Quranda danışıq ədəbi

Möminlər üçün qarşılıqlı söhbət və bu söhbət əsnasında Allahın xatırlanması çox önəmli

Möminlər üçün qarşılıqlı söhbət və bu söhbət əsnasında Allahın xatırlanması çox önəmli ibadətdir. Qarşılıqlı sevgi və hörmətə dayanan bir şəraitdə səviyyəli danışıq üslubu ilə imani mövzulardakı düşüncələrini bir-birinə anladır, ayələri birlikdə oxuyub düşünürlər. Üslubda sevgi və hörmətin gözlənilməsi çox mühümdür. Həmçinin, Allah; “Qullarıma de ki, sözün ən gözəlini söyləsinlər. Həqiqətən, şeytan onların arasına fitnə salar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir.” (İsra surəsi, 53) əmri ilə bu üslubun qorunmasını hökmə bağlayır. “Zumər” surəsinin 18-ci ayəsində isə Allahın doğru yola çəkdiyi insanların, yəni təmiz ağıl sahiblərinin “sözü dinləyib onun ən gözəlinə uyduqlarını” bildirmişdir.

Möminlərin yaşadığı evlər barədə Allah; “Allahın isminin ucaldılmasına və zikr edilməsinə izn verdiyi yerlər” deyilir. Möminlər “orada səhər-axşam Onu təbliğ edib şəninə təriflər deyərlər” (Nuh surəsi, 36). Məhz bu evlərdə iman gətirənlər qarşılıqlı söhbət edir və Allahı anırlar. Üstəlik “Ənfal” surəsinin 2-ci ayəsində deyildiyi kimi, onların “Allah adı çəkiləndə qəlbi qorxudan titrəyər”. Buna görə də, möminlərin Allahı anlaması sadə bir söhbət deyil, çox səmimi, hər kəlməsi hikmətli, Quran ayələrindən nümunələrlə bəzədilmiş ixlaslı söhbətlərdir.

Həqiqətdə möminlər dünyada da cənnət mühitini mümkün olduğu qədər yaşatmağa çalışırlar. Bu məqsədlə yaşadıqları evlər əslində orada cənnətdəkilərinin bənzəri olan söhbətlər edilən, sevincli söhbətlərin olduğu, eyni zamanda Allahın ayələrinin oxunduğu, hikmətinin danışıldığı yerlərdir. Quranda ətraflı təsvir edilmiş cənnət söhbəti üzbəüz taxtlar üzərində əyləşməklə aparılır. Möminlər orada Allahı anarlar, mənasız və boş danışıq olmaz. Bütün möminlər onlara mərhəmət göstərən və bağışlayan Allaha şükür edərlər.

Cənnətdəki söhbətin və zikrin oxşarı əlbəttə, dünyada da möminlər arasında həyata keçir. Həmçinin Qurana görə, möminlər üçün ən böyük ibadət Allahı zikr etməkdir. Bunun məkanı və vaxtı yoxdur, möminlərin arasında hər şəraitdə Allahın xatırlandığı söhbətlər gedə bilər. Bu məsələ Quranda belə anladılır:

Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)

Möminlərin söhbətləri bir-birindən çox fərqli mövzularda ola bilər, nəticədə hər danışıq, hər söhbət mütləq Allaha bağlandığı üçün möminin söhbətində “mənasız danışıq” olmaz. Allahdan bəhs edilməyən, nəticəsinin Allaha bağlanmayan bir söhbət insanı darıxdıran boş bir söhbətə çevrilər. Buna görə də möminlər gözəl və estetik bir ev görəndə bu haqda söhbət edərlər, çünki gözəl və estetik evlər cənnət nemətlərindəndir. Bu mövzuda söhbət etmək möminin şövqünü və cənnətə olan istəyini gücləndirər. Mühüm olan isə bu evin dünyanın müvəqqəti nemətlərindən olduğunu, yox olmağa məhkum olduğunu, Allahın bu görüntünü möminləri sınamaq məqsədi ilə yaratdığını unutmur. Çünki inkarçılar da belə bir ev haqqında saatlarla danışa bilərlər. Möminlə onların fərqi bütün danışıqlarında Allahı xatırlamasıdır. Çünki “qəlbi yalnız Allahı zikr etməklə rahatlıq tapar” (Rad surəsi, 28).

