Quranda fitrə zəkatı

Quranda fitrə zəkatı

Quranda “fitrə zəkatı” deyə zəkat növü yoxdur, ümumi zəkat vardır. Zəkat ilin sadəcə 1 günü verilməz, bütün il boyu verilər, imkan varsa gündəlik, həftəlik və ya aylıq verilər. Allah daima kasıblara himayə edin deyir, Allahın verdiyi aylıq qazanc nədirsə ondan ehtiyacı olanların payı vardır deyilir.

Quranda malların, maddi dəyərlərin Allah yolunda sərf edilməsi zəkat, sədəqə kimi kəlmələrlə bəzən də yoxsulu yedirin kimi ifadələrlə (məsələn: Müdəssir, 44) və ya mallarla Allah yolunda mücadilə kimi ifadələrlə anladılır. Zəkat İslamın əsas təməl ibadətlərindən biridir. Lüğəti mənası “çoxaltma”, “təmizlik” deməkdir. Məzhəblərin şəriətinə görə zəkatın miqdarı 1/40-dir. Quranda zəkatla, sədəqə ilə əlaqəli təxminən 31 ayə var onların heç birində bu miqdar göstərilməmişdir. Zəkatın miqdarı; artıq qalanı verməkdir.

…Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz. (Bəqərə surəsi, 219)

Bu ayədən görürük ki, Allah ehtiyacımızdan artıq qalanını verməyimizi istəyir. Yəni ortada hansısa 1/40, 1/10 bölgüsü yoxdur. Nədir bu ehtiyacdan artıq qalan? Tutalım mənim 1 aya ehtiyacım 500 manatdır. Mən 700 manat qazanıram. 200 artıq qalır. Onun 100-nü ehtiyat saxlayıram qalır 100. Ondan da zəkatı verməliyəm, miqdarı da öz vicdanıma qalıb.

O kəslər ki, mallarında müəyyən bir haqq (zəkat və sədəqə payı) vardır – dilənən və (utandığı üçün istəyə bilməyib) məhrum qalanlar üçün. (Məaric surəsi, 24-25)

Bu ayədən anlayırıq ki, imkanı olmayanın, yoxsulun, çarəsizin bizim mallarımızda haqqı var. Allah bizə o haqqı qaytarmağımızı əmr edir.

Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün onlara ruzilərini vermirlər. Onlar Allahın verdiyi neməti inkarmı edirlər? (Nəhl surəsi, 71)

Bu ayədə Allah ruzi baxımından birimizi digərimizdən üstün etdiyini deyir və üstün edilən öz ruzisini bölüşməlidir. Lakin ayədə zəkat verməyənlərin və ya xəsislik edib az verənlərin münafiq olduğu aydın olur.

Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ! (Tövbə surəsi, 34)

İmkanlı olan öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər. (Talaq surəsi, 7)

Bu ayədə hər kəsin öz imkanına görə zəkat, sədəqə verməsi əmr olunur.

Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir. (Bəqərə surəsi, 267)

Bu ayədə düzgün, halal mallardan, sahib olduğumuz şeylərin yaxşısından sərf etməyimiz əmr olunur. Bundan başqa;

  • Rəd 22-də Allah sədəqələrimizi aşkar və gizli verə biləcəyimizi deyir.
  • Bəqərə 271-də aşkar versəniz nə yaxşı, amma gizlincə versəniz bu sizin üçün daha xeyirli olar deyir.
  • Zəkatı, sədəqəni verərkən ancaq Allah yolunda verməli, göstəriş üçün edilməməli və elədiyi yaxşılığı başa vurmamaq lazım (Bəqərə 262-264).
  • Xərcləməyə heç bir şeyi olmayanların üzərində heç bir məsuliyyət yoxdur (Tövbə 91-92).

Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (Ali İmran surəsi, 92)

Bu ayədən açıq-aşkar görürük ki, sahib olduğumuz mallardan yoxsullara, çarəsizlərə, imkansızlara xərcləmədikcə savaba çata bilmərik.

Gördüyünüz kimi Qurandakı bu ayələri incələyərək zəkatı, sədəqəni, Allah yolunda sərf etməni asanlıqla müəyyən edə bilərik.