İnsan həyatının çox mühüm hissəsi olan və həyat keyfiyyətini yüksəldən azadlıq ancaq demokratiya anlayışının hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, haqq və azadlığa sahib olduğu idarəetmə formasıdır. Demokratiya peyğəmbərlər vasitəsilə Allahın qullarına haqq kitablarda vəhy etdiyi bir nemətdir. Bütün haqq kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin sərbəst yaşayacağı, sərbəst fikirlərini dilə gətirə biləcəyi sülh içində yaşanan bir mühit əmr edilmişdir. Bu səbəbdən, demokratiyanın ilk yarandığı yer kimi qəbul edilən qədim yunan torpaqları və ya müasir dövrdə demokratiyanın mərkəzi olaraq qəbul edilən Avropa ölkələri demokratiyanı haqq dinlərdən öyrəniblər. Lakin demokratiyanın ən inkişaf etmiş forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.
İslam əxlaqını tanımayan və ya yeni tanış olan bəzi insanlar İslamı yanlış mənbələrdən öyrəndikləri üçün yanlış ön mühakimələrə və fikirlərə sahib olurlar. Bu insanlar heç bir doğruluğu olmadığı halda, İslamın azadlıqlarına mane olacağına, incəsənət və elmə zərər vuracağına inanırlar. Halbuki, İslam insanlara ibadət, fikir və söz azadlığı təmin edən, onların hər cür haqqını himayə edən və insanlara həqiqi azadlıq verən bir dindir. Quranda bildirilən “Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam” (Yunis surəsi, 41) ayəsi Allahın qullarına demokratiyani əmr etdiyi ayələrdən biridir. Bu ayədə heç kimə təzyiq edilməməsinin, hər kəsin fikir və inanc azadlığına sahib olmasının əhəmiyyəti çox açıq ifadə olunmuşdur.
Demokratiyanın hər şərti ancaq İslam əxlaqının yaşanması ilə tətbiq oluna bilər.
1) Sosial ədalət: Allah sosial ədaləti əmr edir.
Əsl demokratik sistemdə sosial ədalət demokratiyanın əsas prinsiplərindən biridir. İnsanlar sosial ədaləti hz. İbrahim və hz. Nuhdan öyrəniblər.
Dini mənbələrə görə, hz. Nuh tufandan sonra gəmi quruya çıxanda çox az qalan noxud, mərcimək, üzüm, əncir, buğda kimi ərzaqların hamısını qarışdırıb bişirmişdir. Sonra gəmidə olan hərkəs ilə birlikdə hazırladığı yeməyi yemişdir. Bu sosial ədalətdir. Çünki hər kəsə bərabərlik, köməksevərlik və paylaşmağı öyrədir və insanlara yemək verməyin önəmini xatırladır: “Elçilərimiz mələklər İbrahimə müjdə gətirdilər və: “Salam!” –dedilər. O da: “Salam!” – dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. (Hud surəsi, 69) ayəsində xəbər verildiyi kimi, hz. İbrahim qonaqları gələndə dərhal buzov kəsib bişirmiş və qonaqlara təqdim etmişdir. Hz. İbrahimin heç tanımadığı insanlara yemək təqdim etməsi ilə Allah yemək təqdim etməyin gözəl davranış olduğunu, həmçinin mümkün olduqca yoxsullara da yemək verməyin əhəmiyyətini hikmətli bir örnəklə bildirmiş və sosial ədalətə diqqət çəkmişdir.
2) Bərabərlik: Allah irqlərin bir-birinə üstün olmadığını Quranda bildirmişdir.
Rəbbimiz Quran ayəsində xəbər verdiyi kimi üstünlüyün təqvaya görə olacağını bildirmişdir.
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)
Allahın əmr etdiyi bu həqiqəti Peyğəmbərimiz (s.ə.v) isə hədislərində belə buyurmuşdur:
“Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar mütləq və mütləq irqləri ilə öyünmək duyğusunu tərk etməlidirlər! (Sünen-i Ebu Davud, 4/331)
3) Ədalət: Allah ədaləti əmr edir
Allah Quranda möminlərə: “…Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik dəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135), deyə buyurmuşdur. Peyğəmbərimiz hz. Məhəmmədin həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olan insanlara qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allahın ayəsində bildirdiyi kimi zəngin, yoxsul ayırd etmədən hər kəsə bərabər davranması demokratiya anlayışına gözəl nümunədir.
Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Maidə surəsi, 42)
Peyğəmbərimiz bu ayənin hökmünə uyğun olaraq sözə baxmayan qövmün içində belə, Allahın əmrini yerinə yetirmiş və heç vaxt ədalətdən güzəştə getməmişdir. Daima ayədə bildirildiyi kimi: “Rəbbim ədalətli olmağı əmr etdi…” (Əraf surəsi, 29) deyərək hər dövrdə bütün insanlara nümunə olmuşdur.
Demokratiya yalnız Allahın əmr etdiyi əxlaq anlayışının yaşanması ilə mümkündür. Göründüyü kimi, İslamın əsasında düşüncə, inanc və söz azadlığı vardır. Bəzi insanlar demokratiyanın insanlıq tarixinə qədim Yunanıstanla girdiyini zənn edirlər. Halbuki, insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən indiyə qədər bütün peyğəmbərlər azadlığın, azad düşüncənin, fikirlərə hörmətin əsl təmsilçiləridirlər. Demokratiya deyiləndə insanların ağlına gələn azadlıq, ədalət, heç kimə təzyiq edilməməsi, hər insanın birinci dərəcəli vətəndaş olması, insanlara hörmətlə yanaşılması, etibar edilməsi, insanların fikirlərinə görə mühakimə olunmaması kimi bütün anlayışların əsası din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın endirdiyi haqq dinlər vasitəsilə öyrənmişlər və ən gözəl örnəklərinə də haqq dinlərin yaşandığı dövrlərdə şahid olmuşlar.

