Quranda “hədis” sözü keçən ayələr

Quranı inkar edən hədisçilər Allah kəlamını ortadan qaldırıb yerinə uydurma Buxarinin

Quranı inkar edən hədisçilər Allah kəlamını ortadan qaldırıb yerinə uydurma Buxarinin, Müslimin, Əbu Davudun, Küleyninin, Tusinin və digərlərinin sözlərini qoymaq üçün 1200 ildir çalışırlar. Əslində böyük ölçüdə istəklərinə nail olublar. Hazırda o uydurma hədislərə görə İslam coğrafiyası cahillik, səfillik, savadsızlıq, müharibələr, qətllər ağuşunda can verir. Hədis-söz deməkdir, yəni guya yüz minlərlə o uydurma sözləri Peyğəmbərimiz demişdir. Halbuki Quranın heç bir yerində Peyğəmbərdən sonra onun sözlərinə iman edin deyə bir deyim yoxdur. Məntiqdən uzaq hədisçilər anlamırlar ki, əgər Peyğəmbərin sözləri də vəhy olsaydı onu da yazdırardı Quran kimi, daha 200 il sonra hansısa saxtakarlara meydan buraxmazdı.

Quranda hədis sözü əsasən Quranın özü üçün işlədilir. Həmin ayələrin ərəbcəsinə baxaraq buna əmin ola bilərsiniz. Bir hədisçini sıxışdıranda Allaha, Rəsuluna, Qurana iftira atandan sonra sənə də meydan oxuyur ki, ərəb dilini bilməlisən. Tamamilə yalan söhbətdir. Bunların saxtakarlıqlarını görmək üçün ərəb dilini bilməyə belə ehtiyac yoxdur. Ayənin ərəbcəsinə bax, oxunuşuna bax, sonra da sözlərin bir-bir lüğətlərdə tərcüməsinə bax kifayətdir. İndi sizə hədis sözünün Quran üçün işlənən ayələrini verirəm:

Casiyə 6. Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra daha hansı sözə (bi eyyi hadisin) inanacaqlar? – Ayədə Allah ayələri ən doğru söz, hədis kimi ifadə edir. Sonra isə “Qurandan başqa hansı hədisə inanacaqlar?” kimi meydan oxuyur. Yəni Qurandan başqa hədis adı ilə gələn heç nəyə etibar edilməz.

Əraf 185. Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə (bi eyyi hadisin) inanacaqlar? – Yenə burada da Qurandan başqa heç bir hədisə etibar edilməməsi göstərilir.

Mürsəlat 50. Artıq bundan sonra hansı sözə (bi eyyi hadisin) inanacaqlar? – Bir daha Qurandan başqa sözlərə, hədislərə etibar edilməməsi təlqin olunur. Bunlar hamısı ciddi xəbərdarlıqdır ki, sual şəklində verilib.

Kəhf 6. Onlar bu Sözə (bi haza el hadisi) inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən? – Allah Rəsuluna deyir ki, onlar Qurana inanmırlar deyə niyə kefsiz olursan? Yəni buradan anlayırıq ki, Rəsul öz sözlərini yox Quranı təbliğ edirdi. Burada da Quran üçün hədis kəlməsinin seçilməsi təsadüf deyil.

Zümər 23. Allah Sözün ən gözəlini (ahsene el hadisi) bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istəyəni doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. – Diqqət etsək görərik ki, Allah ən gözəl hədis kəlməsini ancaq Quran üçün işlədir. Yəni Quranda hədis sözü bütün yaxşı mənalarda yalnız və yalnız Allah kəlamı üçün işlənir. Bundan başqa hədis sözü insanlar üçün işlədiləndə isə pis mənalarda işlədilir. Həmin ayələrə baxaq:

Yusuf 111. Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu uydurulmuş bir kəlam deyildir (ma kane hadisen yuftera). Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. – Allah Quran üçün deyir ki, bu uydurulmuş bir söz, hədis deyil. Demək insanlar iftira atırmış ki, Quran uydurulub. Burada da onlara cavab verərkən hədis sözü istifadə olunub.

Loğman 6. İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan Allah yolundan sapdırmaq və lağa qoymaq üçün boş-boş sözləri (lehve el hadisi) satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. – İnsanların iftira tipli sözləri, boş-boş danışıqları da hədis sözü ilə verilmişdir.

Əhzab 53. Ey iman gətirənlər, sizə yeməyə izin verilməyincə nəbinin evlərinə girməyin və yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə (li hadisin) dalmadan dağılışın. Çünki bu nəbini narahat edir və o sizdən utanır. Allah isə sözün açığını deməkdən utanmır. Onlardan bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın rəsulunu narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır. – Demək insanlar Allah rəsulunun ziyafətlərinə qatılıb qonaq olurmuş. Yeməkdən də sonra boş-boş danışıb rəsulu yorurlarmış. Lakin rəsul bunu onlara deməkdən utanır. Burada o boş söhbətlər də hədis deyə ifadə edilmişdir.

Tur 34. Əgər doğru söyləyirlərsə, qoy ona bənzər bir kəlam (li yetu bi hadisin) gətirsinlər. – Bu ayə hədisçilərin iç üzünü açır. Deyirsən ki, Qurana bənzər kəlam gətir. Gedir Buxarinin hədisini gətirir ki, guya Peyğəmbər deyib ki: “Mənə Quran və onun bənzəri hədis verildi”. Yəni bunlar iddia edir ki, Peyğəmbər Qurana qarşı çıxıb. Amma Quran deyir ki, Qurana bənzər heç nə yoxdur.

Təhrim 3. Bir zaman nəbi öz zövcələrindən birinə sirr (eserre hadisen) verdi. O da bunu xəbər verdikdə və Allah da bunu aşkar etdikdə o, bunun bir qismini zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Bunu ona bildirdikdə dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə Bilən, Xəbərdar olan xəbər verdi”. – Fikir versək görərik ki, Peyğəmbərin xanımına dediyi sirr hədis sözü ilə ifadə edilib. Yəni insan sözü kimi daha vəhy kimi yox.

Heç bir ayətullaha, şeyxə, mollaya, məzhəb imamına ehtiyac olmadan, ayələri oxuyaraq gördük ki, Quranda səhih hədis kimi ancaq Allahın ayələri təqdir olunur. Quran üçün işlənməyən hədis sözləri ancaq insanlar üçün işlədilib. İnsanlar üçün işlədiləndə isə hədis sözü “boş söz”, kimi mənalandırılıb.