Quranda hikmətli bənzətmələrə misallar

Rəbbimizin Quranda bizə bildirdiyi bənzətmələr çox təsirli, nəzərə çarpan, oxuyanın o mövzuda

Rəbbimizin Quranda bizə bildirdiyi bənzətmələr çox təsirli, nəzərə çarpan, oxuyanın o mövzuda zehnini açacaq xüsusiyyətdədir. Bənzətmələrin və təsvirlərin hamısı izah edilən mövzunun ən təsirli və anlaşılan şəkildə nümunəsidir. Bu üsulla zənginləşdirilmiş izahın insanların dərin düşünməsi, öyüd alması məqsədi ilə verildiyi ayədə bu şəkildə bildirilir:

Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik. (Həşr surəsi, 21)

 Qışqıran heyvan misalı

Uca Allah hər insanı müəyyən anlayış və düşünmə qabiliyyəti ilə yaratmışdır. Ancaq bu qabiliyyətin lazımi kimi istifadə edilməsi, ancaq səmimi imanla mümkün olur. Rəbbimiz qullarına doğrunu, yanlışı, yaxşını, pisi, insanın ağlını necə istifadə etməsini, bu anlayışlar arasındakı fərqi necə görə biləcəyini və necə düşünməli olduğunu ayələrlə bildirmişdir. Quranı özünə rəhbər edən bir insan bu bilgilər əsasında yaşadığı üçün Allahın izni ilə həqiqi ağıla və dürüst vicdana sahib olur. Mömin uca Allahın Quranla bildirdiyi bu həqiqətləri qavrayaraq Quran əxlaqına görə yaşayır və ağıllı olur.

İman gətirməyən insanlar isə ağıldan məhrum olduqları üçün bu həqiqətlərdən xəbərsizdirlər. Bu insanlar nə qədər zəkalı olursa-olsunlar, iman etmədikləri üçün uca Allahın qüdrətini təqdir edə biləcək, yaşadıqları dünyanın müvəqqəti olduğunu anlayacaq və bunun nəticəsində nə etməli olduqlarını qavrayacaq ağıla sahib olmurlar. Ağıl, ancaq Allahın diləməsi ilə meydana gələn, iman gətirənlərə xas anlayış və qavrama gücüdür. Uca Allah Quranda düşünməyən insanların bu şüursuz olmalarını sözdən anlamayan, ağılı olmadığı üçün hər zaman qışqırıb bağıran heyvan misalı ilə xəbər vermiş, bu xüsusiyyətlərinə görə həmin insanların kar, kor və dilsiz olduqlarını bildirmişdir:

Kafirlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər. (Bəqərə surəsi, 171)

 Yuvarlanan daşlar misalı

Allah Quranda insanlara sonsuz qüdrətini, məqamının ucalığını və üstünlüyünü, Ona qarşı gələnlər üçün hazırladığı əzabın şiddətini və böyüklüyünü ətraflı şəkildə izah etmişdir. İnsan gücü çatdığı qədər Rəbbimizin təhdid etdiyi cəhənnəm əzabının böyüklüyünü və sonsuzluğunu təfəkkür etməlidir. Bunun nəticəsində qəlbində təbii olaraq Allah qorxusu meydana gələcək. Bu qorxu iman edənlərin Allahın əmr və qadağalarını yerinə yetirmələrini təmin edəcək. Quranda bu hörmət dolu qorxunun nə qədər güclü hiss olduğunu bildirmək üçün möminlər üzərində təzahür edən Allah qorxusu hikmətli nümunə ilə izah edilir:

Bundan sonra qəlbiniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar, bəzisi də Allah qorxusundan yuvarlanıb düşər. Allah etdiklərinizdən qafil deyildir. (Bəqərə surəsi, 74)

Ayədə bildirilən Allah qorxusunun digər dünyəvi qorxularla qarışdırılmaması üçün uca Allah Quranda Özündən qorxan möminlərin hisslərini, ruh halını və qorxularının gücünü yuvarlanan daşlara bənzədərək vurğulayır. Həqiqətən də Allah qorxusu başqa heç bir qorxuya bənzəməyən, çox dərin və hörmət dolu qorxudur. Bu qorxu digər qorxular kimi insana sıxıntı və əzab verən qorxu deyil. Əksinə insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açan, insanı çox üstün əxlaq səviyyəsinə çatdıran bir qorxudur. Bu qorxu möminin axirətə olan həsrətini, ümid və şövqünü artıran qorxudur. Allah qorxusu möminin Allaha yaxınlığını və sevgisini qat-qat artıran, ona böyük mənəvi həzz yaşadan hissdir.

 Şiddətli yağışda çılpaq qaya misalı

İnfaq, insanın sahib olduğu malı və imkanı uca Allahın yolunda istifadə etməsi deməkdir. Bu səbəbdən bütün ibadətlərdə olduğu kimi, infaq edərkən də bu ibadətin hikmətini dərk etmək çox önəmlidir. Çünki infaq möminlər üçün mənəvi təmizlik vasitəsidir.

Malını Allah yolunda, sadəcə Onun rizasını qazanmaq məqsədi ilə xərcləyənlərin mallarında azalma olmayacağı və qazanclarının daima bərəkətli olacağı, buna qarşılıq olaraq isə insanlara göstəriş məqsədli, istəmədən xərcləyənlərin isə etdiklərinin axirətdə onlara fayda gətirməyəcəyini Allah Quranda çılpaq qalan qaya misalı ilə hikmətli şəkildə açıqlayır.

