Quranda bəhs edilən “öndə gələnlər” kimlərdir?

Elçilər öz qövmlərini Allahın dininə dəvət etdikdə, hər qövmün içərisində onlara qarşı çıxan, fəaliyyətlərini əngəlləməyə çalışan və iman edən insanlara çətinlik törədən bir qrup olmuşdur. Quranda bu insanların adətən həmin cəmiyyətin öndə gələnləri olduqları bildirilir. Çünki onlar yaşadıqları cəmiyyət daxilində var-dövlət, nüfuz və vəzifə sahibi olan şəxslərdir. Bu insanların Allahın elçilərinə qarşı çıxmalarının və azğınlıq göstərmələrinin əsas səbəbi sahib olduqları dünyəvi imkanları, nüfuz və etibarlarını itirmək qorxusudur. Quranda bu cür insanların hər dövrdə mövcud olduqları belə xəbər verilir:

Beləliklə, hər bir məmləkətdə günahkarları öndərlər etdik ki, orada hiyləli işlər görsünlər. Halbuki onlar yalnız özlərinə qarşı hiylə edirlər, ancaq (bunu) hiss etmirlər. (Ənam surəsi, 123)

Əslində isə bu insanlar da tamamilə Allahın yaratdığı taleyə tabe olan və möminlərin üstünlüyünün ortaya çıxması üçün Allahın yaratdığı şəxslərdir. Quranda bildirildiyi kimi, Allah onların qurduqları planların nəticəsini öz əleyhlərinə çevirmiş, sahib olduqları nemətləri hələ dünyada ikən əllərindən almış və bunlara möminləri varis etmişdir.

Allah Misirdə böyük güc və mövqe sahibi olan Firon və onun ətrafındakı öndə gələnlərlə hz. Musa və onunla birlikdə olan möminlərin mübarizəsinin nəticəsini belə bildirir:

Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (Əraf surəsi, 137)

Beləcə, onları (Firon və ordusunu) bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və dəyərli yerdən (çıxartdıq). Beləcə, İsrail oğullarını oraların varisi etdik. (Şuəra surəsi, 57-59)

Allahın bütün möminləri əhatə edən bu ümumi qanunu başqa bir ayədə belə açıqlanır:

Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” – deyə yazmışdıq. (Ənbiya surəsi, 105)

Qövmlərin öndə gələn inkarçıları isə tövbə edib davranışlarını dəyişmədikləri təqdirdə, axirətdə qaçılmaz və şiddətli bir əzabla qarşılaşacaqlar.