Quranda axirətdə hesab verərkən insanların dərilərinin, eşitmə və görmə orqanlarının danışacağı bildirilirmi?

Bəli. Quranda, hesab günündə inkar edən insanların eşitmə və görmə orqanlarının, həmçinin dərilərinin onların əleyhinə şahidlik edəcəyi bildirilir. Dünya həyatında gizlətdiklərini və ya heç kimin bilmədiyini düşündükləri bütün əməllər həmin gün aşkara çıxacaqdır. Eşitmə, görmə orqanlarının və dərilərinin danışması ilə etdikləri hər şey öz əleyhlərinə dəlil olacaqdır.

Əlbəttə ki, Allah insanların dünyada etdikləri gizli və aşkar bütün əməllərə şahiddir. Lakin həmin gün Allah bu həqiqətləri insanların öz üzvlərinin dili ilə təsdiqlətdirəcək və onları öz əməllərinə qarşı şahid edəcəkdir. Bu, Allah üçün son dərəcə asandır. Dünyada insanın dilini danışdıran Allah, axirətdə də onun dərisini, gözlərini və qulaqlarını danışdırmağa qadirdir.

Quranda bu hadisə belə xəbər verilir:

O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar. Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” – deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. İlk dəfə sizi O yaratdı və Ona qaytarılırsınız”, – deyə cavab verəcəklər. Halbuki siz nə qulaqlarınızın, nə gözlərinizin, nə də dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə, Allahın sizin əməllərinizin çoxundan bixəbər olduğunu zənn edirdiniz. (Fussilət surəsi, 19-22)