Quran müsəlmanlığı yaşanarkən belə qorxunc və sevgisiz görüntülər ortaya çıxmaz

İslamda radikalizmə yer yoxdur

Mənası sülh və rifah olan “İslam” sözünün radikalizm kimi vəhşi və qorxunc bir zehniyyətlə birlikdə işlədilməsi, həqiqətən də, yanlış və ziddiyyətlidir. Belə ki, İslamın yeganə güvənilən mənbəyi olan Quranda radikalizmə heç bir əsas tapmaq mümkün deyildir. Əksinə, Quran ayələri inanc və düşüncə azadlığını hazırki müasir cəmiyyətlərdə olduğundan daha yüksək səviyyədə müdafiə edir. Quran çox açıq şəkildə İslamda məcburiyyət olmadığını bildirir (2/256) və başqasının dininə qarışmağa heç bir qaydada icazə vermir (109/4-6).

Quranda təzyiq, şiddət, terror bir yana qalsın, inanc və ibadətlərə müdaxilə mövzusunda ən kiçik məcburiyyət belə tətbiq edilməməsi buyurulmuşdur. Quran inananlara onların yalnız xəbərdaredici olduqlarını və insanlar üzərində güc sahibi olmadıqlarını bildirir. (88/21-22, 50/45)

Lakin bu gün İslam dünyasının böyük hissəsi bilmədən də olsa, Quranı tərk etmiş və onun əvəzinə Qurana tamamilə zidd olan, xurafatçı din modelini yaşamağa başlamışlar. Onlar qədim qəbilə mədəniyyətlərindən qalan adət-ənənələri, alim hesab etdikləri müxtəlif səmimiyyətsiz “din adamları”nın Qurana zidd izahlarını, haqsız yerə Peyğəmbərimizə isnad edilən uydurma rəvayətləri və çoxlu sayda xurafatları İslamiyyət sanaraq mənimsəyib tətbiq edirlər.

Allahın Qurandakı “bir günahsız insanı öldürməyi bütün insanlığı öldürməyə bərabər tutan” (Maidə surəsi, 32) hökmünə baxmayaraq, İslam adı altında kamikadze halına gəlmək bəhs edilən cəmiyyətin Qurandan uzaq yaşadığının dəlillərindən biridir. Bu düşüncədəki bir insanın özü ilə birlikdə onlarla günahsız insanı qətl edərək cənnətə girməyi gözləməsindəki ziddiyyətin mənbəyi yenə də Qurandan uzaq olan bu xurafatçı din anlayışıdır.

Məhz bu səbəblərə görə, Qurandan uzaq və cəhalət içində yaşayan cəmiyyətlərin qlobal istismarçı sistem tərəfindən radikalizmə sürüklənməsi, hər cür provokasiya, manipulyasiya və siyasi oyuna alət edilməsi heç də çətin olmur. Bu cəmiyyətlər istismarçı sistemin başında dayanan bir sıra qüvvələr tərəfindən dünyanın yenidən formalaşdırılmasında nə etdiklərini dərk etmədən sanki oyuncaq kimi istifadə edilirlər.