Quranda keçən hikmət kəlməsi hədis və ya sünnə mənasında deyil. “Hikmət” kəlməsi hökm etmək, hökm, möhkəm kimi kəlmələrlə eyni kökdəndir. Yəni “hikmət” sözü dilimizdə qəlibləşmiş “müəmma”, “gizli sirr” mənasında deyil.
Quranda hikmət kəlməsinə baxaq:
Bunlar Rəbbinin sənə vəhy etdiyi HİKMƏTDƏNDİR. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan. (İsra surəsi, 39)
Ayədən də göründüyü kimi bu hikmətlər öncədən açıqlanmışdır. Bu hikmətlərə Quranın digər ayələrində baxaq:
Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə! (İsra surəsi, 26)
Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur. (İsra surəsi, 27)
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə! (İsra surəsi, 28)
Nə xəsis ol, nə də israfçılıq et! Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olmuş bir halda oturub qalarsan. (İsra surəsi, 29)
Şübhəsiz, Rəbbin dilədiyi kimsənin ruzisini artırar, dilədiyi kimsənin ruzisini də azaldar. O, həqiqətən, qullarından xəbərdardır, onları görəndir. (İsra surəsi, 30)
Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır. (İsra surəsi, 31)
Zinaya yaxınlaşmayın! Çünki bu, əxlaqsızlıqdır və pis bir yoldur. (İsra surəsi, 32)
Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (qisas alması üçün) ixtiyar verdik. Ancaq o, qətldə həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) yardım olunmuşdur. (İsra surəsi, 33)
Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır. (İsra surəsi, 34)
Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir. (İsra surəsi, 35)
Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb – bunların hamısı ondan sorğu-sual olunacaqdır. (İsra surəsi, 36)
Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən. (İsra surəsi, 37)
Bütün bunların pis olanları, Rəbbinin yanında iyrənc əməllərdir. (İsra surəsi, 38)
(Ey Peyğəmbər!) Bunlar Rəbbinin sənə vəhy etdiyi HİKMƏTLƏRDƏNDİR. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan. (İsra surəsi, 39)
Ayələrdən göründüyü kimi burada Allahın bütün insanlığa əmrlərindən bəhs edilir; öldürmək, zina etmək, təkəbbür, israf etmək və bunlara hikmətlərin bəziləri deyilir. “İsra” surəsindəki bu hökmləri bütün insanlıq qəbul etmişdir. Deməli, hikmət anlayışı Quranın bir xüsusiyyətidir və dolayısilə, Quranın bir sifətidir və bu sifətlərdə Allahın dünyəvi qanunlarının xatırladılmasıdır.
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Taha surəsi, 2-3)