Allah möminlərə xas xüsusiyyətləri sayarkən “nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən… yayındırmaz” (Nur surəsi, 37) demişdir. Tək olanda da, iki nəfərlə və ya cəmiyyət içində də Allahı zikr etmək olar. Şübhəsiz ki, insanın tək zikr etməsi çox mühümdür. Çünki onun ruhundakı bu dəyişiklik hərəkətlərinə təsir edəcəkdir. Beləliklə də mömin Allah ilə olan yaxınlığını heç vaxt itirməyərək qarşısına çıxan sınaqları asanlıqla aşacaq, etdiyi bütün hərəkətləri savab qazanma niyyəti ilə edəcəkdir.

– Söhbət ədəbi

İnsanların fikirləri, qarşı tərəfə olan sevgi və hörməti ən çox söhbətlərinə əks olunar. Buna görə də, əhəmiyyətli olan, İslam əxlaqının gərəyi olan söhbət ədəbinə uyğun davranışla, hər kəsin söhbətdən istifadə etməsini təmin etməkdir.

– Çoxbilmiş kimi özünü göstərməmək

Söhbət edərkən narahat edən mövzular meydana gətirən davranışlardan biri çoxbilmişlik etməkdir. Çoxbilmiş kimi özünü göstərmək; həmişə öz doğrularını önə çıxararaq, hörmətsiz üslubla danışmaqdır. Belə bir üslubla danışan insanlar, düşündüklərinin əksinə qarşı tərəfdə son dərəcə uzaqlaşdırıcı təəssürat yaradarlar.

– Başqalarına da danışma haqqı vermək

Danışan bir adamı sözünü kəsmədən, nəzakətlə sonuna qədər dinləmək, dediklərini anlamağa çalışmaq Allahın razılığını qazandıracağı ümid edilən gözəl rəftarlardan biridir. Bu rəftar, natiqə və söylədiklərinə qarşı hörmətin bir göstəricisidir. Ancaq “məcbur edici şəkildə, həmişə vurğulu tonda danışanlar hörmətli, əla insanlardır” məntiqi də olduqca səhvdir. Əksinə səsini yüksəldərək, başqasının sözünü kəsən, yanındakılara danışma haqqı tanımayan insanların bu davranışı, cəhalətin göstəricisidir. Bir müddət sonra yanındakılara danışma haqqı verməyən və onları susduran bir adamla danışmaq, söhbətdən daha çox əziyyətə çevrilə bilər. Həmin anda yanındakıların susması isə, o adamı dinlədiklərinin və əhəmiyyət verdiklərinin deyil, ümumiyyətlə artıq bu mərhələdən sonra ona dözdüklərinin bir göstəricisidir.

– Nəfsini ön plana çıxardacaq sözlərdən qaçmaq

Bir çox söhbət mühitində insanların danışana qulaq asmamaları, bir-birlərinin sözünü dinləməmələri, eyni anda müzakirə edərək danışmaları alışılmış vəziyyətdir. Xüsusilə televiziya efirində bəzi müzakirə proqramlarında bunun nümunələrinə tez-tez rast gəlmək olar. Hər biri öz sahəsində mütəxəssisləşmiş kəslər belə bəzən nəzakətdən və hörmətdən tamamilə uzaq bir üslub sərgiləyə bilməkdədirlər. Bu cür insanlar, bir-birlərinin izah etdiklərindən istifadə etmək yerinə, qürurlu bir üslubla öz sözlərini dinlədib qəbul etdirməyə çalışarlar.

Müsəlmanların isə özlərini ön plana çıxarmaq, son sözü demək kimi eqoist məqsədləri yoxdur. Buna görə də, üslubları etidallı və sakitdir. Quran əxlaqından qaynaqlanan nəzakət anlayışları ilə prioriteti hər zaman bir-birlərinə tanıyar, bir-birlərinin izah etdiklərindən ən yaxşı şəkildə istifadə etməyə çalışarlar.

– Uzun cümlələrdən, təkrarlardan qaçmaq

Danışarkən çox uzun cümlələr qurmaq qarşı tərəfi narahat edər. Danışıq arasında boşluq buraxaraq, qarşı tərəfin əgər varsa fikrinin alınması şəklində olması lazımdır. Sözü alan adamın da eyni şəkildə cümlələri təkrarlamadan, uzun danışmamağa diqqət yetirməsi əhəmiyyətlidir.

