Quranda elmi həqiqətlər

Quranda bir çox elmi həqiqətə aydın və ya dolayı olaraq işarə edilir (2)

Quranda bir çox elmi həqiqətə aydın və ya dolayı olaraq işarə edilir. Kainatın meydana gəlişindən insanın yaradılış mərhələlərinə, yağışın meydana gəlməsindən qitələrin hərəkətinə qədər bir çox mövzudan Quranda, Allahın yaratmasındakı üstünlüyün və bənzərsizliyin nümunəsi olaraq bəhs edilir.

Ancaq Quran əlbəttə ki, elm kitabı deyildir. Quranda çox vaxt açıq və dəqiq bir üslubla bəhs edilən elmi mövzular bəzən də bənzətmələr, işarələr, üstüörtülü izahatlarla müzakirə edilər. Elmi mövzular haqqında çox məlumatı və təməli olmayan, incə bir qavrayışdan uzaq bəzi ön mühakiməli kəslər isə bu cür ayələrin hikmətini qavramadıqlarına görə öz aləmlərində Qurana bəzi etirazlar edirlər.

Halbuki, bu gün XXI əsrin insanı, Quranda diqqət çəkilən bir çox elmi həqiqətin, ən son texnologiyanın müşahidə, təcrübə və məlumatı ilə möcüzəvi bir şəkildə təsdiqləndiyinə şahid olmuşdur. Belə ki, etibarsızlıqları hələ son iki əsrdə aydın olan xurafatlar yüzlərlə ildir ki, elm dünyasına hakim olduğu halda, Quranda 1400 il əvvəldən indiki vaxtda təsbit edilmiş və sübut edilmiş elmi həqiqətlərə diqqət çəkilmişdir.

Böyük Partlayış (Big Bang), kainatın genişlənməsi, zamanın nisbi olması, qitələrin hərəkət etməsi və s. kimi bir çox elmi mövzu, hələ Quranın endirildiyi zaman 1400 il əvvəldən xəbər verilmişdir. Bu elmi ayələrin sirri əsrlər boyu bunları oxuyan müsəlmanlar üçün gizli qalmışdır. Lakin müsəlmanlar Quranın Allahdan gələn bir haqq olduğuna heç bir şübhəyə düşmədən inandıqları üçün hələ şərhini edə bilmədikləri bu ayələrin də haqq olduğuna və bir çox sirr və hikmət ehtiva etdiyinə iman gətirmişlər.

Yəni ağlını istifadə edən və dərin düşünmə qabiliyyətinə sahib olan insanlar üçün hər ayə, Allahın sonsuz elminin bir hissəsidir. Yalnız hələ sirri açılmamış, şərhi insanlara bildirilməmişdir. Bu cür ayələr möminlər üçün şövq və həyəcan mənbəyi olar. Allahın sonsuz elmi ilə hər şeyi əhatə etdiyini hiss etmələrini təmin edər.

Mövcud elm və texnologiya səviyyəsiylə hələ izah edilməmiş ayələrə etiraz etmək isə pis niyyətli kəslərin xüsusiyyətidir. Quranda bu kəslərdən belə bəhs edilir:

Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?” (Nəml surəsi, 84)

Qurana qərəzliklə yaxınlaşan belə bir kimsənin, məqsədi onsuz da öz aləmində Quranda ziddiyyət axtarmaq olduğundan, həmin anda ağlının kəsmədiyi, məlumatının çatmadığı hər hansı bir ayəni, öz zəif ağlına görə Quranın ziddiyyəti zənn edər. Halbuki, Quranda, endirildiyindən bəri yüzlərlə ildir ki, mənası gizlənmiş və ancaq indiki vaxtda aydın olmuş elmi ayələr olduğu kimi, daha sonrakı tarixlərdə aydın olacaq, bu gün hələ mənası aydın olmamış elmi ayələr də ola bilər.

