Quranda “ataların dini” ifadəsi ilə nə nəzərdə tutulur?

Quranda İslam dininin hökmləri və bir möminin necə bir həyat sürməli olduğu təfərrüatı ilə təsvir edilmişdir. “Ataların dini” ifadəsi ilə isə Quran hökmlərindən kənar, müəyyən qaydalara əsaslanan, keçmişdən gələn vərdişlərə və ya şifahi məlumatlara söykənən uydurma bir inanc sistemi nəzərdə tutulur. Quranda və hədislərdə heç bir yeri olmayan batil inanc və ayinlərin mənbəyi məhz bu “ataların dini”dir.

Cahiliyyə cəmiyyətlərində “ataların batil dini”nə tabe olaraq yaşayan insanlara tez-tez rast gəlinir. Bu cəmiyyətlərdə insanlar müxtəlif hərəkətləri nə üçün etdikləri barədə düşünmədən, ata-babalarından öyrəndikləri şəkildə tətbiq edir və dinən bəyənilən bir iş gördüklərini zənn edirlər. Əslində, onlar Allahın rizasını qazanmağa deyil, keçmişdən onlara miras qalmış təhrif olunmuş sistemi yaşatmağa çalışırlar. Bu barədə Quranda hz. İbrahimin qövmündən bir nümunə verilmişdir:

(Ey elçi!) Onlara İbrahimin hekayəsini də danış! Bir zamanlar o, atasına və qövmünə: “Siz nəyə ibadət edirsiniz?” – demişdi. Onlar da: “Biz bütlərə ibadət edir və (gün boyu) onlara sitayiş etməyə davam edirik!” – demişdilər. O demişdi: “Dua etdiyiniz zaman onlar sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verə bilirlərmi?” Onlar: “Xeyr, ancaq atalarımızın belə etdiyini görmüşük!” – demişdilər. İbrahim demişdi: “Elə isə, heç düşündünüzmü nəyə ibadət edirsiniz – Siz və əcdadınız? Şübhəsiz ki, aləmlərin Rəbbindən başqaları (bütlər) mənim düşmənimdir. O məni yaratdı və doğru yola yönəltdi. O məni yedirir və içirir. Xəstələndiyim zaman O mənə şəfa verir. O məni öldürəcək, sonra da dirildəcəkdir. Onun axirət günü xətalarımı bağışlayacağını ümid edirəm. (Şuəra surəsi, 69-82)

Ayələrdən göründüyü kimi, hz. İbrahim qövmünün batil dinindən uzaqlaşmış, yalnız Allaha yönəlmiş və qövmünə də Allahın tək İlah olduğunu, tabe olunmalı yeganə dinin Allahın dini olduğunu təbliğ etmişdir.

Elçilərin əksəriyyəti göndərildikləri qövmlər tərəfindən atalarının dinlərinə qarşı çıxmaqda, bu dini məhv etməyə çalışmaqda ittiham olunmuş, dövrlərində qüvvədə olan təhrif edilmiş dinin mənsubları tərəfindən təzyiq və təhdidlərə məruz qalmışlar. Bununla bağlı ayələrdən bəziləri belədir:

Onlar dedilər: “Bizi atalarımızın yolundan döndərəsiniz və yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman edəsi deyilik”. (Yunis surəsi, 78)

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” – deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?! (Loğman surəsi, 21)

Xeyr! Onlar: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, – deyirlər. (Zuxruf surəsi, 22)