Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl bir davranış forması deyil, eyni zamanda Allahın fərz qıldığı əməldir. Ayənin ardında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmasına səbəb ola bilər.
Quran Allahın sözüdür. Buna görə də Allaha göstərilməli hörmət Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə Allahın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quranı hər kəs ana dilində oxumalı və oxuduğunu düşünərək təfəkkür etməlidir. Digər ayələrlə müqayisə etməli və zəmanəyə görə analiz etməlidir. Quran ayələri digər ayələrlə təfsir edilir. Ona görə də Quranı elmi kitab kimi araşdıraraq oxumaq gərək, bütün mövzulara hakim olmaq lazımdır. www.ayeaxtar.com saytında mövzulara görə ayələri oxuya bilərsiniz.
Hər insan bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın səsli dinlənilməsi bəzi cahil insanların nəzərində mühüm bir ibadət və təqva əlaməti sayılır. Halbuki Quran hörmətlə, hər bir kəlməsi qəlbən diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək “üstün və şərəfli” sözdür. Quranı anlamadığımız dildə oxumaq və ya dinləmək savab olmadığı kimi eyni zamanda hörmətsizlik olduğuna görə günahdır. Allah bizə oxuyub Quran əxlaqını öyrənib əməl etməmiz üçün kitab göndərdi. Buna ciddi əməl edilməli və bütün quranı çox yaxşı araşdırmaq və hər mövzu haqqında yaxşı öyrənmək lazımdır.