Məsələn, Quranda maddə nəqli və qoxu nəqli ola biləcəyinə işarə edilir. Müasir dövrün texnologiyası ilə hələ mümkün olmasa da bu iki mövzu, elmi-fantastikanın gündəmində, gələcəyin texnologiyası olaraq çoxdan özünə yer tutmuşdur. Bunlarla əlaqədar Qurandakı ayələr belədir:

– Hz. Süleymanın yanındakı elm sahibi bir şəxsin Səba məlikəsi Bəlqisin taxtını yüzlərlə kilometr məsafədəki sarayından bir anda gətirməsi:

Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?” Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”. (Nəml surəsi, 38-40)

– Hz. Yaqubun, oğlu hz. Yusifin qoxusunu kilometrlərlə uzaqdan duyması:

Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 94)

Qiyamətə qədər qüvvədə qalacaq, bütün dövrləri əhatə edən üstün bir elmin gizli olduğu Quranın bəzi ayələrinin verdiyi mənaları bugünkü elmin səviyyəsi ilə başa düşə bilməmək çox təbiidir. Müasir dövrümüzün elm və texnologiyası hələ yetərli səviyyəyə çatmamışdır, elm inkişaf etdikcə Quran ayələrindəki elmi həqiqətlərə işarə edən “dərin mənalar” daha da yaxşı aydın olur.

Bəzi insanlar da yaşadıqları dövr və cəmiyyətin şərtlərini özlərinə meyar qəbul edər və əksəriyyətini qəbul edib tətbiq etdiyi qaydaları mütləq həqiqətlər zənn edərək Quranı qiymətləndirməyə çalışarlar. Bu cür kəslər Qurana etiraz etməyə cəhd göstərənlərin məlumat, anlayış və mədəni səviyyə cəhətdən ən alt, ancaq ən çoxluq təşkil edən kütləni əmələ gətirər.

Bu cür insanlara, hər cür peşə qrupunda və ictimai mühitdə rast gəlmək mümkündür. Çox düşünməyən, hər hansı dünya görüşü olmayan, gününü gün etməyə ya da hayatını qazanmağa çalışan geniş bir kütləni əmələ gətirərlər. Kiçik hesablar, bəsit zövqlər və mənfəətlər ardınca getdiklərindən, öz zəif ağıllarına görə, Quranı mənfəət və zövqlərinə mane törədəcək, guya kefini pozacaq, azadlığını məhdudlaşdıracaq, sadə həyat və ümidlərini dəyişdirəcək, alışıb qurduqları sistemi pozacağını zənn edərlər və sadə məntiqlə Allahın ayələrinə qarşı çıxmağa çalışarlar.

Bu kütlənin mənsubları Quran ya da din haqqında, ümumiyyətlə, özləri düşünüb tapmadıqları lakin ordan-burdan eşidib mənimsədikləri klassik ağıldankənar qəlibləri irəli sürərlər. Əsasən, “XXI əsrdə…”, “bu dövrdə…”, “kosmik dövrdə…”, “qərbdə…” və s. kimi qəliblərlə başlayan cümlələr quraraq Quran haqqında ağılsız və cahil şərhlər edərlər.

Müasir dövrümüzün həyat şərtləri ilə Quranda bildirilən həyat modelinin uyğunlaşmadığını irəli sürərək Quranın hökmləri haqqında həqiqətdənkənar səhv şərhlər edərlər. Məsələn, gündəlik həyat tempi ilə oruc tutmağın, dövrümüzün iqtisadiyyat anlayışı ilə faizin haram olmasının, müasir qadın-kişi əlaqələri ilə zinanın qadağan edilməsinin uyğun gəlmədiyi kimi ağıl və məntiqdən kənar iddialar irəli sürərək Quranın hökmlərini öz aləmlərində tənqid etməyə çalışarlar.

Quranda bildirilən ibadətlər, hökmlər, qadağalar haqqında cahil və səthi məntiqlərdən istifadə edərlər. Hikmətini başa düşmədikləri hökmlər, mənalarını qavraya bilmədikləri ayələr haqqında ağılsız müzakirələr edər və heç bir əsaslı məntiq ehtiva etməyən iddialarını israrlı şəkildə müdafiə edirlər.

“Həyatın həqiqətləri” adını verdikləri cəmiyyətin əksəriyyətinin həyat tərzi və dünya görüşünü mütləq doğru qəbul edir və bunları meyar qəbul edərək öz aləmlərində Quranda səhv və ya çatışmazlıq axtarmağa cəhd edərlər. Halbuki, meyar qəbul etdikləri bu anlayışların nə elmi, nə də məntiqi heç bir dəyəri yoxdur. Mütləq həqiqətlər, həyatın həqiqətləri, əsrin tələbləri zənn etdikləri anlayışlar, topluluq psixologiyası ilə bir-birlərini ovutduqları, özlərini aldatdıqları mənasız düşüncələrdir.

Bütün gücünü çoxluqdan alan, çoxluğa tabe olmaqla doğru yolda olduğunu zənn edən bu şüursuz kütlənin əslində nə qədər azğın bir yolda olduğu Quranda bizə xəbər verilir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)