– Mülayim səs tonu istifadə etmək

Söhbət əsnasında edilən vacib səhvlərdən biri də, istifadə edilən səs tonudur. Bəzi insanlar özlərini haqlı göstərmək, qarşı tərəfi qorxutmaq, razı salmaq və ya susdurub önə çıxmaq üçün yüksək səs tonu ilə danışarlar. Halbuki müsəlmanların səs tonu mülayimdir. Allah Quranda bu mövzunu möminlərə, Hz. Loğmanın oğluna verdiyi öyüdü bildirərək xatırlatmışdır:

Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir. (Loğman surəsi, 19)

– Təmkinli, nəzakətli və hörmətli üslubdan istifadə etmək

Möminlər gözəl əxlaqın tələbi olaraq danışığında son dərəcə “təmkinli və hörmətli üslub istifadə edərlər”. Qarşılarındakı adamın yaşı, mədəniyyət səviyyəsi, zəka ya da ağıl səviyyəsi, varlı ya da kasıb olması onların bu üslubunu dəyişdirməz. Rəbbimizin Quranda bildirdiyi “…Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.” (Yusif surəsi, 76) ayəsindəki kimi təvazökar və qarşılarındakı insanların düşüncələrinə dəyər verərlər.

– Din və dini mentalitetlə əlaqədar danışarkən

Söhbət əsnasında diqqət edilməyən ən dəhşətli səhvlərdən biri də din və dini mentalitetlə əlaqədar edilən zarafatlar, lağlağı danışıqlardır. Əgər söhbət əsnasında kimsə bu şəkildə danışarsa, o adamın sözü dərhal kəsilməli, hörmətə uyğun olmayan bu zarafatın səhvi bu adama izah edilməli və xəbərdar edilməlidir. Belə bir zarafat ya da lağlağı sözlər qarşısında gülmək, eyni səhvə ortaq olmaq mənasını verəcəyi üçün, bütün müsəlmanlar belə bir hərəkətə dərhal etiraz etməli, bu narahatlığı çox açıq və qəti formada ifadə etməlidirlər. Allah Nisa surəsində iman edənlərə bu şəkildə əmr edir:

(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaqdır. (Nisa surəsi, 140)

Din və dini mentalitet ilə əlaqədar zarafatlar etmək, yenə bu mövzuda lətifələr deyərək nalayiq danışmaq, cənnət və cəhənnəm ilə əlaqədar lətifələr demək bir növ dinsizlik təbliğatıdır. Və bütün müsəlmanlar da belə səhvə ortaq olmaqdan qəti şəkildə uzaq olmalıdırlar. Allah Quran ayələrində ancaq iman etməyən insanların din və dini mentalitet ilə lağ etdiklərini bildirməkdədir:

Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan: “Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq”, – deyərlər. De ki: “Allaha, Onun ayələrinə və Peyğəmbərinəmi istehza edirsiniz?” (Tövbə surəsi, 65)

Elə buna görə də, müsəlmanlar bu cür üsluba diqqət etdikləri kimi, hörmətə uyğun olmayan üslubdan istifadə edənlərə də, açıq şəkildə etiraz edərək narahat olduqlarını dilə gətirməli və onları səmimiyyətlə xəbərdar etməlidirlər. Çünki Quran əxlaqına uyğun olan davranış budur.

– Ən gözəl qarşılığı vermək

Möminlər Quran əxlaqını, Allahın razılığını qazana bilmək üçün yaşayarlar. Qarşılarındakı insanları müstəqil varlıq olaraq düşünüb, hər birinə ayrı formada yaxınlaşsalar, Quran əxlaqını lazımi şəkildə yaşaya bilməyəcəklərini bilirlər. Buna görə də, qarşılaşdıqları hər insanın, dünya həyatında Allahın onlar üçün yaratdığı imtahanın bir parçası olduğunu və İslam əxlaqını təmsil etməyi dərk edərək hərəkət edərlər. Hər insanın sözünə ən gözəl şəkildə cavab verməyə çalışarlar. Quranda möminlərin bu əxlaqı belə bildirilmişdir:

Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)