Quranda cümə namazı yoxdur

Quranda cümə günü qılınan namaz Cümə surəsindəki ayələrdə keçir

Quranda cümə günü qılınan namaz Cümə surəsindəki ayələrdə keçir. Yəni cümə namazı deyə bir namaz yoxdur. Cümə günü qılınan namaz var. Cümə surəsinin 9-cu ayəsindən bilinir ki, çağırış günorta çağı edilir (fəcr vaxtı və ya işa vaxtı kimsə alış-veriş etmir). Cümə surəsi 10-cu ayəsi də bu dediyimi dəstəkləyir. Yəni cümə günü qılınan namaz orta namaz olan salat-əl vusta namazıdır. Buradan da aydın olur ki, normal günlərdəki qılınan namazla cümə günü qılınan namazın heç bir ritual fərqi yoxdur. Xristianlar Bazar günü kilsəyə toplaşır, Musəvilər şənbə günü sinaqoqa, müsəlmanlarda Cümə günü məscidə toplaşma əmridir.

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Cümə surəsi, 9)

Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız! (Cümə surəsi, 10)

Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Cümə surəsi, 11)

Bu ayələrə görə:

  • Cümə günü namaza çağırılanda iş-güc atılıb namaza gedilməlidir.
  • Namazı qılandan sonra hərə yenidən öz işinə qayıtmalıdır.
  • Cümə günü qılınan namaza ancaq kişilər gedə bilər deyə də bir əmr yoxdur. Ayədə ümumi “Ey iman gətirənlər” deyə xitab edilir.
  • Cümə 9-dan anlayırıq ki, namaza ancaq Allahı zikr etmək üçün toplanırıq, dindən, qurandan əlavə xurafatlardan, siyasətdən danışmaq üçün yox. Allahı zikir etmək üçün yerin-göyün yaradılışı barəsində təfəkkür etməklə, iman həqiqətlərindən danışmaqla və s. bu kimi mövzularla da Allahın zikri həyata keçə bilər.

Quranda vaxt namazı yəni hər gün 3 vaxt (səhər, günorta və axşam) namazdan başqa namaz əmr edilməmişdir.