Quranda hökmlər dəqiqdir

Qadının kəsilmiş dırnaqlarına belə “haram” hökmünü çıxaran xurafatçı zehniyyəti araşdırarkən

Qadının kəsilmiş dırnaqlarına belə “haram” hökmünü çıxaran xurafatçı zehniyyəti araşdırarkən bu əhəmiyyətli mövzu da açıqlanmalıdır. Allah Quranda haram və halalları çox dəqiq və açıq izahlarla bizlərə bildirmişdir. Müsəlmanlar, məsələn, donuz əti yeməyin haram olduğu həqiqətini “O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir…” (Bəqərə surəsi, 173) ayəsi ilə öyrəniblər. “Haram etmişdir” hökmündə bir müsəlmanın tərəddüdə düşəcəyi, izahlara və təfsirlərə görə fikirlərini qarışdıracaq və ya onu çaş-baş salacaq heç bir səbəb yoxdur.

Başqa bir nümunə isə faiz nümunəsidir. “Allah alış-verişi halal, faizi isə haram etmişdir.” (Bəqərə surəsi, 275) ayəsi ilə faiz açıq və dəqiq olaraq müsəlmanlara qadağan edilmişdir. Heç kim bu mövzu ilə bağlı mübahisə etməməlidir, “faizin alış-verişdən” fərqi yoxdur fikrini irəli sürməməlidir. Dolayısilə biz haramları bəzi təfsirçilərin zənn və təxminləri ilə, ayələrə əlavə etdikləri mötərizə içindəki izahlardan və ya saxta hədislərdən deyil, birbaşa ayənin özündən öyrənirik.

Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən, Allah etdiyiniz əməlləri bilir. (Yunis surəsi, 36)

Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar. (Ənam surəsi, 116)

“Nur” surəsinin 31-ci ayəsində də çox dəqiq izah var. Lakin bəzi təfsirçilərin ayələrin içinə mötərizələrlə izahlar əlavə etmək xətasına, xüsusilə bu ayədə daha çox rast gəlinmişdir. Belə ki, bəzi təfsirçilər özlərinə görə hökmlər qoyan məzhəb imamlarının təsirində qalaraq bu ayəyə mötərizə içində “üz və əl kimi görünən hissələr xaric” şəklində əlavə ediblər. Halbuki, əgər İslama görə qadınların “əl və üzləri xaric hər yerlərini örtmələri” lazım olsaydı, şübhəsiz ki, belə əhəmiyyətli bir mövzu bütün təfsilatı və bütün aydınlığı ilə Quranda yer alardı və uca Rəbbimiz bunun haram olduğunu çox dəqiq və açıq ifadələrlə bildirərdi. Biz necə donuz əti, faiz və zinanın haram olduğu mövzusunda heç vaxt tərəddüdə düşmürüksə, bu mövzunu da dəqiq olaraq Quranda görmüş olardıq. Ancaq Quranda belə bir geyim forması təsvir edilməmişdir. Bu sadəcə xurafatçı məzhəb təfsirçilərin izahlarında mövcuddur.

Niyəsə xurafatçıların Quranla bağlı izahları saxta hədislərin də təsiri ilə həmişə qadını evdə dustaq kimi saxlamaq və ya qadının bədənini örtməklə bağlı olmuşdur. İddia etdikləri ən böyük səbəb isə təhrikedicilik ünsürüdür. Halbuki qadın bədəni kişi üçün nə qədər cazibədardırsa, kişi bədəni də bir qadın üçün eyni şəkildə cazibədardır. Qurana görə iki cins arasında hər hansı bir ayrı seçkilik olmadığına görə, kişilərin təhrik olma qorxusuna görə qadınları örtməyə və ya yox etməyə çalışmalarının da məntiqi yoxdur. Əgər problem kişilərin təhrik olmasıdırsa, bu vəziyyətdə kişilərin evdən bayıra çıxmamaları və ya ətrafı görməyəcək şəkildə bir örtük ilə çıxmaları daha məntiqlidir. Öz təhrik olma ehtimallarına görə qadını örtməkdənsə, belə bir riski tamamilə aradan qaldırmalıdırlar.

Bu vəziyyət başqa mövzulara da aid edilə bilər. Məsələn, qadının səsi bəziləri tərəfindən təhrikedici olaraq düşünülür və bu səbəbdən danışmasına mane olunursa, eyni şey kişilərə də aid edilməlidir. Əgər qadının səsinə, söylədiyi mahnılara qulaq asılmayacaqsa, eyni şəkildə qadınların da kişi səsindən təhrik ola biləcəyi nəzərə alınaraq bu məhdudiyyətin kişilərə də aid edilməsi lazımdır. Əgər xurafatçı məntiqin saxta qanunlarını doğru olduğunu elan etmək istəyir və bu mövzunu hər kəsə qəbul etdirməyə çalışırlarsa, eyni şeyi kişilərə də tətbiq etmək lazımdır.

