“İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik”. (Ənam surəsi, 86) ayəsində bildirildiyi kimi, peyğəmbərlər Allahın seçdiyi və bütün insanlar arasında üstün etdiyi kimsələrdir. Allah peyğəmbərlərinə Öz dərgahından xüsusi bir elm vermiş, onları mələkləri ilə dəstəkləmiş və cənnəti ilə müjdələmişdir. Peyğəmbərlər hər dövrdə Allahın dinini təbliğ etməklə vəzifələndirilmiş, insanlara Allahın vəhyini çatdırmış və onları haqq dini yaşamağa dəvət etmişlər. Hansı çətinliklərlə qarşılaşsalar da, bu mövzudakı qətiyyətlərindən heç bir şəkildə güzəştə getməmiş, şövqlə və səbirlə mübarizələrini davam etdirmişlər. Allahın seçdiyi və göstərdikləri üstün iman və əxlaq anlayışı ilə seçilən peyğəmbərlər, şübhəsiz ki, bütün möminlərin səmimi hörmət və sevgi ilə bağlandıqları insanlardır. Quranda Allaha olan sədaqətindən təriflə bəhs edilən Peyğəmbərimiz (s.ə.v.) Allahın ayədə bildirdiyi kimi möminlər üçün “öz nəfslərindən daha yaxındır” (Əhzab surəsi, 6).
Buna görə də bütün möminlər peyğəmbərlərə qarşı qəlblərində böyük ehtiram və hörmət bəsləyərlər. Qəlblərindəki bu hörməti necə ifadə etməli olduqları isə Quranda belə açıqlanmışdır:
Allaha və Rəsuluna iman edəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz. (Fəth surəsi, 9)
Peyğəmbərlərə göstərilən bu hörmətin gündəlik həyatda necə yaşanacağı Quranın Hücurat surəsində müxtəlif nümunələrlə izah edilmişdir. Möminlərə Peyğəmbərimizin (s.ə.v.) olduğu yerdə “yemək vaxtını gözləməmələri”, “qapıların arxasından ona səslənməmələri”, “səslərini onun səsindən yüksək çıxarmamaları”, “bir-birlərinə bağırdıqları kimi ona bağırmamaları” və danışarkən “elçinin hüzurunda önə keçməmələri” kimi məsələlər xatırladılaraq bu hörmətin necə olmalı olduğu bildirilmişdir.
Bununla yanaşı, Peyğəmbərimizin (s.ə.v.) dövründə yaşayanlar kimi, ondan sonra gələn bütün möminlər də eyni hörmət anlayışını qəlblərində yaşatmağa davam edərlər. Onlar Peyğəmbərimizə (s.ə.v.) olan dərin hörmətlərini, “Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır”. (Əhzab surəsi, 21) ayəsində də bildirildiyi kimi, bütün davranışlarında onu nümunə götürərək və bütün söhbətlərində onu tərif və ehtiramla anaraq ifadə etməyə çalışarlar.
Digər peyğəmbərlər haqqında isə Allah belə buyurmuşdur:
Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən elçilərə verilənlərə iman etmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!” (Bəqərə surəsi, 136)
Ayədən də aydın olduğu kimi, digər peyğəmbərlərə də oxşar hörmət göstərməliyik. Necə ki, Allah başqa bir ayəsində belə buyurur:
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman edənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, – demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, – deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir! (Mumtəhənə surəsi, 4)

