğəmbərlərin ölümlərindən bəhs edilən başqa ayələrdə də işlənilir:
…O dedi: “Kaş bundan əvvəl öləydim (mittu) və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)
Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük (el hulde) nəsib etmədik. Məgər sən öləcəksən (mitte), onlar həmişəlik qalacaqlar?! (Ənbiya surəsi, 34)
O Rəbb ki, məni öldürəcək (yumituni), sonra dirildəcəkdir. (Şuəra surəsi, 81)
5) Halid: Ölümsüz
Ayələrdə işlənib, bilavasitə ölmək və ya öldürmək felini deyil, təkcə ölümsüzlüyü ifadə edən digər bir söz də, “halid” sözüdür. Halid sözünün mənası daimi olmaq, ölməzliyi davam etmək kimidir. Ənbiya surəsində “halid” sözündən bu cür istifadə edilmişdir:
Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi (halidiyne) də deyillər. (Ənbiya surəsi, 8)
6) Salebe: Asmaq
Quranda peyğəmbərlərin ölümlərindən bəhs edilərkən işlədilən sözlərdən biri də salebe (asmaq) felidir. Salebe feli “asmaq, çarmıxa çəkmək və edam etmək” kimi mənalara gəlir. Bu fel ayələrdə bu cür işlədilir:
…Halbuki onu öldürmədilər və onu asmadılar (ma salebu)… (Nisa surəsi, 157)
…Sizdən biriniz öz ağasına şərab içirdəcək, digəriniz isə asılacaq (yuslebi)… (Yusif surəsi, 41)
…Ancaq öldürülmələri və ya asılmaları (yusallebu)… (Maidə surəsi, 33)
Mütləq əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı edam edəcəyəm (usallibennekum). (Əraf surəsi, 124)
Ayələrdən də göründüyü kimi, hz. İsa (ə.s)-ın vəfatı ilə digər peyğəmbərlərin ölümlərinin çatdırıldığı ayələr bir-birindən çox fərqli sözlərlə ifadə edilir. Allah Quran ayələrində hz. İsa (ə.s)-ın öldürülmədiyini, asılmadığını, insanlara onun bir bənzərinin göstərildiyini, onu vəfat etdirdiyini (yəni yuxu vəziyyətindəki kimi canını aldığını) və Öz qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa (ə.s) üçün “canını almaq” mənasını verən “vefea” feli işlədildiyi halda, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən “katele” və ya “mevt” kimi fellər işlədilir. Bu məlumatlar isə bizə, hz. İsa (ə.s)-ın Allah qatında diri olduğunu və yer üzünə yenidən gələcəyini bir daha göstərir.