Rəbbimiz bu insanların səmimiyyətsiz şəkildə infaq etmələrini və qazandıqları pulun heç bir şeyə gücü çatmayacağını “Bəqərə” surəsində bu şəkildə bildirir:

Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

İman gətirməyənlər mallarına dünya həyatında çox dəyər verir, böyük sevgi və ehtirasla bağlanırlar. Halbuki bu mallar möminlər üçün Allahın rizasını qazanmağı umduqları bir vasitədir. Möminlər sahib olduqları hər şeyin həqiqi sahibinin uca Allah olduğunu bildikləri üçün infaq ibadətini çox böyük həvəslə yerinə yetirirlər. Bütün nemətləri ancaq Allahın rizasını qazanmaq üçün böyük şövqlə istifadə etmələri və infaq etməyi uca Allaha yaxınlaşmağa vasitə kimi görmələri, möminlərin Rəbbimizə olan sədaqətini, Onun rəhmətini və məmnuniyyətini dünyadakı heç bir şeylə dəyişdirməyəcəklərini, bu yolda hər şeyi fəda edə biləcəklərini ən gözəl şəkildə ortaya qoyur.

 Sahibi çox olan (kölə) insan misalı

Uca Allahdan başqa güc sahibi olmadığı Quranda bildirilmişdir. Allahın yaratdığı varlıqların güc sahibi kimi göründükləri isə əslində Allahın sonsuz gücünün onlardakı əksidir. Allah dilədiyi anda bu gücü onlardan geri ala bilər. Bu səbəbdən Allahın kimisə bu dünyada müvəqqəti olaraq imtahan üçün verdiyi güc və qüdrətə görə gözündə böyütmək, ona heyran olmaq, bu gücü ona aid görmək bir növ insanı ilahlaşdırmaq olar (Allahı tənzih edirəm). Böyük görüləsi, heyran olunası, mədət umulası yeganə mütləq varlıq aləmlərin Rəbbi uca Allahdır.

Ancaq inkar edənlər əldə etdikləri nemətləri və gücü uca Allahın vəsilə etdiyi maddələrə və şəxslərə aid edir və onlardan mədət umurlar. Onlara minnətdar olur, onlara şükür etməyə çalışırlar. Qısaca, Allahdan başqa güc sahibi zənn etdikləri saysız saxta ilahları olur. Ağıllı olmadıqları üçün bütün saxta ilahları da, onların etdiklərini də Allahın yaratdığını, Allahın diləməsi və əmri olmadan heç bir şey edə bilməyəcəklərini, heç bir şeyə güclərinin çatmayacağını görmürlər. Allahı unudaraq gücü və təsiri Onun qullarında axtarıb, onlara yönəlir, onlara şükür edir və onlardan mədət umurlar. Bu isə həm şirk, həm də çox böyük nankorluqdur. Ancaq Allaha şərik qoşan insanların dərk etmədikləri bir həqiqət vardır. Bu da Allahdan başqa sitayiş etdikləri varlıqları razı salmalarının mümkün olmadığıdır.

Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz. (Zumər surəsi, 29)

 Göydən endirilmiş su misalı

Dünyada gözəl olan nə varsa, bir gün gözəlliyini itirəcək və yox olacaq. Bu üzərində dərin düşünüləcək mövzudur. Çünki Allah bu nümunələri “düşünən insanlar” üçün açıqladığını bildirmişdir. Sonsuz hökm və hikmət sahibi Allah Quranın bir çox ayəsində dünya həyatının keçiciliyini və bu mövzunun vacib olmasını bildirmişdir. Bu həqiqət ayədə belə bir nümunə ilə bildirilmişdir:

Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik. (Yunis surəsi, 24)

 Gözəl sözün gözəl ağaca bənzədilməsi

Uca Allah Quranda insanların bir-birlərinə gözəl sözlər demələrini əmr edir. Quran əxlaqının tələbi olan gözəl sözün vacib olmasına dair Quranda çox hikmətli və təsirli nümunə verilmişdir. Gözəl söz gözəl ağaca, pis söz isə pis ağaca bənzədilərək ayədə bu şəkildə buyurulmuşdur:

Allahın, gözəl bir sözü, kökü (yerdə) sabit duran, budaqları isə göydə olan gözəl bir ağaca bənzədərək necə bir misal çəkdiyini görmədinmi?! O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. Pis bir söz isə, yerdən çıxarılıb (kökü üstə) dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

 Ən gözəl misallar Allahındır

Sonsuz elm, ağıl və hikmət sahibi olan uca Allah Quranda insanların qavraya biləcəyi ən gözəl misalları, ən təsirli bənzətmələrlə bildirmişdir. Quranın bənzərsiz üslubu ilə zənginləşən, düşünən və iman gətirən insanların öyüd ala biləcəkləri bu gözəl nümunələr Allahın sonsuz elmini və möhtəşəm yaradışını bizə göstərən dəllillərdən təkcə biridir. Elm baxımından hər yeri əhatə edən uca Allah çox hikmətli bir misalla bu vəziyyəti Quranda bu şəkildə bildirir:

Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir. (Loğman surəsi, 27)

Rəbbimizin Quranda bildirdiyi bu bənzətmələr oxuyan insanları düşünməyə və daha asan qavramağa yönəldən hikmətli üslubdadır.

Verilən misallarda da göründüyü kimi, möminlərin yol göstəricisi olan Qurandakı bənzətmələrin və təsvirlərin hamısı mövzunu ən açıq şəkildə izah edir. Bu bir həqiqətdir ki, ən gözəl nümunələrin tək sahibi Rəbbimizdir

Pis sifətlər (xüsusiyyətlər) axirətə inanmayanlara məxsusdur. Ən uca sifətlər isə Allaha məxsusdur. O, yenilməz qüvvət və hikmət sahibidir! (Nəhl surəsi, 60)