Quranda “Biz” xitabı

Allah Quranın bir çox yerində Öz zatı üçün “Biz” ifadəsindən istifadə edir

Allah Quranın bir çox yerində Öz zatı üçün “Biz” ifadəsindən istifadə edir. Buna nümunə olan bir neçə ayə belədir:

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrayıl ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (Bəqərə surəsi, 87)

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. (Bəqərə surəsi, 130)

Ağlını işlətməyən bəziləri, Quranda Allahın Öz zatı üçün istifadə etdiyi “Biz” xitabının çoxluq mənasında istifadə edildiyini zənn edərək, öz aləmlərində bu sözün istifadə edilməsinin Allahdan başqa ilah olmaması ilə ziddiyyət göstərdiyini iddia edirlər. Beləcə, öz aləmlərində çox böyük bir həqiqəti tapdıqlarını zənn edərlər. Halbuki, olduqca səthi və cahil bir yanaşmadan qaynaqlanan bu səhvin şərhi çox sadədir.

Ərəbcədə “biz” əvəzliyi təkcə çoxluq mənasını bildirmək üçün deyil, böyüklük, heybət, əzəmət, ucalıq, üstün məqam və mövqeni qeyd etmək məqsədiylə tək şəxslər üçün də istifadə edilə bilər. Quranda Allah üçün istifadə edilən “Biz” sözü də bu mənada istifadə edilmişdir.

“Biz” sözünün ərəb dilindəki bu istifadəsindəki məntiq, azərbaycan dili və digər bir çox xarici dildə “siz” sözünün, çoxluğu ifadə etmək üçün deyil, qarşıdakı bir adam üçün nəzakət məqsədilə istifadə edilməsinə bənzər bir məntiqdir.

Allahın Quranda bildirdiyi həqiqət, Allahdan başqa heç bir ilahın olmadığı və yalnız Ona qulluq edilməsi lazım olduğudur. Quranın bir çox ayəsində Allahdan başqa ilah olmadığı həqiqəti dəfələrlə qeyd olunur, bu ayələrdən bəziləri belədir:

Həqiqətən, bu, həqiqi bir hekayətdir. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 62)

De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur”. (Sad surəsi, 65)

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur… (Məhəmməd surəsi, 19)

Buna görə də, Quranın bir çox yerində Allahın zatı üçün istifadə edilən “Biz” sözünün çoxluq mənasında istifadə olunmadığı, ucaltmaq, möhtərəmlik və müqəddəslik ifadə etmək üçün istifadə olunduğu məlumdur.

Bu sözün istifadə edilməsindəki hikməti başa düşmək üçün ərəb dilindəki xüsusi istifadəni bilməyə belə ehtiyac yoxdur. Azacıq ağlını işlətmə və düşünmə qabiliyyəti olan hər kəs bu sözün seçilməsindəki incəliyi asanlıqla görə bilər. Bunu öz aləmlərində bir müəmma, etiraz olaraq görənlərin vəziyyəti, Quran ayələri haqqında mübahisə edənlərin ağıl, qavrayış və zəka səviyyələrinin azlığını göstərməsi baxımından əhəmiyyətli bir nümunədir.