Allahın Quranda tərif etdiyi müsəlmanlıq anlayışında insanın dini hökmləri qeyd-şərtsiz qəbul etməsi, ancaq Allaha iman gətirməsi və Ondan başqa yol göstərici tanımaması, həyatının hər anında Allahın göstərdiyi və razı olduğu şəkildə yaşaması əsasdır. Bu cür iman və əxlaq anlayışına malik insan yaşadığı cəmiyyətin din adından irəli sürdüyü ziddiyyətli, batil inancların, əcdadlarından öyrəndiyi dini biliklərin ardınca kor-koranə getməz. Həm Quranın Allah qatından haqq kitab olduğunu qəbul edib, həm də “atalarından qalma” Qurandan kənar həyat fəlsəfəsinə tabe olmaz. Tək ölçü və yol kimi ancaq Quranı və Peyğəmbərimizin həyat tərzini mənimsəyər.
Quranda bir çox ayədə həqiqi müsəlmanların yaşadıqları cəmiyyətin batil dinlərindən ayrılıb şirk qoşmadan Allaha və Qurana tabe olduğundan bəhs edilir.
Quranda da bildirildiyi kimi, xalis din ancaq Allahındır. Allah Ona qulluq edənlərə din olaraq İslamı seçib bəyənmiş və Quranı insanlara yolgöstərici rəhbər kimi nazil etmişdir. Yeganə doğru haqq yol Allahın yoludur. Allahın Quranda bildirdiyi yollardan başqa bütün yollar batildir və ancaq xurafata, bidətə və zənnə əsaslanır. Qurana üz tutanların necə düşünmələri, davranmaları, danışıq üslubları, ibadət formaları və fərz hökmləri açıq şəkildə bildirilmişdir.
Ona görə, həyatının məqsədi Allaha qul olmaq, Onun rizasını qazanmaq üçün yaxşı əməllər etmək və cənnətə layiq qul olmaq üçün həqiqi iman sahibləri özlərinə yolgöstərici mənbə kimi Quranı ölçü qəbul edirlər. Bütün düşüncələrini Quranla dəyərləndirirlər. Quranın bütün hökmlərinə ciddi şəkildə əməl edirlər. Habelə bilik, təcrübə, sosial səviyyəsinə baxmayaraq, insanın üz tutduğu yeganə mənbə Qurandır. Belə ki, Allah “Zumər” surəsinin 36-cı ayəsində: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” – deyir. Ona görə də insan ancaq Quranı yeganə ölçü qəbul etdikdə, Allahın əmrlərini dəqiq yerinə yetirdikdə, hər an Onun rizasını qazanmaq üçün saleh əməllər etdikdə Allah dərgahında gözəl mükafata ümid bəsləyə bilər.

