(Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Allahın ayədə açıq şəkildə bildirdiyi kimi, hər şeyi müfəssəl izah edən Quranı xurafatçılar əsla kifayət hesab etməyiblər. Çünki onlar Quranın göstərdiyi yolu öz batil dini inanclarına uyğun görmürlər. Elə buna görə də tarix boyu bir çoxları iddia ediblər ki, Quranın hökmləri kafi deyil və şərhə ehtiyacı var (Quranı tənzih edirik). Buradan da belə bir fikir formalaşdırıblar ki, Quranı yalnız hədislər vasitəsilə anlamaq mümkündür.
Belə bir açıqlama verək: hədislər Peyğəmbərimizin (səv) sözləri olaraq bu günə qədər gələn izahlardır. Bir qismi səhihdir, yəni Peyğəmbərin dediyi həqiqi sözlərdir. Bir qismi zamanla uydurulmuş, bir qisminin isə mənası dəyişdirilmişdir. Bir hədisin, həqiqətən, Peyğəmbərimizin sözü və ya əməli olduğunu anlamağın iki yolu var: Quranla üst-üstə düşməsi və gerçəkləşməsi. Qurana zidd olan söz və ya əməlin Peyğəmbərimizə (səv) aid olduğunu iddia etmək isə birbaşa ona böhtan atmaq deməkdir. Çünki Peyğəmbərimiz (səv) yalnız Qurana tabe olmuşdur.
Quranı ancaq hədislərlə anlamaq məntiqi İslam dünyasına böyük zərərlər vermişdir. Çünki bu məntiqlə hərəkət edən müsəlmanların çoxu din adından uydurulan hədislərə tabe olmağa başlamışdılar. Hətta müəyyən müddət sonra Quranı kənara qoyub ancaq həmin hədisləri dinlərinin qaynağına çevirmişdilər. Uydurma hədislər Quran ayələrinə uyğun gəlməyəndə isə o hədislərin ayələrin hökmlərini nəsh etdiyini (hökmdən qaldırdığını) deməyə belə cürət etmişdilər. Beləliklə, yüzlərlə uydurma hədisdən qaynaqlanan müxtəlif dinlər inkişaf etmiş, İslam dinində bir çox mövzuda bir-birindən fərqlənən dörd ayrı məzhəb ortaya çıxmışdır. Məzhəb alimləri isə özlərinə müsəlman demiş, fəqət hamısı fərqli şeyləri müdafiə etmişdilər. Hətta bir-birilərinin dindən çıxdığını belə düşünmüşdülər. İslam alimlərinin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (səv) Quranda uca Allaha belə şikayət edir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30)