Lakin əlbəttə ki, İslamda ən doğru olan, Quran məntiqidir və Quranın məntiqində belə bir məhdudiyyət yoxdur. Xurafatçıların qoymağa çalışdığı bu məhdudiyyətlər şübhəsiz ki, azadlığı aradan qaldırmaq məqsədilə qəsdən uydurulmuşdur və bunlar ancaq cəmiyyəti çətinliyə salaraq, özlərinə də, yaşadıqları mühitə də fəlakət gətirə bilər.

Qadın və kişi hər mövzuda olduğu kimi, iffət mövzusunda da bərabərdir. Qadına zina haram olduğu kimi, kişiyə də haramdır. Əhzab surəsinin 35-ci ayəsində “iffətlərini qoruyan kişilər və iffətlərini qoruyan qadınlar” ifadəsi ilə açıq şəkildə bildirildiyi kimi, qadın əxlaqlı olmalı, iffətini və namusunu qoruyacağı kimi, kişi də əxlaqlı olmalı, iffətini və namusunu qorumalıdır. Ancaq bunun yolu insanları örtmək, çölə çıxarmamaq, görüşdürməmək, danışdırmamaq deyil. İnsan, instinktləri ilə hərəkət edən, hissləri onu hara aparsa ora sürünən vəhşi varlıq deyil. İnsan ağlı, şüuru və ən vacibi Allah qorxusu və sevgisi ilə doğrunu yanlışdan ayıran və insan xüsusiyyətini daşıyan bir varlıqdır.

Dolayısilə, bir insanın iffətli davranıb-davranmayacağını müəyyən edən amil qarşı tərəfin nə qədər açıq geyindiyi, saç telinin nə qədərinin göründüyü deyil, onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə “…Allah gizlində Ondan qorxduğunu üzə çıxarmaq üçün” (Maidə surəsi, 94) buyuraraq insanları heç kimin görmədiyi mühitlərdə də sınayacağını bildirmişdir. Belə ki, insanların məcbur edilərək, evlərə həbs edilərək, əngəllənərək, zorakılıqla dini yaşamaları və ya halal-haramlara diqqət etmələri mümkün deyil. İman, əxlaq, ibadət sadəcə könül işidir.

“Nur” surəsinin 31-ci ayəsi müxtəlif təfsirçilərin izahları və bəzi saxta hədislərin təsiri ilə demək olar ki, qadağa halına gətirilmiş baş örtüyü mövzusu üçün bir dəlil olaraq istifadə edilir. İçində baş örtüyü kəlməsinin keçmədiyi, baş ilə bağlı heç bir məlumatın verilmədiyi, çox açıq bir şəkildə sinənin örtülməsini təsvir edən bir ayənin bu qədər fərqli izah üçün istifadə edilə bildiyi heyrətvericidir.

Təəccüblü olan digər bir məqam da Quranda keçməyən baş örtüyü mövzusunu dinin yeganə şərti kimi görən bir çox şəxsin açıq şəkildə çarşabdan bəhs edilən “Əhzab” surəsinin 59-cu ayəsindən heç bəhs etməmələridir. Quranda olmayan baş örtüyünü bir hökm və qadağaya çevirmiş, lakin Quranda olan çarşab hökmünü tamamilə göz ardı etmişlər.

Burada vacib bir məsələni xüsusilə qeyd etmək lazımdır. Müsəlman qadın Qurana görə necə geyinmək lazım olduğunu çox yaxşı bilir. Bunun üçün bir kişinin qadınlara nəyi necə geyinəcəyini müəyyən etməsinə ehtiyac yoxdur. Bir kişinin qadının necə geyinəcəyinə qarışmaq, onu istiqamətləndirmək və ya mühakimə etmək haqqı da yoxdur. Bu haqqı ona Allah verməmişdir. Bu halda, haqq iddia edə biləcəyi bir vəziyyət də yoxdur. Bu, hal-hazırda müsəlman cəmiyyətlərində dilə gətirilməsi və ifşa edilməli olan çox önəmli həqiqətdir.

Bir qadın baş örtüyü də, çarşab da geyinə bilər. Başı açıq və ya dekolteli də ola bilər. “Mən müsəlmanam” dedikdə heç bir insanın onu mühakimə etmək haqqı yoxdur. Hansının daha təqvalı olduğu ancaq Allah qatında məlumdur. Dində meyar paltar yox, səmimiyyətdir. Çarşablı bir insan, səmimiyyətsiz olub cəhənnəmə layiq olduğu kimi, dekolteli bir qadın da cənnətə layiq ola bilər. Buna yalnız Allah hökm edə bilər.

Allah Qurana görə üstünlüyün xarici görünüş, geyimlə deyil, təqva (Allah qorxusu ilə hərəkət etmək) ilə olduğunu ayədə bildirir:

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız. (Əraf surəsi, 26)

İman qəlbdə yaşanır və həyata keçirilir. İman, bir insanın gözəl əxlaqı, şəfqəti, səmimiyyəti, əfv ediciliyi, keyfiyyəti, mədəniyyəti, incəsənət anlayışı, elm anlayışı, qısaca hər şeylə özünü göstərir. Buna görə də, insanları xarici görünüşləri ilə deyil, əxlaqı ilə qiymətləndirmək lazımdır.